Ermənistan hakimiyyəti müxalifət sayılan dəstə ilə birlikdə beynəlxalq ictimai rəyi çaş-baş salmağa çalışırlar. Aprelin 5-də İrəvanda keçirilən mitinq də bunu deməyə əsas verir. Qeyd edək ki, ötən gün İrəvanda Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın iştirakı ilə aksiya olub. Onlar bu gün keçiriləcək Brüssel görüşü öncəsi şou təşkil ediblər.
Ermənistanın bəzi informasiya vasitələri bunu “həmrəylik” kimi ictimai rəyə sırımağa cəhd göstəriblər. Onlar hesab edirlər ki, “Qarabağ məsələsi”ndə Ermənistan iqtidarı ilə müxalifəti arasında konsensus yaranıb. İştirakçılar “Qarabağın təhlükəsizliyi”ndən və s. bu kimi “məsələlər”dən bəhs ediblər.
Əslində, görüşqabağı İrəvanda oynanılan “tamaşa” nəyə xidmət edir? Ermənistan hakimiyyəti bununla cəmiyyətinin “Qarabağ məsələsi”ndə vahid mövqe nümayiş etdirdiyini göstərməyə çalışır. Ancaq mitinqdə Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan və Robert Koçaryanın iştirak etməməsi rəsmi İrəvanın “vahid mövqe” ilə bağlı illüziyaya qapıldığını, bu təbliğatın əsassız olduğunu təsdiqləyir.
Adətən, Ermənistanda müxalifətin aksiyalarının qarşısı hakimiyyət tərəfindən alınır. Ancaq bu dəfə heç bir addım atılmadı. Əksinə, mitinqin keçirilməsinə hakimiyyət özü belə yardım edib, yer ayırdı. Bu onu deməyə əsas verir ki, Nikol Paşinyan “müxalifət” sayılanlara mitinqlə bağlı “yaşıl işıq” yandırıb. Ona görə də belə ehtimal etmək olar ki, hökumət başçısı bununla beynəlxalq ictimaiyyətin irəli sürəcəyi təklifləri indidən bloklamağa çalışır. Başqa sözlə, bəhs etdiyimiz mitinqdəki çıxışları “əsas” göstərərək erməni haray-həşiri ilə xalq “belə deyir, belə tələb edir” kimi ritorik ifadələrdən yararlanacaq. Bununla da görüşdə pozuculuqla məşğul olacaq.
Beynəlxalq ictimaiyyət tərəflərdən 2020-ci il noyabrın 10-da qəbul olunan bəyanatın icrasını gözləyir. Ermənistan isə üzərinə götürdüyü öhdəliklərə əməl etməkdənsə, yenidən pozuculuq mövqeyi nümayişə etdirməklə regionun təhlükəsizliyini təhdid edir. Nikol Paşinyan Brüssel görüşü qabağı təşkil etdiyi mitinqlə bölgədə, ikitərəfli münasibətlərdə gərginliyi artırır. Bununla da rəsmi İrəvanın ənənəvi taktikasını davam etdirir.
Xatırladaq ki, ABŞ-ın Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı olub. O, tərəflər arasında danışıqlara münasibət bildirib. Dövlət katibi Rusiyanın Ukraynada törətdiklərini pisləyib. Blinken Azərbaycan və Ermənistanı təmkinli olmağa, gərginliyi azaltmağa və diplomatik danışıqları yeniləməyə çağırıb.
O, indiki şəraitdə regionda gərginliyə yer olmadığını söyləyib. Entoni Blinken aprelin 6-da keçiriləcək görüşü dəstəklədiklərini də vurğulayıb. Blinkenin telefon danışığı da beynəlxalq ictimaiyyətin gərginliyin deyil, sabitliyin və danışıqların tərəfdarı olduqlarını bir daha bəyan edir. Rusiya Prezidenti Vladimir Putin də Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla telefonla danışıb. Tərəflər regiondakı vəziyyəti müzakirə ediblər. Yeri gəlmişkən, ötən ilin dekabrında Brüsseldə keçirilən görüşdən öncə də Vladimir Putin Prezident İlham Əliyev və Nikol Paşinyanla telefonla danışmışdı.
Belə düşünmək olar ki, Rusiya lideri builki danışıqlarda tərəflərə görüşdə uğurlar arzulayıb və ABŞ-ın Dövlət katibi kimi, o da bu prosesi dəstəklədiyini bildirib. Ancaq aprelin 5-də İrəvanda keçirilən mitinq bu səmimiyyətin üzərinə kölgə salır. Çünki Robert Koçaryanın başçılıq etdiyi “Hayastan” bloku, Serj Sarqsyanın, eləcə də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın “Azadlıq” meydanında keçirilən son mitinqdə iştirakı şübhələri artırır. Belə ehtimal etməyə əsas verir ki, Ermənistan hökuməti müxalifətlə bir yerdə həm də Qərbdəki havadarlarının tapşırığını yerinə yetirirlər.
