• Ça. Noy 26th, 2024

Ermənistan hakimiyyəti yolayrıcında vurnuxur: Qərb, yoxsa Rusiya? – ŞƏRH

ByYenigun.news

Apr 8, 2022

Keçmiş SSRİ-nin mövcudluğunun son illərində Ermənistanda keçirilən etiraz aksiyalarında Qərbə inteqrasiyadan daha çox bəhs edilirdi. 1987-ci ilin dekabrında İrəvanda Teatr meydanında keçirilən mitinqdə aparıcı iştirakçılara ənənəvi “yoldaş” deyil, “ledi və centlmen” deyə müraciət edib.

Onda sovet təbliğat maşını bu müraciətə görə erməniləri kəskin tənqid edib və onları “düşmən Qərb”in atributlarından istifadə etdikləri üçün qınayıb. Həmin illərdə Ermənistandakı hərəkat mərkəzdən qaçmaqla Qərbə inteqrasiya xəttini əsas tutmuşdu. Ancaq sonra bu hərəkatın mahiyyətində dəyişikliklər baş verdi. Ermənistandakı hərəkat öz yolundan çıxdı.

Son illər bu ölkədə sanki yenidən o illərə qayıdış baş verir. Ölkə cəmiyyəti daha çox Qərbə inteqrasiyadan bəhs edir. Hətta İrəvanda keçirilən aksiyalarda Rusiya əleyhinə çıxışlar edilir və şüarlar səslənir.

Ermənistanın indiki baş naziri Nikol Paşinyan hakimiyyətə gəlməmişdən əvvəl parlamentdə müxalif deputat kimi dəfələrlə Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı çıxış edib, İrəvanın bu qurumlardan çıxmasının parlamentdə müzakirə olunması təklifini irəli sürüb.

2018-ci ilin aprelində Ermənistanda baş verən dəyişikliklərin aparıcı qüvvəsi və iştirakçıları da NATO-ya, Qərbə inteqrasiya tərəfdarları idi. Həmin qüvvələrin Qərbdəki institutlar tərəfindən maliyyələşdirildikləri də istisna edilmirdi.
 
Qərbin, eləcə də avroatlantik alyansın tərəfdarı olanların fəal iştirakı və dəstəyi nəticəsində Nikol Paşinyanla birlikdə bu düşüncənin daşıyıcıları hakimiyyətə gəldilər. 44 günlük müharibədə Ermənistanın kapitulyasiyasına baxmayaraq, N.Paşinyan növbədənkənar parlament seçkilərində yenidən qalib gəldi. Bu həm də Qərbə üstünlük verənlərin uğuru idi. Həmin siyasi kampaniya sübut elədi ki, Ermənistan cəmiyyəti NATO-ya, Avropaya inteqrasiya tərəfdarıdır.
Ancaq son zamanlar Ermənistanda keçirilən rəy sorğuları fərqli mənzərə ortaya çıxarır.

İrəvan Dövlət Universitetinin yardımı və Konrad Adenauer Fondunun maliyyə dəstəyi ilə SOCIES sosioloji mərkəzi “Ermənistan yolayrıcında: orientasiya, prioritet və xarici siyasətdən gözləntilər” mövzusunda sosioloji rəy sorğusu keçirib.

Respondentlərin 34,1 faizi hesab edib ki, Ermənistanın təhlükəsizliyini NATO hərbi bloku təmin etməlidir. Rəyi soruşulanların 29,1 faizi isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) təhlükəsizlik “çətiri” sayır.
 
Sorğu iştirakçılarından 69,1 faizi hesab edib ki, Ermənistan Rusiya ilə münasibətləri məhdudlaşdırmalı, Avropa İttifaqı və ABŞ-la əlaqələri genişləndirməlidir. Onların 46,1 faizi ölkənin Avropa İttifaqına üzv olmasını istəyib. Respondentlər hesab ediblər ki, Ermənistanla Qərbin əlaqələrinin genişlənməsində başlıca maneə ölkənin Rusiya ilə sıx təmaslarının mövcudluğudur. Respondentlərin 28,7 faizi isə Avrasiya İqtisadi İttifaqının tərəfdarı kimi çıxış edib.

Bununla belə sorğuda iştirak edənlərin 52 faizi hesab edir ki, bütün hallarda Ermənistan üçün Rusiya ilə əməkdaşlıq daha sərfəlidir. Bu istiqamətdə sonrakı yerdə Aİ (49 faiz), ABŞ (41 faiz) və Çin (38) gəlir.

Sorğunun nəticələrindən göründüyü kimi, Ermənistan cəmiyyəti Qərbə, NATO-ya daha çox etibar edir. Rəsmi İrəvan isə bu sosial sifarişə, seçicilərin iradəsinin əleyhinə fəaliyyət göstərir. Qərb, o cümlədən də NATO Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələdə Ermənistanı daha realist olmasına eyham edir. Brüsseldə aprelin 6-da keçirilən üçtərəfli görüş də bunu təsdiqləyir.

2020-ci ilin payızında NATO-nun Baş katibi Yens Stoltenberq bildirmişdi ki, alyans münaqişədə iştirak etmir, ancaq Türkiyəni regionda gərginliyi azaltmaq üçün nüfuzundan istifadə etməyə çağırmışdı.

Ermənistan cəmiyyəti Rusiyadan çox, Qərbə üstünlük verir. 44 günlük müharibədən sonra Nikol Paşinyanın partiyasının yenidən üstünlük qazanması onu da göstərdi ki, Qarabağ Ermənistan cəmiyyəti üçün lazım deyil. Rəy sorğusunun nəticəsi sübut edir ki, erməni cəmiyyəti sabitlik və əməkdaşlıq tərəfdarıdır. Türkiyə ilə sərhədlərin açılmasının onlar tərəfindən dəstəklənməsi də bunu sübut edir.

Bu sorğunun nəticəsi bir daha sübut edir ki, Ermənistanda hakimiyyət yolayrıcındadır. O, xalqın seçimi ilə Rusiya arasında qalıb. Çünki cəmiyyət seçimini artıq edib. O, Qərbi seçib. Nikol Paşinyanın və komandasının xalqın istəyinə qarşı çıxması ölkədəki birlikdə çat yarada bilər. Hakimiyyət qərbmeyilli, NATO tərəfdarı olan seçicilərinin iradəsinin əleyhinə fəaliyətini davam etdirərsə, bu çat böyüyə bilər və bu da yeni qarşıdurma ilə nəticələnər.

Sorğuda qoyulan mövzunun yekunlarına uyğun olaraq deyə bilərik ki, Ermənistan cəmiyyətinin oriyentasiyası Avropa İttifaqına, NATO-ya meyillidir. Bu yola üstünlük verənləri Qərbə aparmaq üçün siyasi qüvvə və iradəyə ehtiyac yaranıb. Bu, Ermənistanı yolayrıcından xilas edər, rəsmi İrəvanın xarici siyasət kursunda qeyri-müəyyənliyə, səbatsızlığa son verər.

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir