Cari ilin 9-10 iyun tarixlərində MDB Gənclər Parlamentlərarası Forumu və MDB Gənclər Parlamentlərarası Assambleyasının 18-ci iclası keçiriləcək.
Milli Məclisin deputatı Emin Hacıyev tədbirlərdə iştirak etmək üçün iyunun 7-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edib.
Deputatlar Nigar Arpadarai və Könül Nurullayeva toplantılara onlayn formatda qoşulacaqlar.
“Gənc parlamentarilər – MDB-nin gələcəyinə baxış” mövzusunda keçiriləcək MDB Gənclər Parlamentlərarası Foruma Milli Məclisin üzvü Emin Hacıyev sədrlik edəcək. Forum MDB Parlamentlərarası Assambleyasının 30 illiyi və MDB Gənclər Parlamentlərarası Assambleyasının 10 illiyinə həsr olunub.
Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarovanın MDB Gənclər Parlamentlərarası Forumunun iştirakçılarına ünvanladığı salamlama nitqi səsləndiriləcək.
Forum çərçivəsində təşkil olunmuş dəyirmi masalarda “MDB-də gənclər parlamentarizmi: gənclər parlament strukturlarının təcrübəsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi”, “Gənclərin ictimai diplomatiyası: regionlararası əməkdaşlıq və MDB ölkələrinin ortaq maraqları” mövzularında məruzələr dinləniləcək. Burada deputatımız Nigar Arpadarai gənclər siyasəti və gənclərin hüquqlarının və maraqlarının təmin edilməsi sahəsində qanunvericiliyin aktual istiqamətləri mövzusunda çıxış edəcək.
Deputat Emin Hacıyevin koordinatoru olduğu MDB Gənclər Parlamentlərarası Assambleyasının iclasında MDB-yə üzv ölkələrdə “Mənim nəsil şəcərəm” müsabiqəsinin keçirilməsi, dövlət gənclər siyasəti məsələlərinə dair milli qanunvericiliyin təkmilləşdirilməsi və uyğunlaşdırılması üzrə tövsiyələrin hazırlanması, bir sıra digər məsələlərlə bağlı müzakirələr aparılacaq.
Milli Məclisin üzvü Könül Nurullayeva tədbirdə mədəni irsin qorunması və xalq yaradıcılığının inkişafında gənclərin rolu mövzusunda fikirlərini açıqlayacaq.