Kubra Məhərrəmova yazır…
Bu günlərdə azərbaycanlı iş adamı Mübariz Mənsimov çoxdandır yerini itirdiyi Azərbaycan gündəminə qayıtmaq üçün ciddi cəhdlər edir. Məqsədi nədirsə, onu anlayana eşq olsun. Adam “tiktoker”mi olmaq istəyir, ya komplekslərimi var?
PR-dan az-çox başı çıxan varsa, o dəqiqə bu qeyri-peşəkarlığı hiss edəcək. Adi kütlə üçün iki-üç günlük “TikTok”da fırlanan videolar kimi təsirə malikdir.
Söhbət Mübariz Mənsimovun son günlər öz ətrafında yaratdığı ajiotajdır.
Şəhid anaları üzərində reklam və PR qurmaq, bunu videoya çəkib paylaşmaq ən azından qeyri-peşəkar piardır. İkincisi, ən azından, insanların övlad itkisi üzərində qurulan manipulyasiyadır. Heç doğru addım deyil. Əgər həqiqətən də bir şəhidin adını öz şirkətində əbədiləşdirmək istəyirsənsə, sakitcə bunu edirsən. Onsuz da belə gözəl addımlara dəyər verən xalq özü bunu qəşəngcə piar və reklam edəcək.
Zənnimcə, Mübariz Mənsimov öz peşəkar piarçılarının məsləhətini dinləmir və öz bildiyi kimi iş görür. O da ki göz qabağında.
Qaldı ikinci məsələ… Xeyirxahlıq, xeyriyyəçilik və bunun kimi digər gözəl əməllər həm Allah qatında, həm də insanların gözündə gizli qalmalı olan məqamdır. Çünki Allah istəməz ki, biz kiməsə bir tikə çörək verəndə onu hamının yanında xar edək. Necə deyərlər, sağ əlin verdiyini sol əl bilməli deyil. Əminəm ki, “Əfqanıstan müharibəsini keçən” Mübariz Mənsimov da bu kəlməni eşitməmiş deyil. Bəs o zaman özünü xalqa yaxın satmağa çalışan milyonçu niyə belə edir?
Deməli, məğz heç də xeyriyyəçilik və çətinə düşən insanlara yardım etmək deyil. “Mən, mənəm hamıdan xeyirxah, hamıdan çox sizi düşünənəm, məndən yoxdur, mən əsl Vətən oğluyam”. Sadəcə, maraqlıdır, bu obraz kimə və nəyə lazımdır?
Yalandan, şəxsi ideyalar üzərindən yaradılan bu piar obrazı hansı məqsədlərə xidmət edir?
Yəqin ki, elə məsələlər var ki, onları ört-basdır etmək üçün.
Məsələn, hər zaman, bütün çıxışlarında “şirkətimdə üçüncü nəsil erməni olduğunu eşitsəm, dərhal qovaram. Azərbaycanlı erməni ilə əməkdaşlıq edərsə, o, azərbaycanlı deyil, xaindir” deyən Mübariz Mənsimovun reallıqda gizli məqamlarının olduğu üzə çıxdı.
Sən demə, Mübariz Mənsimovun ABŞ xəzinəsini bir milyard dollarlıq aldadan və 130 il həbs cəzası istənilən amerikalı iş adamı Levon Termencyanla əlaqələri var imiş, şərik imişlər. 2016-cı ildə Mənsimovla bu adam şərikli olaraq “Palmali USA LLC” gəmi şirkəti yaradıblar. Deyirlər ki, pulun qoxusu olmur. Yiyəsinin də bir fərqi yoxdur – ermənidir, rusdur, ingilisdir. Biznes – biznesdir. Əla. O zaman bu “ermənini asaram-kəsərəm” mesajı nə idi?
Onsuz da səndən haqq-hesab alan yoxdur ki, kiminlə nə iş qurursan. Biznesini qur, insanların pulunu ver.
İşçilərin pulunu ver məsələsində hər zaman özünü haqq yeməyən rəhbər kimi tanıdan Mübariz Mənsimovun adı dəfələrlə neqativ məsələlərdə hallanıb. Onlardan biri də “Shovket Alekperova” adlı şirkət gəmisində çalışan 150 nəfər işçinin yüz minlərlə dollar dəyərində olan maaşlarını ala bilməməsidir. Üstəlik, gəmidəkilər yemək və təmiz su problemindən də əziyyət çəkiblər. Dənizçilərin çoxunun “Palmali” şirkətinin gəmilərində çalışmaqdan imtina etməsi barəsində də tez-tez eşidirik. Ən azı, altı ay su üzərində yaşayan, min-bir əziyyət çəkən, tufan-təhlükə ilə üz-üzə dayanan adi zəhmətkeşlər səfər bitəndən sonra qapı-qapı düşüb halal zəhmət haqlarını yalvararaq almaqdan bezirlər. Ona görə də məhz bu şirkətdən təklif gələndə uzaq dururlar.
Adamın qəribə taktikası var. Onun kölgədə gördüyü işlər işığa çıxan kimi ortalığa “üç-beş tələbəyə yardım etdim, oxutdum”, “Türkiyədə yaşayan azərbaycanlılara iftar verdim”, “Əfqanıstanda döyüşdüm”, “erməniylə iş görmərəm” kimi mesajları mətbuata buraxır. Adam isə danışdıqca batır. Öz sahəsində batırdığı gəmilər kimi indi də nüfuzunu batırır.
Təəssüf ki, bu nüfuzu xilas etməyə nə layklar, nə “TikTok”da baxışlar, nə də mediaya buraxılan videolar, müsahibələr kömək edəcək.