• Şb. Noy 23rd, 2024

Emin Hüseynov: “Şəhərlərin bərpası ilə bağlı təcrübəmiz dünya üçün nümunə ola bilər”

ByYenigun.news

İyn 29, 2022

“Azərbaycan hökuməti azad edilmiş ərazilərin qlobal standartlara və qabaqcıl təcrübələrə əsaslanaraq bərpasına sadiqdir. Bu mənada ən mühüm məqsəd keçmiş məcburi köçkünlərin bu torpaqlara qayıtmaları və onlara rahat yaşayış şəraitinin yaradılmasıdır”.

“Report”un Ümumdünya Şəhər Forumunda iştirak etmək üçün Polşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasının əsas şüarı “Şəhərlərimizi daha yaxşı gələcək üçün dəyişdirmək”dir, lakin hazırda Azərbaycanın qarşısında daha çətin vəzifə – işğal dövründə dağıdılmış şəhərlərin sıfırdan bərpa edilməsi dayanır.

Prezidentin xüsusi nümayəndəsi xatırladıb ki, Ermənistanın işğalı dövründə Azərbaycanın doqquz şəhəri yer üzündən silinib:

“Qarabağ nümunəsi BMT-nin Yaşayış Məskənləri Proqramı (“UN Habitat”) və Ümumdünya Şəhər Forumu üçün şəhərin tamamilə dağıdılmasından sonra onun sıfırdan necə bərpa edilməsi ilə bağlı yeni reallıqlar yaradıb. Hamıya aydın olub ki, Azərbaycanın bu gün atdığı addımların presedenti yoxdur və bu, meqalayihədir. Forum çərçivəsində Azərbaycanın iddialı proqramını iştirakçılara təqdim etdik”.

O vurğulayıb ki, Azərbaycanın azad edilmiş torpaqlarının bərpası istiqamətində atdığı addımlar bütün dünya üçün nümunə ola bilər:

“Bu təcrübədən başqa ölkələrdə də istifadə etmək mümkündür. Azərbaycan sülhün tərəfdarı olan, sülhə çağırış edən ölkədir. Lakin təəssüf ki, bu gün dünyada çoxlu münaqişələr var və xeyli vandalizm aktı törədilir. Odur ki, Azərbaycanın ərazilərinin bərpası istiqamətində gördüyü işlər nümunə ola bilər”.

E.Hüseynov xatırladıb ki, “ağıllı şəhər/kənd” konsepsiyası da Ümumdünya Şəhər Forumunda əsas müzakirə mövzularından biridir:

“Bir sıra sessiyalarda iştirak etdik, Almaniya, Hindistan, Meksika, Braziliya və Koreyanın bu məsələyə dair konsepsiyaları ilə tanış olduq. Artıq Azərbaycanda “ağıllı kənd” prinsipi əsasında Ağalıda ilk yaşayış məntəqəsi salınıb. Füzuli rayonunda ikinci “ağıllı kənd”in yaradılması artıq tamamlanma mərhələsindədir. Lakin burada söhbət “ağıllı kənd”dən deyil, ən əsası insanların yaşaması üçün rahat şəraitin yaradılmasından gedir”.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə bir neçə şəhərin baş planları hazırlanarkən “ağıllı şəhər” prinsipindən də istifadə olunur:

“Buna görə də inanıram ki, biz bununla kifayətlənməyəcəyik və azad edilmiş bütün ərazilərdə şəhərlərin bərpası zamanı “ağıllı şəhər/kənd” konsepsiyasının komponentləri mövcud olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir