• Ça. Noy 26th, 2024

Ermənistanın BMT Şurasında təmsilçiliyi insan hüquqlarına sayğısızlıqdır – ŞƏRH

ByYenigun.news

Apr 8, 2022

Ukraynada hərbi əməliyyatlara görə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsi davam edir. Aprelin 7-də rəsmi Moskvanın BMT İnsan Hüquqları Şurasında üzvlüyü dayandırılıb. Qeyd edək ki, 2020-ci il yanvarın 1-nə olan məlumata əsasən, BMT İnsan Hüquqları Şurasının 117 üzvü var. Onların 47-nə üç il müddətinə səlahiyyət verilir. Rusiya dörd illik fasilədən sonra 2020-ci ilin oktyabrında yenidən səlahiyyətli orqana üzv qəbul edilmişdi.

Ötən gün qəbul olunan qətnamədə bildirilib ki, Rusiya Ukrayna ərazisində insan hüquqlarını sistematik və kobud şəkildə pozur. Ukraynanın Buça şəhərində Rusiya hərbçilərinin törətdikləri kütləvi qırğından sonra ABŞ onun Şurada fəaliyyətinin dayandırılması ilə bağlı təşəbbüslə çıxış etmişdi. Bu təklifi Almaniya da daxil olmaqla “Böyük yeddilik” dövlətləri dəstəkləyiblər. Rusiyanın Şuradakı səlahiyyətləri 2022-ci ilin sonunda başa çatmalı idi.

Azərbaycan Buça faciəsini Xocalıda törədilən soyqırımına oxşar sayır. Bu soyqırımını Ermənistan törədib. İrəvan 2020-ci ildə Şərqi Avropadan BMT İnsan Hüquqları Şurasına səlahiyyətli üzv seçilib. Onun bu qurumda fəaliyyəti 2022-ci ildə də davam edəcək. Ermənistan soyqırımı törədən bir dövlətdir. Beynəlxalq təşkilatlar, o cümlədən BMT və Avropa İttifaqı indiyədək bu cinayət əməllərinə görə Ermənistan rəhbərlərinə qarşı heç bir sanksiya tətbiq etməyib.

Yeri gəlmişkən, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı soyqırımı törədilib. Bu cinayət nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib, səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Erməni və rusiyalı hərbçilərin güllələrindən 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1 275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150-sinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Bundan əvvəl, 1992-ci il fevralın 17-də Ermənistan 366-cı motoatıcı alayın hərbi qüvvəsi və texnikası ilə birlikdə Xocavəndin Qaradağlı kəndinə hücum edib. Nəticədə 117 nəfər əsir alınıb, 90-a yaxın mülki şəxs isə qətlə yetirilib. Öldürülənlərdən 21-i ahıl və qoca, onu qadın, səkkizi məktəbli olub. 146 uşaq valideynlərini itirib. Hadisə nəticəsində kənddə 200 yaşayış evi, bir mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Kəndin 800-dək sakini məcburi köçkün vəziyyətinə düşüb. Qətlə yetirilənlərdən bəziləri xüsusi amansızlıqla öldürülüb: kəndin üç sakininin üzərinə dizel yanacağı tökülərək yandırılıb, iki nəfərin isə başı kəsilib.

Ermənistan 1992-ci il aprelin 8-də Kəlbəcərin Ağdaban kəndində də soyqırımı törədib. Bu cinayət nəticəsində ermənilər 130 evdən ibarət Ağdaban kəndini tamamilə yandırıblar. Kəndin 779 nəfər dinc sakininə müxtəlif növ işgəncələr verilib, 67 sakin amansızlıqla qətlə yetirilib, 90-100 yaşlı səkkiz qoca, iki azyaşlı uşaq, yeddi qadın diri-diri yandırılıb.

Ermənistanın Azərbaycan ərazisində dinc sakinlərə və mülki obyektlərə qarşı törətdikləri cəzasız qaldığından cinayətlərini davam etdirib. O, 44 günlük müharibə zamanı Azərbaycanın döyüş bölgələrindən uzaqda yerləşən ərazilərində mülki obyektləri və yaşayış binalarını raket atəşinə tutduğu halda, Ermənistan Şurada üzvlüyünü davam etdirir. Ermənistan 2020-ci il oktyabrın 4-ü, 8-i, 11-i və 17-də Gəncənin mülki obyektlərini atəşə tutub. Ermənistanın mülki obyektlərə və yaşayış binasına raket hücumu nəticəsində 27 nəfər ölüb, 125 nəfər yaralanıb.

Həmin döyüşlər zamanı Ermənistan Gəncə ilə yanaşı, Azərbaycanın Bərdə, Mingəçevir, Goranboy, Tərtər, Ağcabədi və başqa rayonlarına top və raket atıb. Bu arada Vətən müharibəsində Ermənistanın hərbi təcavüzü nəticəsində ümumilikdə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 dinc sakin yaralanıb. Bundan başqa, 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib. Bu kimi cinayətləri törədən bir dövlətin BMT kimi nüfuzlu qurumun İnsan Hüquqları Şurasında səlahiyyətlilərdən biri kimi təmsil olunması bütün beynəlxalq hüquq normalarına və insanlığa qarşıdır.


Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə görə cəzasız qalması onun Suriya və Ukraynada da beynəlxalq hüquqazidd əməl törətməsi iə nəticələnib. Ermənistanın Suriyada Bəşər Əsəd rejiminə yardım göndərməsini o vaxt ABŞ-ın Dövlət Departamenti kəskin tənqid etmişdi: “Dinc sakinləri qətlə yetirən Bəşər Əsəd rejiminə humanitar yardım göndərilməsini, onunla əməkdaşlığı dəstəkləmirik. Bu, Əsəd rejiminin qalmasına yardım etməkdir”.

Ermənistan Silahlı Qüvvələrinə məxsus “Su-30” qırıcılarının Ukraynada dinc sakinləri bombalaması ilə bağlı yayılan xəbərlər də bu ölkənin cinayətkar mahiyyətini bir daha göstərir. Bu ölkənin soyqırımı törətməsini, başqa dövlətin ərazilərini bombalamasını beynəlxalq ictimaiyyətin cəzalandırması gecikir. Ermənistan cəzalanmazsa, 30 il əvvəl Xocalıda, 1 il 5 ay əvvəl Gəncə və başqa şəhərlərdə, 2022-ci ildə isə Ukraynada törətdiyi cinayətləri davam etdirə bilər. Onun cəzalandırılmasının birinci mərhələsi BMT İnsan Hüquqları Şurasında fəaliyyətinin dayandırılmasından başlayır. Çünki onun bu qurumda təmsil olunması insan hüquqlarına hörmətsizlikdir.

Mənbə: “Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir