Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib.
Müşavirədən çıxarış etsək, deyə bilərik ki, qarşıda duran vəzifələr icra edilib.
Nəzərə almaq lazımdır ki, postmüharibə dövründə beynəlxalq ictimaiyyətin Azərbaycana olan marağı daha da artıb. Bu maraq böyük investisiya layihələrində özünü göstərir.
Təkcə bu ilin üç ayında iki böyük investisiya layihəsinə start verilib: söhbət bərpaolunan enerji üzrə iki elektrik stansiyasının təməlinin qoyulmasından gedir.
Kəlbəcər, Laçın rayonlarında külək elektrik stansiyalarının, Cəbrayıl, Zəngilan rayonlarında Günəş Elektrik stansiyalarının potensialı da böyükdür.
Təkcə azad edilmiş torpaqlarda bərpaolunan stansiyaların 9 min meqavatdan çox potensialı var.
Azad edilmiş ərazilərdə keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilib (kisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda Lev çayı üzərində)
Bu il beş stansiya “Azərenerji” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq.
Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri həyata keçirilir.
Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və Baş planlar əsasında işlərə start verilib.
Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planlarının hazırlanması da gözlənilir.
2022-ci ildə ümumilikdə Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramının icrasına 2,2 milyard manat vəsait nəzərdə tutulur.
Mina ilə bağlı çağırışlar
Minalardan təmizlənmə prosesini sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub.
Yeni texnikanın alınması təmin edilir, o cümlədən ən müasir texnika, dronlar və digər müasir cihazlar alınır. ANAMA, Müdafiə Nazirliyinin bölmələri və Fövqəladə Hallar Nazirliyindən başqa prosesə yerli şirkətlər daha geniş miqyasda cəlb olunacaqlar.
Qalan stansiyaların bərpası və ondan sonra işlənməsi sahibkarlar tərəfindən olsa, daha yaxşı olar.
“Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının tikintisi ilə bağlı işlər sürətləndirilməsi qarşıya qoyulan məqsədlərdəndir.
Zəngilandan İran üzərindən Naxçıvana və oradan yenə də İranın enerji sisteminə və Türkiyəyə elektrik xətlərin çəkilişi də gündəlikdə duran məsələlərdəndir.
İqtisadi yüksəlişə dair rəqəmlər
2021-ci ilin ümumi daxili məhsul üzrə nəzərdə tutulan artım artıqlaması ilə icra edilib, 3,4 faizin əvəzinə 5,6 faiz – bu, nəzərdə tutulandan 2,2 faiz artıqdır.
2022-ci ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 6,3 faiz artıqlaması ilə icra olunub və dövlət büdcəsinin gəliri 7 milyard 10 milyon manat təşkil edib.
Daxilolmalar üzrə proqnoz göstəriciləri Dövlət Vergi Xidməti üzrə 23,8 faiz, Dövlət Gömrük Komitəsi xətti ilə isə 23,7 faiz üstələməklə icra edilib.
Dövlət Vergi Xidməti üzrə proqnozların artıqlaması ilə icra edilməsinin böyük hissəsi – 90 faizə yaxın hissəsi qeyri-neft sektoru üzrə gəlirlərin artması ilə bağlıdır.
Sosial sığorta haqları üzrə 961 milyon manat proqnoza qarşı 1 milyard 41 milyon manat icra təmin edilib.
Ümumi daxili məhsulun 6,8 faiz artımı postpandemiya dövrünə böyük nailiyyətdir. Qeyri-neft iqtisadiyyatı 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım 4 faizdir.
Qeyri-neft sənaye istehsalında 18 faizdən çox artım var. Xarici ticarət dövriyyəsi 60 faizdən çox artıb. İxracımız təxminən iki dəfə artıb. Qeyri-neft ixracında 45 faiz artım mövcuddur.
Xarici dövlət borcuna gəlincə, bu, azalıb. Keçən ilin aprelində xarici dövlət borcu ÜDM-in 18 faizini təşkil edib, hazırda cəmi 12,5 faizdir. Azərbaycan bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox aşağı salıb
Xarici ticarət saldosu cəmi üç ayda 5,1 milyard dollar təşkil edir. Dünyanın əksər ölkələrində saldo mənfidir.
Azərbaycan öz inkişafı ilə bağlı bütün nailiyyətləri öz zəhməti hesabına qazanıb və heç kimdən dəstək almayıb
Azərbaycan azad edilmiş torpaqları öz gücünə bərpa edir
Qarşıda duran vəzifələrə gəlincə, Azərbaycanın xarici borcu ümumi daxili məhsula nisbətdə 10 faiz səviyyəsinə endirilməlidir
Müharibə başa çatandan sonra Avropa İttifaqının Ermənistan üçün kredit və qrant paketi təqribən 2,6 milyard avro səviyyəsində idi. Azərbaycana isə cəmi 140-160 milyondur. Müsbət haldır ki, Avropa İttifaqı Azərbaycana da 2 milyardlıq paket elan edib. Ermənistana hansı şərtlərlə bu borc və ya qrant verilirsə, Azərbaycana da eyni şərtlərlə təklif edilməlidir.
Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı – Azərbaycan dünyanın bu əsas maliyyə qurumları ilə işləməlidir. Bu strategiya vaxtaşırı təftiş olunacaq.
Ərzaq məhsullarının qiymətinin artması
Hazırda dünyada ərzaq məhsullarının qiymətləri kəskin artır. Rusiya-Ukrayna müharibəsi bunu daha da sürətləndirib.
İlham Əliyev deyib: “Hər kəs yaxşı bilir ki, hazırda dünyada ərzaq məhsullarının qiymətləri kəskin artır. Bu proses bir neçə ay bundan əvvəl başlamışdır. Əlbəttə ki, Rusiya-Ukrayna müharibəsi bunu daha da sürətləndirib, xüsusilə nəzərə alsaq ki, Rusiya və Ukrayna dünyada aparıcı taxıl ixracatçıları arasındadırlar və digər ərzaq məhsullarını dünya bazarlarına ixrac edirlər. İndi artıq təbii qıtlıq hiss olunur və hiss olunacaq. Bizim ərzaqlıq buğda ilə təminatımız, əlbəttə ki, diqqət mərkəzində olmalıdır.
Hökumətə bu məsələ ilə bağlı göstəriş verilmişdir. Operativ tədbirlər görülüb və ehtiyatlar yığılır. Biz daha çox ehtiyat yığmalıyıq. Ancaq, eyni zamanda, bilməliyik ki, belə vəziyyət uzun müddət ərzində davam edə bilər və yəqin ki, davam edəcək. Ona görə burada, ilk növbədə, daxili təminatımız artmalıdır. Bu məsələ ilə bağlı göstərişlər verildi. Həm azad edilmiş torpaqlarda əkin işlərinin daha da genişmiqyaslı aparılması üçün göstərişlər verildi, həm də digər bölgələrdə. Əlbəttə ki, burada suvarma layihələrinin uğurla icrası böyük nəticələrə gətirib çıxara bilər. Amma hər halda indiki şəraitdə ərzaq qiymətlərinin qalxması və süni qiymət artımının qarşısının alınması məsələləri, hesab edirəm ki, ən vacib məsələlərdən biridir”.
Rusiya və Ukrayna dünyada aparıcı taxıl ixracatçıları olduqlarına görə, artıq təbii qıtlıq hiss olunur.
Ərzaqlıq buğda ilə təminatla bağlı hökumətə göstəriş verilib, operativ tədbirlər görülüb və ehtiyatlar yığılır.
Daxili təminat artmalıdır. Həm azad edilmiş torpaqlarda, həm də digər bölgələrdə əkin işlərinin daha genişmiqyaslı aparılması üçün göstərişlər verilib.
Azərbaycanda ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir. Ölkə ərzaqlıq buğda ilə özünü cəmi 25 faiz təmin edir. Ərzaqlıq buğda ilə təminatın ən azı 70-75 faizə yüksəldilməsi vəzifə kimi müəyyən edilib.
Sosial sahə
Şəhidlərin ailə üzvlərinə, öz sağlamlığını itirən müharibə əlillərinə, eyni zamanda, müharibə iştirakçılarına dövlət dəstəyinin genişləndirilməsi istiqamətdə sosial ödənişlərin təminatı üzrə 93 min unikal şəxsə 103 min sosial ödəniş təyin olunub.
11 min şəhid ailəsi üzvü və müharibə əlilinə məşğulluq tədbirləri görülüb. Onların yarısı özünüməşğulluq proqramlarına cəlb edilib və bu çərçivədə onlara kiçik ailə təsərrüfatının qurulması imkanı yaradılıb.
İşədüzəltmə proqramı çərçivəsində yaradılmış vakansiyalara 2 mindən artıq şəhid ailəsi üzvü və müharibə əlilləri cəlb edilib.
2021-ci ildə şəhid ailələri və müharibə əlillərinə 3 minədək mənzil təqdim olunub. Bu ilin birinci rübündə 200 mənzil verilib, ilin sonunadək daha 1500 mənzilin təqdim olunması planlaşdırılıb.
Ümumilikdə son üç il ərzində bu kateqoriyadan olan insanlara 6300 mənzil təqdim olunub. Ümumilikdə müstəqillik dövrümüzdə bu rəqəm 12 min 500 mənzildir.
Müharibədə yaralanmış 8 min əsgərimizə nazirlik tərəfindən 23 min reabilitasiya xidməti göstərilib.
Əzalarını itirən 190 qazimiz bu günədək dördüncü nəsil 200 elektron protezlə təchiz edilib. Daha 6 min qazinin protezlə təmin olunması üçün müalicə kursunun bitməsi lazımdır.
Yaralanmış 3 minədək əsgərimizə 16 min reabilitasiya vasitəsi təqdim olunub.
Aqil Vəlili