• C. Noy 22nd, 2024

TARİXİ GEOSİYASİ ADDIMLAR

Byyenigun

Dek 25, 2021

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, ölkəmizin maraqlarına cavab verən və tam müstəqil siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində söz sahibi olmasına, mövqeyinin möhkəmlənməsinə, nüfuzunun davamlı şəkildə artmasına səbəb olub. Azərbaycanın Avropa İtifaqı ilə münasibətləri də çox yüksək səviyyədədir. Prezidentin İtaliyanın “İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibəsindən göründüyü kimi, dövlətimizin başçısı Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqlar, bunun region ölkələri üçün perspektivləri, geosiyasi və geoiqtisadi əhəmiyyəti barədə ətraflı şərh verib. Aydın görünür ki, yeni reallıq regionun inkişafına əlavə stimul olacaq yeni əməkdaşlıq formatları müəyyən edir. Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda yeni fəal əməkdaşlıq imkanları yaranır. Bu, tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində xeyli əhəmiyyətli addımdır. Artıq reallığa çevrilən Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin əsas hissəsini təşkil edəcək və bütün region üçün yeni inkişaf imkanları açacaq. Bu isə o deməkdir ki, Azərbaycanın sözü beynəlxalq miqyasda eşidilir.
Azərbaycan 44 gün ərzində əraziləri azad edənə kimi 28 il ərzində fəaliyyət göstərdi. Minsk qrupunun fəaliyyəti uğursuz idi. Əgər Minsk qrupunun həmsədrləri – dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi. Azərbaycan xalqı Minsk qrupu üçlüyünün daimi səfərlərindən yorulmuşdu. 20 ildən çox fəaliyyət göstərən Minsk qrupunun nəticəsi sıfıra bərabərdir. Ermənistanı Azərbaycan ərazilərini tərk etməyə və BMT Təhlükəsizlik Şurasının bunu tələb edən qətnamələrinə əməl etməyə yola gətirmək və ya məcbur etmək üçün yeganə yol Ermənistana qarşı sanksiyalar tətbiq etmək idi. Müəyyən hallarda bu sanksiyalar digər ölkələrə qarşı tətbiq olunur, lakin Ermənistana qarşı yox. Yenə də ikili standartlar, yenə də ədalətsiz yanaşma. Rəsmi İrəvanın məsuliyyətsiz bəyanatlarına Minsk qrupu reaksiya vermədi. Onlar hətta bu bəyanatı pisləmədilər. Əlbəttə ki, bu cür davranış yalnız Ermənistanı danışıqlar masasında mövqeyini möhkəmləndirməyə və işğalı sonsuz etməyə cəsarətləndirdi. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Avropa İttifaqının səyləri böyük əhəmiyyətə malikdir.
Ermənistan tərəfindən dərhal həyata keçiriləcək fəaliyyətə dair mühüm qərarlar qəbul edildi ki, dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verilsin. Lakin çox vacib Bəyanatın bu hissəsinin icrası olduqca ləng gedir. Azərbaycan isə artıq işlərə başlayıb və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır.
Beləliklə, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu strateji hədəflərə çatmaq üçün istər beynəlxalq səviyyədə, istər regional səviyyədə, istərsə də ölkə daxilində məqsədyönlü və düşünülmüş siyasət həyata keçirərək Azərbaycanın dünya miqyasında aparıcı ölkə kimi qəbul edilməsinə nail oldu.
Ələsgər Mirzəzadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir