• Ç. Noy 27th, 2024

Nurkasım Abuyev: “Rusiyaya qarşı sanksiyaların tətbiqi ölkələrimiz üçün faydalıdır” – MÜSAHİBƏ

ByYenigun.news

Apr 13, 2022

Rusiya Federasiyasına qarşı sanksiyalar və onların həm Rusiyanın özünün, həm də dünyanın digər ölkələrinin iqtisadiyyatına təsiri dünyada ən çox müzakirə olunan mövzulardan biridir. Artıq KİV-də Rusiya Federasiyasının avrobond öhdəliklərini yerinə yetirməməsi barədə vaxtından tez məlumatlar yayılıb. Əslində bu hələ baş verməyib, amma defolt demək olar ki, qaçılmazdır. Bunu əksər iqtisadçılar, o cümlədən rusiyalı iqtisadçılar da etiraf edirlər.

Rusiya Federasiyasının iqtisadiyyatına yeni zərbə isə Rusiyadan enerji resursları idxalından imtina ola bilər. Yeri gəlmişkən, ABŞ Senatı artıq bu addımın lehinə səs verib. Bundan əlavə, Avropa Parlamenti də bu yaxınlarda Rusiyadan enerji resurslarının idxalının dərhal və tamamilə dayandırılmasını tələb edən qətnamə qəbul edib.

Qazaxıstanlı iqtisadçı və sahibkar Nurkasım Abuyev Rusiyaya qarşı sanksiyaların postsovet məkanının neft və qaz hasil edən ölkələri olan Qazaxıstan və Azərbaycana necə təsir edəcəyi ilə bağlı Oxu.Az-la fikirlərini bölüşüb:

– Ölkələrimizin Rusiya ilə əlaqələri mövcuddur, Qazaxıstanın isə üstəlik müqavilələrə əsaslanan iqtisadi münasibətləri var, biz eyni iqtisadi birliyin – AİB-in (Avrasiya İqtisadi Birliyi) üzvləriyik. Qazaxıstan üçün mühüm məsələ məhsullarının satışı və sanksiyaların buna təsir edib-etməyəcəyidir. Və ikinci məqam – biz Rusiya Federasiyasından münasib qiymətə çox şey əldə edirik.

Bir nüans da var ki, Qazaxıstan tengesinin məzənnəsi Rusiya rublundan asılıdır. Fermerlərimiz Rusiyada olduğu kimi, kənd təsərrüfatı məhsullarını yetişdirməkdə davam edirlər. Bu, Sovet İttifaqı dövründən belədir. Rusiya məhsullarının rəqabətədavamlı olmasının qarşısını almaq üçün biz tengeni rubla bağlayırıq.

– O zaman belə demək olar ki, Qazaxıstana Rusiya Federasiyasından sənaye malları almaq daha sərfəli və ucuz başa gəlir?

– İstehsal malları üçün, bəli, bunu demək olar. Biz Rusiyadan böyük həcmdə idxal həyata keçiririk və Rusiyada qiymət aşağı düşərsə, bu, bizim üçün yaxşı hal hesab olunur. Amma bir daha vurğulayım ki, bu, sənaye malları üçün keçərlidir.

Amma kənd təsərrüfatı sahəsində vəziyyət fərqlidir. Yeri gəlmişkən, müəyyən mənada bu, hətta demoqrafik göstəricilərlə də bağlıdır. Ötən əsrin 50-ci illərində əkilməmiş torpaqlar mənimsənilərkən Qazaxıstana kənd təsərrüfatı ilə məşğul olan xalqların nümayəndələri kimi altı milyona yaxın rus, ukraynalı və belarus köçürüldü. 1990-cı illərdə isə çox adam ölkəni tərk etdi. Amma biz qazaxlar taxıl bitkilərinin becərilməsi ilə məşğul olmağa davam etdik. Bu isə bizim üçün çox da sərfəli məhsul növü deyil.

Səbəb nədir? Axı Qazaxıstan taxıl ixrac edir.

– Taxılın maya dəyərinin 70%-ni Qazaxıstanda olmayan maşınqayırma məhsulları təşkil edir. Biz taxıl, kartof, köklü bitkilər yetişdiririk ki, Rusiyada bunlar hamısı var. Və belə çıxır ki, böyük məzənnə fərqi olarsa, Rusiyadan Qazaxıstana şərti “borş dəsti” daha ucuz başa gələcək. Bu isə bizim fermerlərimiz üçün heç sərfəli olmayacaq.

Bizdə əhali sıxlığı azdır – hər kvadrat kilometrə yeddi nəfər düşür. Kənd təsərrüfatı tamamilə dövlət subsidiyalarından asılıdır. Pul xərclənir, amma ortada effekt yoxdur. Biz ticarət apardığımız qonşu ölkələrdə rəqabətədavamlı olan məhsullar istehsal etməliyik.

Məsələnin başqa bir yönü də var ki, biz Azərbaycandan nümunə götürərək Rusiya Federasiyasında çatışmayan cənub məhsullarının yetişdirilməsinə başlaya bilərik. Belə olan halda biz rəqabətədavamlı olacağıq. Çünki Rusiyada böyük bazar var və iqlim soyuq olduğu üçün böyük həcmdə pomidor, xiyar, alma, üzüm, xurma və s. ehtiyac duyulur. Qazaxıstanın cənub bölgəsi bu növ kənd təsərrüfatı məhsullarının hətta istixanalarda belə yetişdirilməsinə imkan verir. Düzdür, bizdə keyfiyyətli xurma yetişmir, Rusiyada isə ələlxüsus. Ən yaxşı xurma isə Azərbaycandadır və mən onu çox sevirəm (gülür – red.).

Qazaxıstanda taxılçılıq sahəsi ilə bağlı qeyd etmək istəyirəm ki, SSRİ dövründə bu, Sovet İttifaqı sənayesini artıq istehsaldan xilas edən dövlət siyasəti idi. Sovet sənayesi çoxlu avadanlıq istehsal etsə də, satışını həyata keçirə bilmirdi. Rusiyada torpaq sahələri son dərəcə səmərəsiz idarə olunan kolxozların əlində idi.

Və bu zaman sovxozların yaradılması üçün torpağın şumlanmasına qərar verildi. Qazaxıstanda bu, iqtisadiyyat baxımından səmərəsiz olsa da, maşınqayırma məhsullarının satışı üçün səmərəli idi.

Yəni Rusiyada, Belarusda, Ukraynada istehsal olunan traktorlar, kombaynlar və s. taxıla çevrilirdi. Taxıl istehsalının özü gəlirsiz olsa da, maşınqayırma zavodlarının gəlirləri hesabına bu çatışmazlıq ödənilirdi. Qazaxıstan müstəqillik əldə etdikdən sonra isə biz neft gəlirləri hesabına bu mənfəət qıtlığını aradan qaldırmağa başladıq. Ona görə də ya maşınqayırma şirkətləri (bizdə yoxdur) taxılımızın istehsalını maliyyələşdirsinlər, ya da biz məhsul istehsalını bizə lazım olan səviyyəyə endirməliyik.

– Rusiya Federasiyasına qarşı sanksiyaların sərtləşdirilməsi mövzusuna davam edək, Qərbə enerji tədarükünün qadağan edilməsi də daxil… Bu halda nə baş verəcək?

– Rusiyada maşınqayırma inkişaf edib, bu faktdır. Və nə qədər qəribə səslənsə də, mənəvi komponenti çıxarsaq, Rusiya Federasiyasında (iqtisadi – red.) vəziyyət nə qədər pis olarsa, biz Rusiya sənaye məhsullarını bir o qədər ucuz əldə edəcəyik. Bu, həmçinin tikinti materiallarına, borulara, keramik plitələrə, ventilyasiya avadanlıqlarına və daha çox şeyə aiddir. Və bu, ölkələrimiz üçün faydalı olacaq. Qazaxıstanda bizim üçün bir çox şeyi Rusiyadan almaq Çindən almaqdan daha sərfəlidir.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir