• C. Noy 22nd, 2024

Azərbaycanda fars ladlı mahnıların hədəfi nədir? – ŞƏRH + FOTO

ByYenigun.news

İyl 1, 2022

Azərbaycan müstəqil olandan bəri İranın davamlı təzyiqlərinə məruz qalıb. Bu azmış kimi, cənub qonşumuz həm də mədəni ekspansiyaya cəhdlər edir. Heç kimə sirr deyil ki, İran əhalisinin böyük bir hissəsi Azərbaycan türklərindən ibarətdir. Onların sayı barədə müxtəlif rəqəmlərin olması da bir problemdir. İran əhalisi 81 milyon nəfərdir. Qeyri-rəsmi mənbələr Azərbaycan türklərinin sayının 35 milyonadək olduğunu bildirirlər. Rəsmi mənbələrdə isə onların sayı 22 milyonadək göstərilir. Bütün hallarda türklərin sayı çoxdur. Ancaq onların ana dilində bir sinif məktəbi belə, yoxdur. Bu halda, yəqin, milli musiqi məktəblərinin varlığından söz açmaq belə məntiqi deyil.

Cənubi Azərbaycan türkləri öz dilini, milli mədəniyyətini, musiqisini, rəqsini, muğamını və bu kimi sahələri bir qayda olaraq Azərbaycan Respublikasından öyrənir. Burada təhsil alırlar. Öyrənmək və təbliğ etmək sayı milyonlarla olan bir etnosun özünüqoruma və üzləşdiyi assimilyasiyaya qarşı başlıca müqavimət vasitəsidir.

Qeyd edək ki, keçmiş SSRİ dönəmində də onlar Azərbaycan SSR-dən eyni şəkildə faydalanırdılar.

Bu baxımdan milli musiqinin yaradılmasında dahi Üzeyir Hacıbəyovun xidmətləri əvəzsizdir. Mütəxəssislər bildirirlər ki, o, Azərbaycan musiqisini fars, ərəb və başqa ladlardan təmizləyib, qoruyub. Bununla da milli musiqinin yaranmasına təkan verib. Üzeyir Hacıbəyov məktəbini Cahangir Cahangirov və ardıcılları uğurla inkişaf etdiriblər. Əslən İrandan olan Azərbaycan mədəniyyət xadimləri Cahangir Cahangirov, Rübabə Muradova, Yaqub Zurufçu, Nasir Ətapur, Cavid, Həsən Ənami, Rafiq İmrani, Siyavuş Kərimi və başqalarının yaradıcılığında Azərbaycan musiqisi milli ladda ifa edilir və ya yazılır. Başqa sözlə, onlar da, xanəndələr demiş, boğazlarını fars və ərəb ləhcələrindən qoruyublar.

“Ayrılıq” və “Sizə salam gətirmişəm” kimi məşhur mahnıların müəllifi Əli Səlimi İranda milli musiqi təhsili almadan Azərbaycan ladında möhtəşəm əsərlər yaradıb. Məşhur qarmon ifaçıları Rəhman Əsədullahi, Rəhim Şəhriyari də Azərbaycan milli musiqisini təbliğ edirlər. Kanadanın Toronto şəhərində “Tabriz Azerbaijani & Dance Ensemble” (“Azərbaycan Təbriz və rəqs ansamblı”) adlı qrup fəaliyyət göstərir. Ansamblda hər iki Azərbaycanın təmsilçiləri var. Ancaq onların yaradıcılığında da Azərbaycan musiqisi adı altında yabanı ladlar təbliğ edilmir.

Son illər Azərbaycan mahnılarına sanki kənar müdaxilələr başlayıb. Milli musiqidə fars və ərəb ladları artıb. Mahnı janrı meyxana ilə əvəz edilməklə yanaşı, fars ladları artmağa başlayıb. Əvvəllər bunu yerli ara müğənniləri edirdilər.

Kommersiya maraqları bu ladda ifaçıların efirlərə yol açmasına da səbəb olub. İrandan olan bir sıra müğənnilər Azərbaycan dilində fars ladı üstündə mahnı oxumaqla milli musiqiyə zərbə vururlar. Onların ifa etdikləri isə Azərbaycan musiqisi və mahnısı kimi təqdim edilib. Bununla da Üzeyir Hacıbəyov və onun məktəbinə yabanı müdaxilələr olunur. Onu içindən zəif salmağa çalışırlar.

Sanki görünməz bir əl Azərbaycanın musiqisinə fars ladını, boğazını, ləhcəsini zorla təlqin edir.

Bu günlərdə telekanallardan birində baş verən hadisə özündən müştəbeh belə müğənnilərin efirə buraxılmasında qaydaların olmadığını təsdiqlədi. Ola bilər, aparıcı, verilişin hazırlanmasına görə məsuliyyət daşıyanlar vətənsevərlik nümayiş etdirməyə səy göstərirlər. Onlar elə düşünürlər ki, İrandan olan, Azərbaycan dilində mahnı ifa edən azərbaycanlıları efirə buraxmaqla fədakarlıq edirlər. Ancaq unudurlar ki, bu, Cənubi Azərbaycandan gəlmiş bütün müğənnilərə aid deyil və bir çox halda onlar Azərbaycan milli musiqisinin fars və ərəb ladı ilə korlanmasına vasitə olurlar.

Bu da sirr deyil ki, İranda Azərbaycan türkləri öz milli haqlarının təmin olunması istiqamətində fəaliyyət göstərirlər. İranda rəsmi və qeyri-rəsmi bir sıra şəxslər yanlış olaraq bu istək və tələblərin Azərbaycan Respublikasından dəstəkləndiyini, idarə olunduğunu zənn edirlər. Bunun qarşısını almaq üçün də Azərbaycan Respublikasında iranmeyilli qüvvələri, başqa sözlə, İranın beşinci kolonunu yaratmağa səy göstərirlər. Bakıda bir sıra çıxışlarla onlar özlərini nümayiş etdirirlər. Oxşar “şüar”ların Tehranda və Təbrizdə də Azərbaycana qarşı səslənməsi bunu təsdiqləyir.

Təbriz, Ərdəbil, Miyana, Urmiya, Zəncan, Astara, Əhər, Maku, Ərak, Qəzvin, Kərəc, Həmədan, İsfahan, Tehran, Xoy və Cənubi Azərbaycanın başqa şəhərlərində milli musiqiyə bağlı könüllü dərnəklər, qruplar fəaliyyət göstərir. Azərbaycan musiqisi, rəqsi və mahnılarını qoruyub, yayan həmin fədakar insanlar fəaliyyətləri ilə milli-etnik mədəniyyəti təbliğ edirlər. Bu yolla onlar panfarsçı ideologiyadan, milli əritmə siyasətindən, tədbirlərdən qorunurlar. Onların fəaliyyətinə İran qanunları icazə versə də, bir çox hallarda həmin şəxslər təqibə və təzyiqlərə məruz qalırlar.

Həmin insanların Azərbaycan milli musiqisindən faydalanmasının qarşısını almaq məqsədi ilə sanki yeni xəyanətlərə əl atırlar. Son illər Azərbaycan musiqisinə fars ladlı mahnıların yeridilməsi də bu məqsədi güdür. Belə ehtimal etmək olar ki, həmin görünməz əllər ölkəmizdə fars ladlı musiqini Azərbaycan mahnısı adı altında təbliğ etməklə İranda etnik mədəniyyətin inkişafının və Təbrizlə Bakının bir-birini tanımasının qarşısını almağa çalışırlar. Başqa sözlə, İrandan yeridilən fars ladlı musiqi Azərbaycan Respublikasında ifa edildikdən sonra Cənubi Azərbaycana milli musiqi kimi qaytarılır. Bununla da Azərbaycan milli musiqisinin İran İslam Respublikası ərazisində yayılmasının qarşısı alınır. Başqa bir tərəfdən İran mərkəzli fars düşüncə sisteminin yürütdüyü assimilyasiya siyasəti davam etdirilir…

Atalar belə vəsiyyət ediblər: dilini, elini, belini qoru. Fikrimcə, bu sıraya milli mədəniyyəti, musiqini də əlavə etmək olar. Musiqi dili daha yüyrək olur. Bir milləti başqasından ayıran təkcə dil deyil, həm də musiqi və onun ladıdır.

Öz elim, öz dilim, öz ladım…

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir