Rusiya Kiyev vilayətindən qoşunlarını geri çəksə də, Qərbin koordinasiyalı işləyən kəşfiyyatı bu sual üzərində baş sındırır – görəsən yenidən Kiyevə hücum mümkündürmü?
Nəzəri baxımdan bu suala ehtimal vermək olar, amma Rusiya ordusunun özünə gəlməsi üçün zaman lazımdır, üstəgəl Ukrayna Kiyevə edilən hücumları təhlil edərək boşluqları doldurur, bununla da Rusiyanın yenidən hücumu praktiki baxımdan çətinləşir.
Ukrayna isə başı üzərindəki qara bulud topasını dağıda bilməyib, digər regionlarda döyüşlər davam edir və tərəflər yüksək səviyyəli danışıqlara qədər masada əllərini gücləndirməkdən ötrü döyüşə atılırlar.
Qəribədir, sülh üçün aparılan döyüşdə biri təcavüz edən, digəri işğala məruz qalandır.
Ukraynadakı müharibə isə beynəlxalq gündəmə daha ağrılı mövzuları gətirir, yəni, Rusiyanın bundan sonra dinc dayanmayacağı və Qərblə qarşıdurma səviyyəsinin daha da şiddətlənəcəyi gözlənilir.
Arktika regionundakı dövlətlərin (ABŞ, Kanada, Danimarka, Norveç, İsveç, Finlandiya) Ukrayna müharibəsi fonunda Rusiya ilə əməkdaşlığı dayandırması Moskvanın qəzəbini artırır, hərçənd ki, Qərb bu regionu Rusiyadan gələn geosiyasi təhdidlərdən qorumaq məqsədləri güdür.
Qlobal səhnədə Arktika nisbətən sakit olub və ciddi qarşıdurmadan uzaq məkan roluna sahiblənib.
Ukraynadakı müharibə isə münaqişənin buzlu Arktikaya sıçrama potensialını gündəliyə gətirir və zorakılıqlardan, barıt qoxusundan uzaq olan bu region müharibə teatrına çevrilə bilər.
Arktika uğrunda strateji rəqabət indi eskalasiya riskini gücləndirir, Rusiya Şimal dənizindəki və Barents dənizindəki hər hansı hərəkətliliyi ciddi təhlükə kimi görəcək.
Arktika uğrundakı siyasi savaş Çin amilini də önə çıxarır, çünki hazırda rəsmi Pekin Rusiyanın Akrtikadakı enerji əməliyyatlarında əsas xarici investora çevrilə bilib.
Bu isə Qərbdə Arktikanın gələcək təhlükəsizliyinə yenidən baxmağı təhrik edir, axı Rusiya ilə Çinin Arktikadakı artan əməkdaşlığı Qərbə qarşı yeni cəbhə ola bilər.
Arktik regionunda hərarəti qaldıran digər addım İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəməsidir, Moskva bunu sərhədləri yaxınlığında özünə qarşı yönələn təhlükəli oyun kimi qiymətləndirir.
Ukrayna müharibəsinin gedişatında İsveç və Finlandiyanın NATO-ya üzvlüyü real görünmür, çünki NATO ağıllı davranaraq yeni silahlı münaqişə ocağı yaratmaq xəttinə girişmir.
Çünki bilir ki, Rusiya Ukraynada məğlub olsa belə, NATO-ya dair baxışından əl çəkməyəcək.
Rusiyanın labirint içərisindəki genişlənmə planı hələ Kremlin strateji lövhəsindən kənarlaşmayıb, ona görə də, Qərb Çin amilini də nəzərə alaraq ehtiyatlı duruşa keçəcək.
Aqşin Kərimov