Türkiyənin “Haber Global” telekanalının əldə etdiyi məxfi məlumatlarla ermənilərin dörd ədəd “Su-30” tipli döyüş təyyarəsini martın 25-dən Ukraynada istifadə olunmaq üçün Rusiyaya göndərməsini ifşa etməsi İrəvan üçün ağır zərbəyə çevrildi.
Paytaxt İrəvanda müntəzəm keçirilən aksiyalarla da Rusiyanın başlatdığı müharibəyə tam dəstək verən Ermənistan gizli qalacağını düşündüyü bu iyrənc əməlinin ifşasından sonra isə Qərblə Rusiya arasında qalıb desək, yanılmarıq.
Əslində, ikiüzlü siyasət yürüdən Ermənistan Rusiyaya yaltaqlanmaq xəttini də davam etdirib, lakin “Su-30”larla bağlı vəziyyət onu bu dəfə Qərbdəki ağaları qarşısında çətin vəziyyətə salıb. Odur ki, İrəvanda artıq digər bir istiqamətdə yaltaqlanmaq üçün mümkün olan bütün tədbirlərə əl atılması “məsləhət bilinib”.
Mahiyyət etibarı ilə dövlətçiliyi şərti xarakter daşıyan Ermənistan hər fürsətdə öz vassal kimliyini ortaya qoyur, himayə altında yaşamağa məhkum olduğunu açıq şəkildə nümayiş etdirir. Sadəcə, İrəvan bu məqamda özü üçün “böyük qardaşı” (əslində – ağasını) seçməkdə heç də xəsis davranmır. Sərf edəndə Rusiya, hansısa xeyri güdəndə Qərb, bəzən isə qısa zaman kəsiyində hər ikisi…
Elə “Haber Global”ın hazırladığı bircə yazı belə, Ermənistanın dövlətçilikdən kənar, tamamilə vassal kimliyini ortaya qoymağa kifayət edib.
Qərbdəki potensial ağalarını itirməkdən qorxan Ermənistan “Su-30”larla bağlı kiçik bir nümayiş təşkil etməklə özünü təmizə çıxarmağa cəhd edib. İrəvanın Ukraynaya qarşı müharibədə birbaşa iştirakını təkzib etmək üçün Ermənistandakı bazalardan birində “Su-30” tipli təyyarələr Qərb ölkələrinin hərbi attaşelərinə sərgilənib, yəni “təyyarələr buradadır, göndərməmişik”. Bununla ermənilər Rusiyaya görə Qərbdəki himayədarlarını itirmək niyyətində olmadıqlarını göstəriblər.
Ermənistanın Rusiyaya “Su-30” təyyarələrini pilotları ilə birlikdə göndərməsi faktının ifşasından sonra İrəvanın hiyləyə əl atması və Suriyadan gətirilmiş müvafiq təyyarələrlə onların yerini doldurması faktı da artıq dünya ictimaiyyətinin diqqət mərkəzinə gətirilib. Odur ki, Ermənistanın Qərb ölkələrinin hərbi attaşelərinə nümayiş etdirdiyi təyyarələrin məhz “Su-30”lar olması şübhə doğurmur, ancaq onların Rusiyaya göndərilmiş təyyarələr olmadığı da gün kimi aydın, təkzibolunmaz fakt olaraq qalır.
Yəni ermənilər dünya siyasətində düşdükləri aciz vəziyyəti aradan qaldırmaq üçün növbəti dəfə özlərini gülünc vəziyyətə salıblar. Eyni zamanda öz vassallıq prinsiplərini və istənilən an, istənilən “müttəfiqi” arxadan vurmaq potensiallarını ortaya qoyublar.
Məsələ burasındadır ki, Ermənistanın Rusiyaya göstərdiyi “köməyə” görə qorxuya düşməsi bu cür zəif və asılı ölkə üçün olduqca normal haldır. Çünki müharibədə birbaşa dəstəyə görə hətta ən kiçik sanksiya və təzyiqlərlə üzləşməsi belə, Ermənistan üçün ölümcül xarakter daşıya bilər.
Ancaq Ermənistanın hərbi-siyasi rəhbərliyi hansısa aerodromda sərgilənən tamaşa ilə bu faktı təkzib etməyin mümkün olmayacağını anlamamaqla birlikdə, həm də bu mənzərə ilə Rusiyanın qəzəbini üzərinə çəkəcəyini proqnozlaşdıra bilməyib.
Təsəvvür edin, Ermənistan Rusiyaya gerçəkdən göstərdiyi “yardım”ı təkzib etmək və özünü təmizə çıxarmaq üçün bu ölkənin istehsalı olan silahları onun birbaşa rəqibi və hazırda münasibətlərində kəskinliyin pik həddə çatdığı Qərb ölkələrinin hərbçilərinə nümayiş etdirir. Yəni Qərbi itirməmək üçün Rusiyanın maraqlarını qurban verməkdən çəkinmir.
Məhz Ermənistanın yürütdüyü bu məkrli və ikiüzlü siyasət onun bir dövlət kimi formalaşmasını mümkünsüz edir. Ermənistan dünyada nə sözünə etibar edilən tərəfdaş, nə də güclü müttəfiq imicinə sahib ola bilir, hətta bu anlayışların hər birindən milyon dəfələrlə uzaqlaşır.
Çıxılmaz vəziyyətə düşən və himayəsiz qalacağını hiss edən Ermənistanın Qərbə Rusiyanın hərbi texnikalarına “baxış” imkanı yaratması isə iddia etdikləri “strateji müttəfiq” adına birbaşa xəyanət mahiyyəti daşıyır.
Həm Rusiyada, həm də Qərbdə Ermənistanın sadiqliyinin şübhə altında olması bəllidir, yəni əslində hər iki tərəf İrəvanın iç üzünü gözəl bilir, odur ki, bu vəziyyətdə Ermənistanın özünü təmizə çıxartmaq cəhdləri də sadəcə axmaqlıqdır. Bu axmaqlığı da axmaq formada icra etməyə isə ad vermək olduqca çətindir…
Hər halda “Su-30” hadisəsi Ermənistanı tarixə saldı: bir yazı ilə “dövlətçiliyi” sual altına düşən ölkə kimi…
Orxan Tağıyev