• Ca. Noy 28th, 2024

Cümhuriyyət irsinə dərin ehtiram: Tarixin ən qüdrətli Azərbaycan dövləti Müstəqillik Gününü qeyd edir

ByYenigun.news

May 28, 2022

Bu gün Azərbaycan xalqı 28 May Müstəqillik Gününü qeyd edir. Bundan 104 il əvvəl hər bir azərbaycanlı üçün bu gün iftixar mənbəyi olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Mövcud olduğu qısa tarixi dövr ərzində bu Respublika istər xalqımızın, istərsə də dünyanın tarixində silinməz iz buraxdı. Azərbaycan xalqı cəmi 23 ay yaşayan Cümhuriyyəti ilə demokratiya yolunda misilsiz – nəhəng addımlar atdı.

Bu il xalqımız 2021-ci ilin oktyabrın 15-də “Müstəqillik günü haqqında Azərbaycan Respublikasının Qanunu” qəbul olunduqdan sonra Müstəqillik Gününü ilk dəfədir qeyd edir.

Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq qanunda 28 mayın – Müstəqillik Günü, 18 oktyabr tarixinin isə – Müstəqilliyin Bərpası Günü kimi qeyd edilməsinin müstəsna önəmi birmənalı şəkildə ifadə olunub:

“1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir”.

Beləliklə, bu qanunla Azərbaycan dövləti tərəfindən 1918-ci ilin mayın 28-də yaradılan müsəlman Şərqində ilk demokratik Respublikanın yaranması tarixi məhz Müstəqillik Günü olaraq təsbit edilmiş, Azərbaycan Respublikasının illər sonra 1991-ci ilin oktyabrın 18-də öz müstəqilliyini bərpa etdiyi bütün dünyaya növbəti dəfə bəyan edilmişdir.

Bu gün Azərbaycan xalqı öz Müstəqillik Gününü ölkəmizin ərazi bütövlüyünün bərpası şəraitində qeyd edir. 44 günlük Vətən savaşında Ali Baş Komandan İlham Əliyevin liderliyində düşmənə diz çökdürən Azərbaycan xalqı öz zəngin tarixinin ən şanlı səhifələrindən birini yaşayır. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycanın hər bir vətəndaşı üçün qürur mənbəyi olan üçrəngli bayrağımız inamla dalğalanır, Azərbaycanı sevən hər bir insana sevinc bəxş edir. O, şanlı bayrağın keşiyini çəkən Vətənin qəhrəman övladları isə Azərbaycan düşmənlərinin qorxulu yuxusuna çevrilir.

Milli dövlətçilik tariximizdə Cümhuriyyət xadimlərimizin misilsiz xidmətləri istər Azərbaycan xalqı, istərsə də dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir. Çünki başda Məhəmməd Əmin Rəsulzadə olmaqla Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Səməd bəy Mehmandarov və onlarla digər dəyərli cümhuriyyət xadimləri, ziyalıları bizə etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarını tanıyan, bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququ verən, Azərbaycan dilini dövlət dili elan edən, nizami milli ordu, təhlükəsizlik strukturları yaradan bir dövlətin varisləri olmaq qürurunu miras qoyublar.

Bu gün onların zəngin irsinin öyrənilməsi və təbliği ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən siyasətin önəmli bir qolunu təşkil edir. Azərbaycan xalqı isə tarix baxımından olduqca qısa dövrdə bir çox mütərəqqi addımlara imza atmış cümhuriyyət xadimlərini daim layiq olduqları böyük ehtiramla yad edir.

Azərbaycan Xalq Cümhuriyyətinin irsinin qorunmasında sözsüz ki, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində bir çox məsələlər müzakirə olunub, “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilib. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həmin tarixdə Naxçıvan MR Ali Məclisinin sessiyasında Xalq Cümhuriyyətinin bayrağı qaldırıldı və Naxçıvan MR-in dövlət bayrağı kimi rəsmiləşdirildi. Həmçinin Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıldı. Ümummilli liderin başlatdığı proses sonda o dövrdəki Azərbaycan rəhbərliyini 1991-ci il fevralın 5-də belə bir qərar qəbul etməyə məcbur etdi. Fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qanun qəbul etdi. Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtmasından sonra Dövlət Bayrağı da milli suverenliyin simvolu kimi təsdiq olundu, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında çoxsaylı normativ aktlar qəbul edildi. Beləliklə, Heydər Əliyev Azərbaycan tarixində Cümhuriyyət irsinin qorunması sahəsində də özünəməxsus yer tutdu.

Ümummilli liderin şanlı üçrəngli bayrağımız haqqındakı fikirləri onun Azərbaycan sevgisini açıq şəkildə ifadə edir:

“Azərbaycanın bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”.

Cümhuriyyətin irsinə böyük ehtiram göstərən Heydər Əliyev 2003-cü ilin fevralın 1-də “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” Sərəncam imzalayıb. İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış “İstiqlal bəyannaməsi abidəsi”nin açılışı 2007-ci il mayın 25-də Prezident İlham Əliyev tərəfindən edilib. Qranitdən və ağ mərmərdən yonulmuş, abidə üzərinə 1918-ci il mayın 28-də Tiflisdə qəbul olunmuş “İstiqlal Bəyannaməsi”nin həm əski, həm də latın əlifbası ilə mətni həkk olunub.

Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də Cümhuriyyətin dəyərli irsinə hər zaman yüksək ehtiram göstərilib. 2018-ci ilin mayın 28-də Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi qəbulda dövlət başçısı bu fikirləri səsləndirib:

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır. Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır”.

Dövlət başçısının bu sözləri bir daha Azərbaycanda Cümhuriyyət tarixinə və irsinə göstərilən qiymətin və ehtiramın yüksək səviyyəsini ortaya qoyur. Buna qədər isə Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin yanvarın 10-da 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam imzalanıb. Bununla dövlətimiz tərəfindən Cümhuriyyətin tarixinə, onun qurucularına, fəaliyyətinə və mütərəqqi addımlarına ayrılmış xüsusi diqqət nümayiş etdirilib, Azərbaycan dövləti və xalqı bu qərarla öz şanlı tarixinin ayrılmaz parçası olan Cümhuriyyətin elanının ildönümünü böyük təntənə ilə qeyd edib.

Tarixin ən qüdrətli Azərbaycan dövləti

Prezident İlham Əliyev tərəfindən ümummilli liderin siyasi kursunun davam etdirilməsi, Azərbaycan liderinin bu siyasi kursu daha da inkişaf etdirməsi sayəsində bu gün Azərbaycan dövlətçiliyi şanlı dövrünü yaşayır. Bu gün haqlı olaraq deyə bilərik ki, hazırda tariximizin ən güclü, ən qüdrətli Azərbaycan dövlətinin vətəndaşları sayılırıq. Bu amil Azərbaycanın qlobal miqyasda nüfuzunun artmasına, dövlətimizin dünyanın söz sahibi dövlətlərindən birinə çevrilməsinə də şərait yaradıb.

Dövlət başçısı İlham Əliyevin uzaqgörən siyasəti, siyasi səriştəsi və ölkənin hərtərəfli inkişafına yönəlmiş strateji həmlələri Azərbaycanın bu gün sahib olduğu qüdrətin sağlam təməllər üzərində inşasını şərtləndirdi.

Sözsüz ki, həmin qüdrət 44 günlük Vətən müharibəsində özünü bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı öz şanlı tarixinə daha bir möhtəşəm səhifəni yazmağı bacardı. Bu qələbə həm Azərbaycan xalqının yüksək əzmkarlığı, həm də dövlətin qüdrətinin artması, bu yolda uzun illər ərzində məqsədyönlü siyasət aparılması sayəsində mümkün oldu.

Vətən müharibəsində qazanılmış tarixi qələbə, ədalətin təntənəsi ilə bu gün Şuşada – görkəmli şəxsiyyətlərimizin dünyaya göz açdığı əsrarəngiz Azərbaycan şəhərində üçrəngli bayrağımız qürurla dalğalanır. Həmin bayraq məhz torpaqlarımızın azad edilməsinə aparan uğurlu siyasətin memarı, Ali Baş Komandan İlham Əliyev tərəfindən qaldırılıb. Xalqın öz lideri ətrafında “dəmir yumruq” kimi birləşməsi nəticəsində bu gün Şuşa şəhəri regionun siyasi və mədəniyyət mərkəzlərindən birinə çevrilib.

