• Şb. Noy 23rd, 2024

Prezidentin Aşqabad səfəri: Xəzər regionunda əməkdaşlığın gələcək perspektivləri və Bakını xüsusi edən amillər

ByYenigun.news

İyn 30, 2022

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib.

Dövlət başçılarının VI zirvə toplantısı növbəti dəfə gündəlikdə dayanan məsələlərin müzakirəsi baxımından əhəmiyyət daşıyıb.

Azərbaycan dövləti tərəfindən xəzəryanı ölkələrlə qarşılıqlı əməkdaşlıq, mehriban dostluq əlaqələrinin olması məsələləri daim diqqət mərkəzində dayanır. Xəzərin iqtisadi potensialı, ölkələr arasındakı ticarət və əməkdaşlıqda oynadığı müstəsna rol zirvə toplantısında gündəmə gələn mövzuların da əhəmiyyətini artırır.

Elə, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev də ölkələrin Xəzərdə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verdiyini qeyd edib.

Xəzərdə qarşılıqlı fəaliyyətdən bəhs edərkən mütləq şəkildə 2018-ci ilin avqustun 12-də Aktauda (Qazaxıstan) Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı xatırlatmaq gərəklidir.

Həmin sənəd uzun illər ərzində mövcud olmuş problemlərin həlli baxımından tarixi əhəmiyyət daşıyır.

Azərbaycan lideri zirvə toplantısında çıxışı zamanı bu məqama da xüsusi diqqət çəkib:

“Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq”.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyəti

Sözügedən sənədlə sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəlikləri təsbit edilib. Konvensiyanın imzalanması ilə Xəzər dənizində hərtərəfli hüquqi rejim müəyyənləşdirilib, sözügedən sənəd fundamental hüquqi baza rolunu oynayıb.

Müvafiq sənəd dövlətlərin dənizdə həyata keçirdiyi karbohidrogen hasilatı ilə bağlı layihələrinin, eləcə də digər növ təsərrüfat-iqtisadi fəaliyyətlərinin davamlılıq və təhlükəsizliyini təmin edib. Konvensiya bu tip fəaliyyətlərin həyata keçirilməsini nəinki məhdudlaşdırmayıb, hətta onların daha da genişləndirilməsinə münbit zəmin yaradıb.

Həmçinin Aktauda imzalanan konvensiyada dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi təməl prinsiplərdən biri kimi müəyyən olunub.

Xəzəryanı ölkələrin əməkdaşlığının müqavilə-hüquq bazasının möhkəmləndirilməsi üçün atılan addımlar təkcə yuxarıda qeyd olunan sazişlə məhdudlaşmır. İmzalanan sənədlər sırasında həmçinin “Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Saziş, “Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Saziş, “Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlığa dair” Sazişi də yada salmaq olar. Bununla yanaşı onlarla digər sənədlər, keçirilən görüş və toplantılar bu sahədə mühüm irəliləyişlərə gətirib çıxarıb.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov 2018-ci ildə verdiyi müsahibəsində qeyd edib ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ərsəyə gəlməsi Xüsusi İşçi Qrupu çərçivəsində keçirilmiş 52 görüş və növbədənkənar görüşlərin, buna paralel mütəmadi çoxsaylı ikitərəfli məsləhətləşmələrin, xarici işlər nazirlərinin müşavirələrinin və dövlət başçıları səviyyəsində təşkil olunan Zirvə toplantılarında əldə olunmuş geniş konsensusun və tərəflər arasında incə balansın nəzərə alınmasının nəticəsidir.

Təkcə bu fakt Xəzər regionundakı ölkələrin məsələlərə olduqca həssas yanaşmasını, hər bir sənədin imzalanmasının, hüquqi bazanın formalaşmasının olduqca mürəkkəb proses olmaqla bərabər, həm də mühüm əhəmiyyətə malik olmasını göstərir.

VI zirvə toplantısı

Prezident İlham Əliyevin çıxışından:

“Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcək. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb”.

Dövlət başçısının fikirlərinə nəzər salsaq, bir daha qeyd edə bilərik ki, son illərdə Xəzər dənizi ilə bağlı hüquqi bazanın möhkəmlənməsi sahəsində olduqca intensiv fəaliyyət aparılıb və bu proses qarşıdakı illərdə də eyni axarla davam edəcək.

Üstəlik, Azərbaycan hər zaman sözügedən prosesdə təşəbbüskar dövlət kimi iştirak edib. Xəzərin hüquqi statusuna dair Konvensiyanın ilk konseptual layihəsi də məhz Azərbaycan tərəfindən hazırlanıb və tərəflərə təqdim edilib.

Xüsusilə vurğulayaq ki, həm formalaşdırılan hüquqi baza, həm də dövlətlərarası əlaqələr regionda münasibətlərin dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq kimi prinsiplərə əsaslanmasını təmin edib.

Məhz bu səpkidə münasibətlər Xəzərin olduqca böyük iqtisadi potensialı ilə yanaşı, həmçinin regionun qabaqcıl infrastruktura sahib nəqliyyat qovşağına çevrilməsi imkanlarını əhəmiyyətli dərəcədə artırır. Nəqliyyatla bağlı məsələlər də həmçinin paralel olaraq ikitərəfli və çoxtərəfli formatlarda daim müzakirə olunan məsələlərdir. Avropaya çıxış imkanları nəzərə alındıqda Azərbaycanın sözügedən prosesdə ən vacib mərkəz halına gəldiyini də xatırlatmaq gərəklidir. Gələcəkdə həyata keçiriləcək layihələr həm region ölkələrinin iqtisadi maraqlarına cavab verə, həm də Asiya ilə Avropa arasında körpü rolunu oynayacaq nəqliyyat qovşağının strateji əhəmiyyətini daha da artıra bilər.

Azərbaycan dövlətinin nəqliyyat-kommunikasiya məsələlərinə xüsusi diqqət yetirməsi ölkəmizin bu sahədə əlverişli coğrafi mövqeyə sahib olması ilə bağlıdır. Odur ki, Azərbaycan dövləti regionda nəqliyyat-kommunikasiya layihələrinin işlənib hazırlanması, həyata keçirilməsində maraqlıdır.

Məsələn, bu il ölkəmizdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Koordinasiya Şurasının 8-ci iclasının planlaşdırılması da sözügedən maraqdan xəbər verir.

Bununla yanaşı, Azərbaycan dövləti həmçinin Xəzərin ekoloji durumunun da yaxşılaşdırılmasında maraqlı tərəf kimi çıxış edir. Bu ilin sonunda Bakıda Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Tərəflərinin 6-cı Konfransının keçirilməsi planlaşdırılır. Gündəlikdə dayanan məsələlərin və müzakirə predmetlərinin olduqca geniş spektri Xəzər regionunda əməkdaşlıq mühitinin mövcudluğunun və qorunub saxlanmasının əhəmiyyətini bir daha göstərir.

Yeri gəlmişkən, regionda yaranmış yeni reallıqların da Xəzəryanı dövlətlər üçün yeni imkanlar yaratdığını vurğulamaq lazımdır. Məsələn, Zəngəzur dəhlizi gələcəkdə iqtisadi planda təkcə Azərbaycan üçün deyil, həm də xəzəryanı ölkələr üçün olduqca böyük fürsətə çevriləcək. Həmçinin bu dəhliz nəqliyyat-kommunikasiya qovşağına çevriləcək Xəzər regionunda Azərbaycanın oynadığı mühüm rolun daha qabarıq gözə çarpmasına səbəb olacaq.

Orxan Tağıyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir