• Şb. Noy 23rd, 2024

JURNALİSTLƏRİN FƏALİYYƏTİNİ DÖVRÜN TƏLƏBƏLƏRİNƏ YÖNƏLDƏN TƏCRÜBƏ

Byyenigun

Dek 14, 2021

“Media haqqında” qanun layihəsi Azərbaycanda indiyədək tətbiq edilməmiş yeniliklərlə zəngindir. Vətən müharibəsindən sonra ölkəmizdə dövlət-cəmiyyət, dövlət-media, media-cəmiyyət münasibətlərində də yaranmış yeni reallıqlar bu sahənin qanunvericilik bazasının yenilənməsinə də böyük təlabat yaratmışdı. Azərbaycanın yeni “Media haqqında” qanun layihəsi məhz məsuliyyətli medianın inkişafına təkan verəcək mütərəqqi qanun layihəsi kimi xarakterizə olunur.
Media ictimai rəyə ciddi təsir edən, dövlət siyasətini ictimai müzakirəyə çıxaran, cəmiyyəti informasiya ilə təmin edən, maariflənməyə xidmət göstərən əsas ictimai institut olduğundan onun əhəmiyyəti son dərəcə vacibdir. Məlum olduğu kimi, Azərbaycanda 5000-ə yaxın media vasitəsi qeydiyyatdan keçdiyi halda ortalıqda normal fəaliyyət göstərən maksimum 50 ciddi və peşəkar media vasitəsi var. Bəzi məlumatlara görə, Azərbaycanda 60-70 min nəfər cibində jurnalist vəsiqəsi gəzdirir, jurnalistika ilə məşğul olanların sayı isə uzağı 5 min nəfər olar. Media haqqında Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcəkdir. Media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək, media subyektlərinin bir-birlərindən xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq, xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcəkdir.
Layihədə təsbit olunan “jurnalist” anlayışı xidməti müqavilə əsasında işləyən jurnalistləri də əhatə etmişdir. Jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllü xarakter daşıyır. Agentlik tərəfindən verilən jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə bilər. Jurnalistlər üçün vahid formalı vəsiqələrin tətbiq edilməsi də müsbət amildir. Bu vəsiqələri alan jurnalistlər dövlət orqanları, müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən akkreditasiya olunmaq imtiyazı da qazanacaq. Media subyektlərinin işçilərinin və jurnalistlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı da nəzərdə tutulur. Yeni qanun layihəsi həm də KİV-lərin peşəkarlaşmasını stimullaşdıracaq. Hərbi və fövqəladə vəziyyət hallarında davranış standartları, insanların şəxsi həyatına müdaxilənin yolverilməzliyi, təhqir və böhtanın qarşısının alınması, müəllif hüquqlarının qorunması və sair halların hamısı detallı şəkildə layihədə əksini tapıb.
Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcəkdir. İnformasiyaya dair tələblərin müəyyənləşdirilməsi, eyni zamanda ciddi medianın yaralı yeri olan müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdıracaqdır. Media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək, media subyektlərinin bir-birlərindən xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq, xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcəkdir.
Samirə Əmrahova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir