Aprelin 6-da Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar baş tutdu.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən görüş perspektiv üçün pozitiv impulslar ötürür.
Üçtərəfli görüş 4 saatdan artıq davam edib, görünür ki, Azərbaycan və Ermənistan liderləri dövlətlərarası münasibətlərin normallaşması üçün reseptlər və açıq qalan məsələlərin həllinə dair postulatlar üzərində dərin, hərtərəfli müzakirə aparıblar. Bu mənada, müzakirələrin gərgin atmosferdə keçdiyini deyə bilərik, amma bu, pərdəarxası məqamda Nikol Paşinyanın hansısa yeni güzəştə məcbur edildiyi ilə nəticələnə bilər.
Cənab Mişelin görüşə dair yaydığı bəyanatın ruhu nikbin notlar üzərində köklənib, ancaq sülh sazişinin hazırlanması prosesində Rusiya ilə konfrontasiyaya gedə bilmək riski də nəzərə alınıb, buna görə də bəyanatda 10 noyabr, Soçi bəyanatlarının icrasının vacibliyi önə çəkilib.
Bu, Rusiyanın da vasitəçilik missiyasına vurğudur, prinsipcə burada Azərbaycan üçün təhlükəli sayıla biləcək sərhəd yoxdur və Bakının məsafəli siyasət kursuna uyğundur.
Avropa İttifaqı Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün atdığı addımlarda səmimidir, hərçənd ki, Fransa ara-sıra sürüşkən mövqelərə əsaslanır.
Avropa Birliyi ən çox iqtisadi formatda iştirakını gücləndirir, bu isə onu Rusiya ilə maraq toqquşması səhnəsindən bir qədər uzaqlaşdıran amildir.
Bəyanatda iki yeni istiqamət sülhyaratma prosesinin rahat zəminlər üzərində həyata keçirilməsinə ümidləri artırır:
Birinci, Azərbaycanın və Ermənistanın xarici işlər nazirliklərinin sülh müqaviləsi üzərində işləyəcəyinə dair razılığın əldə olunmasıdır. Bu bəndin şifrəsini “sındırsaq”, “artıq diplomatik müzakirələrdə gərginlik özünün dərəcəsini azaldıb” mənasını çıxara bilərik.
İkinci məsələ, Soçi bəyanatının icrasını qaranlıqdan işığa çıxarmaq üçün Qərbin siyasi mərkəzində sərhədlə bağlı əldə edilən razılaşmadır.
Razılaşmaya əsasən, Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiya, demarkasiyasının reallaşması üçün Birgə Sərhəd Komissiyası çağırılır.
Ancaq Avropa İttifaqı sərhədlərin müəyyənləşməsi prosesində kəmiyyətcə də olsa, təravətli düsturlar təklif edir ki, bu da gedişatda Qərb-Rusiya rəqabətini neytrallaşdırır.
Məsələ sərhədlərə dair mübahisə yaradan məqamları 2 xətt üzrə həllini tapmasından ibarətdir.
Soçi bəyanatından fərqli olaraq, bunun üçün konkret düstur ən azından açıq mətnə köçürülür ki, bunun özü də müsbət irəliləyişdir.
Birinci istiqamət Birgə Sərhəd Komissiyasının yaradılmasına dair konkret vaxtın təsbit olunmasıdır, Soçi bəyanatında isə bu məqam yox idi.
Bu Komissiya aprelin sonunadək Soçi bəyanatında nəzərdə tutulan ikitərəfli Komissiyaya dair tezis üzərində formalaşdırılacaq.
Digər xətt isə Komissiyanın mandatının müəyyənləşməsi formuludur.
Komissiyanın mandatı sərhəd müəyyənləşməsini və sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etməkdən ibarət olacaq.
Avropa İttifaqı Azərbaycanın Ermənistan qarşısında tələb etdiyi humanitar çağırışlar qarşısında daha aktivdir, bu, onun postmünaqişə dövründəki yanaşmasında nəzərəçarpacaq dərəcədə gözə dəyir. Budəfəki bəyanata da Avropa İttifaqının humanitar missiyaya dair xoşməramlı məqsədləri köçürülüb.
Bəyanatın ümumi məğzindəki əsas məqam Azərbaycanın ərazi bütövlüyünü şübhə altına ala biləcək ikibaşlı ifadələrə yer verilməməsi, və sülhyaratma gedişatında ATƏT-in Minsk Qrupunun roluna və “Dağlıq Qarabağ” ifadəsinə vurğu edilməməsidir.
Bu yazdıqlarımız üzdə olan bəyanatın incələməsinə əsaslanır, amma bağlı qapılar arxasında, yuxarıda dediyimiz kimi Azərbaycanın şərtləri əsasında başqa razılaşmalar da əldə edilib.
Biz bunu Şarl Mişelin jurnalistlərə verdiyi müsahibədə gizlənən məqamlarda tuta bilərik:
Mişeldən sitat: “Biz ortaq məxrəcə gəlmək, bütün regionda sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün ümid edirəm ki, mümkün qədər tez bir zamanda dayanıqlı razılaşma əldə etmək məqsədilə vacib elementlərin nədən ibarət olduğunu daha yaxşı başa düşürük. Təşəkkür edirəm. Proses başlayıb”.
Detalların açıqlanmaması isə danışıqlar prosesinə zərbə vurmamaq məqsədlərinə xidmət edir.
Görüşə dair yekunu qısa şəkildə belə nəticələndirə bilərik:
1. Görüş hələ açıq qalan məsələlərin həlli demək deyil, ancaq mütləq sülhün təminini sürətləndirmək üçün mühüm əhəmiyyət kəsb etdi,
2. Azərbaycan və Ermənistan xarici siyasət idarələri məhz rəsmi Bakının önə sürdüyü 5 maddəlik baza prinsipi əsasında müzakirələr aparacaq,
3. Brüssel görüşü Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm yaradır,
4. Prosesin ağrılı və ya ağrısız keçməsi Ermənistan siyasi rəhbərliyinin mövqeyindən asılı olacaq. Əgər bundan sonra da, İrəvan nala-mıxa vursa, bu, onun üçün növbəti dəfə təhlükəli sularda üzmək demək olacaq.
Aqşin Kərimov