Ermənistanın siyasi ideoloqları və havadarları bu ölkənin mövcudluğu və gələcəyinin az qala qondarma “Qarabağ məsələsi” üzərində qurublar. Bu yanlışlıq həm də regionda sülhü, təhlükəsizliyi və əməkdaşlığı təhdid edir. Rəsmi İrəvan əvvəllər olduğu kimi, yenə də bu uydurma məsələdən istifadə etməklə öz vəziyyətini yaxşılaşdırmağa çalışır. Başqa tərəfdən isə danışıqlar prosesini əngəlləməklə vaxt udmağa səy göstərir. Ancaq bu istiqamətdə vaxtın uzanması daha çox Ermənistanın əleyhinə işləyir. O, xarici havadarlardan bir az daha asılı vəziyyətə düşür.
Ermənistan hökuməti və bu ölkənin havadarları “Qarabağ problemi” adlı qondarma məsələnin 44 günə həll edildiyini bilirlər. Bu prosesin dönməz olduğundan da xəbərdardırlar. Odur ki, bu istiqamətdə Ermənistanın revanş cəhdləri yersiz görünür. Mövcud şəraitdə gərginliyin azalması üçün dövlət sərhədlərinin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin imzalanması istiqamətində məsələlərin müzakirəsi daha doğru addım sayılır. Ancaq Nikol Paşinyan ölkədaxili problemlərdən yayınmaq və üzərlərinə düşən öhdəlikləri yerinə yetirməkdən qaçmaq üçün “mitinq” tamaşası təşkil edir.
Ötən il dekabrın 14-də Brüsseldə Prezident İlham Əliyevlə görüşündə Nikol Paşinyan zərbə almışdı. Artıq onlar “yazıq erməni obrazının göz yaşları” ilə dünyanı aldada bilmirlər. Aprelin 5-dəki mitinq Azərbaycan ərazisinin işğalına çağırışdır. Qərb hazırda Ukraynanın ərazi bütövlüyü və suverenliyini müdafiə edir.
Yaranmış belə bir şəraitdə rəsmi İrəvanın Azərbaycan torpaqlarına yenidən göz dikməsi, onun daxili işinə müdaxilə beynəlxalq hüququn, onun normalarının, BMT Nizamnaməsinin pozulmasına cəhddir. Nikol Paşinyan təşkil etdiyi mitinq şousu ilə bunu göstərir. Əslində, rəsmi İrəvanın havadarlarının vəd etdiyi xülyalardan ayrılıb, reallığı 2020-ci il noyabrın 10-dakı kimi qəbul etməsi daha məntiqlidir.
Ermənistan hakimiyyəti real vəziyyətdən çıxış etməkdənsə, Qarabağda mənasız “humanitar fəlakət”dən söhbət açır. Burada elə “fəlakət” varsa, o zaman müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşən Rusiyanın sülhməramlıları nə işlə məşğuldurlar? Belə çıxır, rəsmi İrəvan Rusiya sülhməramlılarına da etibar etmir.
Beləliklə, Brüssel görüşü öncəsi Paşinyanın rejissorluq etdiyi mitinq tamaşasının mahiyyətini aşağıdakı kimi də ümumiləşdirmək mümkündür:
– Paşinyan ölkədə düşməkdə olan nüfuzunu artırmaq üçün Qarabağ məsələsindən istifadə etməyə çalışır;
– Baş nazir Ermənistan vətəndaşlarına sosial, iqtisadi sahədə verdiyi vədlərə əməl edə bilmədiyindən cəmiyyətin fikrini başqa istiqamətə yönəldir;
– Hökumət başçısı beynəlxalq öhdəliklərə əməl etməmək üçün “erməni xalqı” adından istifadə etməklə görüşqabağı əlini gücləndirir;
– Paşinyan Cənubi Qafqazda təhlükəsizliyin və əmin-amanlığın yaranmasına mane olmağa cəhd göstərir. Bu yolla beynəlxalq ictimaiyyəti təhdid edir;
– Müxalifətlə iqtidarın eyni uydurma ssenari ilə hərəkət etməsi Ermənistanda siyasətin Qarabağ kartı üzərində qurulduğunu bir daha təsdiqləyir və s.
Ukraynada hərbi əməliyyatlar getdiyi şəraitdə tərəflər görüşür, danışır və müzakirə aparırlar. Bu, deməyə əsas verir ki, hətta müharibə edən tərəflər belə danışığa meyillidirlər. Azərbaycanla Ermənistan arasında etimadın yaranması üçün də dialoq vacibdir. Təəssüf ki, Ermənistanın tutduğu mövqe, o cümlədən beynəlxalq tədbir qabağı keçirilən “mitinq” şousu ilə gərginliyi artırır, regionda pozuculuq fəaliyyətini davam etdirir.
Mənbə: “Report” İnformasiya Agentliyi