Təəssüf ki, siyasət meydanında təkcə öz xalqının, öz dövlətinin maraqlarını qorumaq, siyasi təşəbbüslərin dinc inkişafa yönəlməsini təmin etmək əqidəsinə sahib “siyasətçi”lər mövcud deyil. Müəyyən destruktiv qüvvələrin oyuncağı olmağı, onların yönləndirməsi və sifarişləri ilə ilk fürsətdə süni gərginlik yaratmağa çalışmağı özünə peşə bilənlər də siyasi arenada at oynatmağa çalışırlar…
Qonşu Rusiyada isə bu cür siyasətdən uzaq “siyasətçi”lərin sayı getdikcə artır. Onlar ən kiçik məqamda belə ortaya çıxaraq öz şəxsi – iyrənc və ifrat millətçi fikirlərini dövlətlərarası münasibətlərə təsir göstərmək üçün istifadə etməyə çalışırlar.
Üstəlik, sanki xüsusi parametrlə cavab verəcək şəkildə seçilən bu şəxslər nədənsə öz sərsəm çıxışlarının da sərhədini müəyyən edə bilməyən, necə deyərlər “gözünü yumub, ağzını açan” simalar kimi xarakterizə oluna bilər.
Elə Rusiya Dövlət Dumasının keçmiş deputatı Aleksandr Şerin də yuxarıda qeyd olunan və müəyyən dairələrin alətinə çevrilmiş “siyasətçi”lərdəndir.
O, ötən gün verdiyi müsahibədə ölkəmizə qarşı əsassız ittihamlar səsləndirməyə və bir növ Azərbaycanı hədələməyə cəhd edib. Erməniyönümlü, şovinist “siyasətçi” öz çıxışı ilə əsl simasını növbəti dəfə ortaya qoyub, Türkiyə və Azərbaycana qarşı “şəxsi fikirləri” ilə dövlətlərarası münasibətlərdə süni gərginlik yaratmaq kampaniyasına qoşulub.
Artıq bu kampaniyanın proksi-ekspertlərinə lazımı cavab istər Azərbaycan, istərsə də Rusiyanın rəsmi dairələri tərəfindən verilib. Rusiya rəsmi şəkildə bu cür “siyasətçi”lərin cəfəng bəyanatlarının qəbuledilməz olduğunu vurğulayıb, Azərbaycan isə Delyaginin şəxsində məsələyə hətta hüquqi qiymət də verib.
Aleksandr Şerinə gəldikdə isə keçmiş deputat olan bu “siyasətçi”nin fikirləri istənilən halda rəsmi mövqe hesab oluna bilməz. Ancaq yenə də ona bir sıra xatırlatmalar edərək, kiçik bir dərs vermək gərəklidir.
İlk növbədə qeyd edək ki, Aleksandr Şerinin Azərbaycanın Türkiyə ilə yaxınlığından narahat olub, həmçinin Türkiyənin Rusiya ilə heç zaman dost olmadığını və olmayacağını vurğulayıb.
Ancaq dövlətlərarası münasibətlər Şerinin cəfəng fikirlərinin tam əksi istiqamətində inkişaf edir və son dövrlər Türkiyənin regionun qüdrətli ölkəsi kimi Rusiya ilə münasibətlərini əhəmiyyətli dərəcədə inkişaf etdirdiyi müşahidə olunur. Elə Rusiya dövləti üçün də Türkiyə A.Şerinin sərsəm bəyanatındakı kimi “düşmən” deyil, etibarlı tərəfdaş kimi qəbul olunur.
Məsələnin digər tərəfi isə A.Şerinin açıq şəkildə ermənipərəst mövqeyini ortaya qoymasıdır. Görünür A.Şerin Ermənistanın sadəcə Rusiyanın təbəəsi olduğunu düşünən tək-tük “siyasətçi”lərdən biri olaraq qalmaqla deputatlığı kimi siyasi fikir və mülahizələrini də keçmişdə saxlayıb və real mənzərədən tamamilə xəbərsizdir.
Ermənistanın sərf edən Qərbə meyl etməsini, Sorosla sıx əlaqələrini görməyən və ya xidmət etdiyi dairələr tərəfindən görməməsi istənilən bu keçmiş deputat həddini xeyli aşaraq Rusiya dövlətinin Azərbaycanla müharibədə ermənilərin yanında durmalı olduğu fikrini də dilinə gətirə bilib.
Adının əvvəlinə “siyasətçi” fikrini qoyan bu şəxs həm də beynəlxalq hüquq və Rusiya dövlətinin hüquqi öhdəlik və prinsiplərindən də bixəbər görüntü yaradır. Əks halda öz dövlətinə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri ilə bağlı sərsəm “tövsiyə” etməz, işğalçını dəstəkləməyin lazım olması kimi cinayət tərkibi daşıyan və terror mahiyyəti daşıya biləcək bir fikri dilinə gətirməzdi. Bunu isə birmənalı şəkildə Rusiya dövlətinə xəyanət adlandırmaq mümkündür.
Çünki ermənipərəst, şovinist A.Şerin guya yüksək siyasi zəka və uzaqgörənlik nümayiş etdirdiyi bir çıxışında öz dövlətinə xüsusən Qərblə münasibətlərin olduqca ağır vəziyyətdə olduğu bir zamanda bu cür tövsiyə verməzdi.
Heç bir halda bu mövqeyi bölüşməyən Rusiya dövləti də “siyasətçi”nin destruktiv fikirlərinin daşıdığı təhlükəni diqqətdə saxlamalıdır. Əgər bu siyasətçi bu gün xidmət etdiyi dairələrin maraqları naminə Rusiya dövlətini ermənilərin güdazına verməyə cəhd göstərə bilirsə, keçmiş deputatın fəaliyyəti bəlkə də, Rusiya xüsusi xidmət orqanlarının da araşdırma mövzusuna çevrilməlidir…
Azərbaycan üçün isə önəmli olan dövlətlərarası münasibətlərin real mənzərəsidir. Hansısa kənar qüvvələrin əlaltısı olan “ekspert” və “siyasətçi”lərin çıxışları sadəcə bu münasibətlərə kölgə salmaq və süni gərginlik yaradaraq bundan öz xeyrinə istifadə etmək niyyəti daşıyır. Bu niyyətlərinə nail olmadıqlarını görən, Azərbaycana qarşı əsassız hücumlarına hər dəfə tutarlı cavabla qarşılaşan A.Şerin kimi “siyasətçi”lər isə uğursuzluğa sadəcə məhkumdurlar…
Orxan Tağıyev