Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi Bakının Ermənistana beş maddədən ibarət təklif verməsinin məqsədlərini açıqlayıb.
“Report”un Türkiyə bürosunun məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyi təklif edir.
“Ermənistana irəli sürülən beş maddəlik təklifin əsas fəlsəfəsi ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsi başa çatandan, yəni 30 illik işğala son qoyulandan, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan dövlətinin bu səhifəni bağlamağa hazır olduğunu bildirmişdi. Belə olan təqdirdə Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyə hazırlığını bəyan etmişdi. Bu mesaj Ermənistana təxminən bir il bundan əvvəl verilmişdi. Bir il ərzində bir neçə dəfə bu təklif gündəmə gətirilib.
Azərbaycan beynəlxalq münasibətlərin məsuliyyətli üzvüdür. Biz həm ikitərəfli münasibətlərin inkişaf etməsində, həm də daha geniş mənada bölgədə sülh, inkişaf və tərəqqinin təmin edilməsi üçün qonşu ölkələr arasında münasibətlərin qurulmasında maraqlıyıq. İndiki vəziyyət, yəni Azərbaycanla Ermənistan arasında faktiki olaraq münasibətlərin, əlaqələrin olmaması, düşmənçiliyin saxlanması nə Azərbaycan, nə Ermənistan, nə də region üçün fayda gətirən deyil. Bundan irəli gələrək Azərbaycan bu addımı atdı. Bir ilə yaxın müddət ərzində Azərbaycan Ermənistandan heç bir konkret cavab almayıb. Bu məsələdə Azərbaycan tərəfi olaraq növbəti addımı atıb xoş niyyətimizi göstərdik”, – nazir vurğulayıb.