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyində beynəlxalq miqyasda sayılan nüfuzlu dövlətə çevrildi. Azərbaycan liderinin şəxsi nüfuzu ilə yanaşı, dövlətimizin də nüfuzu hər ötən gün artmaqdadır. Artıq Azərbaycan təkcə regional deyil, beynəlxalq təşəbbüslərlə çıxış edən, siyasi arenada hər zaman müstəqil fikri olan və mühakimə yürüdə bilən, ədalətli mövqeyə sadiq bir dövlət kimi tanınır.

Azərbaycanın artan nüfuzu, öz regionunda və ümumən dünyanın siyasi arenasında söz sahibi mövqeyə sahib olması, daim öz ədalətli mövqeyini qoruması dünya liderlərinin 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanlandığı təbriklərdə də özünə yer tapır.

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer:

“Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır və ölkəmizin enerji təhlükəsizliyində, enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır. Biz xüsusilə bu sahədə əlaqələri gələcəkdə məmnuniyyətlə gücləndirmək istəyirik”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan:

“Bir millət, iki dövlət” şüarı ilə davam etdirdiyimiz mükəmməl səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik iradəsi ilə gücləndirdiyimizə görə məmnunluq hissi keçirirəm. Ortaq səylərimiz, nümunəvi həmrəyliyimiz və sarsılmaz qardaşlığımızın keçmişdə olduğu kimi, gələcəkdə də regionumuzda sülhün, rifahın və sabitliyin ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram”.

Rusiya Prezidenti Vladimir Putin:

“Fevral ayında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə, heç şübhəsiz, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətcə yüksəlməsinə şərait yaradacaq. Bu, dost xalqlarımızın mənafelərinə tam cavab verir”.

Polşa Prezidenti Andjey Duda:

“Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda bizim üçün mühüm tərəfdaşdır. 2017-ci ildə Varşavaya səfəriniz zamanı Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə münasibətlərimizin inkişaf istiqamətlərini müəyyən edən sənəd olaraq qalır”.

Çin Xalq Respublikasının Sədri Si Cinpin:

“Hazırda Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir. İki ölkə arasında qarşılıqlı siyasi etimad dərinləşir, “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə əməkdaşlıq fəal inkişaf edir və beynəlxalq aləmdə qarşılıqlı fəaliyyət getdikcə möhkəmlənir”.

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabet:

“Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi və xoş arzularımı çatdırıram.

Ümidvarıq ki, qlobal sağlamlıq problemlərini qətiyyət və mətanətlə birgə dəf edərək, gələcəkdə daha yaxşı günlər yaşayacağıq”.

ABŞ Prezidenti Cozef R.Bayden:

“Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır”.

Azərbaycan həm də bütün dünya üçün nümunə ola biləcək, tarixdə misli görünməmiş bir münasibətin, tərəfdaşlığın və dostluğun tərəfidir. Bu, Türkiyə və Azərbaycan arasında ən düzgün şəkildə ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” ifadəsi ilə adlandıra biləcəyimiz münasibətlərdir. Bu gün Azərbaycan və Türkiyənin birliyi bütün dünya üçün etimad, qardaşlıq simvolu hesab olunur. Elə ikitərəfli münasibətlərimizin müasir tarixi də məhz bu qardaşlığın, doğmalığın nümayişi ilə zəngindir.

Təsadüfi deyil ki, Azərbaycan və Türkiyə liderləri xalqlarımız arasındakı dostluq və qardaşlığın rəmzi kimi əlamətdar tarix və hadisələrdə daim bir-birinə dəstək olur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar keçirilmiş hərbi paradda, həmçinin 2020-ci ildə Vətən müharibəsində qazandığımız möhtəşəm qələbəyə həsr olunmuş Zəfər paradında iştirakı, liderlərin Füzuli Beynəlxalq Hava Limanının və Rize-Artvin Hava Limanının açılış mərasimində yan-yana olması bu sarsılmaz birlik və bərabərliyin əyani təzahürüdür.

2022-ci ilin 28 may tarixi də bu baxımdan əlamətdardır. Belə ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan növbəti dəfə bu gün ölkəmizə səfər edəcək, Azərbaycan xalqının bu əziz günündə yenidən bizimlə birlikdə olacaq. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Müstəqillik Günümüzdə birgə iştirakı bir daha sarsılmaz dostluğumuzun, qardaşlıq və müttəfiqliyimizin bütün dünyaya bəyanına çevriləcək!

Orxan Tağıyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir