• Şb. Noy 23rd, 2024

SİYASİ İRADƏNİN TƏCƏSSÜMÜ

Byyenigun

Dek 14, 2021

“Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi ilə diqqətlə tanış olmuşuq. Bu mühüm sənəd ölkədə medianın inkişafına xidmət edən önəmli təşəbbüs. Tarixi qələbəmizlə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir. Media islahatları və onun əsas tərkib hissəsi olan “Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir.
Dövrün tələbləri ilə media islahatları və onun əsas tərkib hissəsi olan “Media haqqında” yeni qanunun qəbul edilməsinə həqiqətən böyük ehtiyac var. 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi dəfələrlə dəyişdirilib və müasir çağırışlarla uzlaşmır. Bir neçə gündür ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi geniş müzakirə olunur.
Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. Qanun həm də dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə xidmət edəcək.
“Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir. Qanun layihəsinin mahiyyəti və həssaslığı nəzərə alınmaqla, layihənin hazırlanması prosesində çoxsaylı media nümayəndələri və ekspertləri ilə fikir mübadiləsi aparılmış, 800-yə yaxın media subyekti, jurnalist və ekspertlə layihənin müzakirəsi təşkil olunmuşdur.
Ölkəmizdə hazırda söz və mətbuat azadlığı üçün bütün imkanlar var. Kim istəsə icazəsiz qəzet, jurnal, agentlik, internet saytı aça bilir. İstənilən şəxsin hansısa yayım orqanında və ya sosial şəbəkələrdə fikrini ictimailəşdirmək imkanları var. Bu imkanlardan kimin necə istifadə etməsi isə, cəmiyyətin, fərdlərin problemidir. Qanun sosial şəbəkələrin və blogerlərin fəaliyyətini tənzimləmir. Həmçinin, “vətəndaş jurnalistikası” adlandırılan və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət bu Qanunun təsir dairəsinə daxil deyil. İnternet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər. Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur.
Nəzərdə tutulan məsələlərdə biri də, bütün dünyada olduğu kimi, bizdə də Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunmasıdır. Əsil jurnalistlərin ümumi bir reyestri olması məqsədəuyğun hesab edilir. Son vaxtlar geniş yayılmış və sayı sürətlə artan internet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər.
Aydın Hüseynov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir