“Ermənilərin öz yaratdıqları saxta tarixləri barədə onlara sual verəndə çaşırlar. Bu üsuldan çox istifadə etmişəm”.
Bu fikirləri Oxu.Az-a müsahibəsində Bakı Dövlət Universitetinin Erməni Araşdırma Mərkəzinin böyük elmi işçisi, ermənişünas İsmayıl Tanrıverdi deyib.
Onunla ermənilərin sosial mediada etdikləri saxtakarlıqlar və bu saxtakarlıqların yerindəcə necə ifşa olunması ilə bağlı söhbət apardıq. Həmin müsahibəni təqdim edirik:
– Ermənilər sosial mediada saxta adlarla dezinformasiyalar yayırlar. Onları necə tanımaq olar?
– Ermənilər o qədər saxtakardırlar ki, onları ayırd etmək bir qədər çətindir. Bunun üçün gərək ermənilərin xarakterinə bələd olasan.
– Dezinformasiyalara daha çox hansı sahələrdə rast gələ bilərik?
– Dezinformasiyalara sosial şəbəkələrdə daha çox rast gəlirik. Yayılan hər hansı bir xəbərə olan münasibət, şərh bildirmək məsələsində bizdən daha aktivdirlər. Həmçinin sözün əsl mənasında dezinformasiya sahəsində çox peşəkardırlar. Yalan xəbəri elə bir şəkildə uydururlar ki, özün də düşünmədən inanırsan. Amma araşdırdıqdan sonra xəbərdə nə qədər dezinformasiyaların olduğunu görürsən. Sahədən asılı olmayaraq ermənilər bu məsələdə ustadırlar.
– Ermənilərin yaydığı dezinformasiyalardan özümüzü və ətrafımızı necə qoruya bilərik?
– Ancaq araşdırma vasitəsilə. Çünki dezinformasiya yayan saytlar kimi, düzləri yazan erməni saytları da var. Hər iki tərəfin yaydığı xəbəri qarşılaşdırıb nəticə çıxarmaq olar. Məsələn, dünən erməni mətbuatı Azərbaycan tərəfdən 29 nəfər itki, 60 nəfərə qədər yaralı olduğu barədə dezinformasiya yaydı. Lakin müxalifət saytlarını yoxlayanda gördüm ki, bunun yalan xəbər olduğunu, bir nəfər itkinin olduğunu yazıblar.
– Bu günlərdə sosial mediada Xankəndidə yaşayan erməni qadının Azərbaycan dilində danışarkən çəkilən videosu yayıldı. Lakin Azərbaycanda perspektiv görmədikləri üçün erməni dilini öyrənməyə maraq göstərmirlər. Ümumiyyətlə, azərbaycanlıları erməni dilini öyrənməyə təşviq etmək lazımdırmı?
– Əvvəllər erməni dilini öyrənmək lazım deyildi, lakin artıq vacibdir. Ermənilər bizimlə düşmənçilik edirlər və ona görə də biz düşmənimizin dilini bilməliyik. Dünya praktikasında da var ki, düşmənin dilini bilmədən ona qalib gəlmək mümkün deyil.
Biz erməni dili dərslərinə başlayanda ilk devizimiz belə olub ki, düşmənlə öz dilində mübarizə aparmaq üçün onun dilini öyrənirik. Ermənilər arasında bizim dili yaxşı bilənlər olsa da, onlarda “ə, ö, ü” hərfləri olmadığına görə tələffüzlərində səhv buraxa bilirlər. Erməni dilini bilən şəxs də bunu daha tez anlayır. Məsələn, “fındıq” sözünün tələffüzündə problem yaşadıqlarına inanmırdım, lakin ermənilərlə söhbət edərkən birdən yadıma düşdü və bu sözü tələffüz etmələrini istədim. O da dedi ki, bu sözü tələffüz etməyə nə var? “Pındıx”. Dillər arasında hərf, səs dəyişkənliyi mütləq özünü büruzə verir.
– Bəs Azərbaycanda neçə nəfər erməni dilini öyrənmək üçün sizə müraciət edib?
– Erməni dili öyrənmək istəyənlərin sayı son zamanlar çoxalıb. Maraqlısı budur ki, əsas üstünlüyü xanımlar təşkil edirlər. Bilmirəm, nədənsə xanımlarımız bu dili daha yaxşı qavrayırlar. Bakı Dövlət Universitetində Erməni Araşdırma Mərkəzi adlı müstəqil mərkəz yaradılıb. Hər cür şərait var. İşçilərimiz öz tələbələrimdən ibarətdir. Sentyabrda yenidən dərslərə başlayırıq. Ümumilikdə hazırda 40 nəfərə yaxın tələbəmiz var.
– Jurnalistlər üçün erməni dilinin tədris olunması ilə əlaqədar layihəniz var?
– Bu haqda universitetimizin rektoru qarşısında məsələ qaldırmışıq. Sentyabrda nəticə bəlli olacaq. Ehtimal ki, sentyabrdan dərslərə başlamaqla bağlı müsbət nəticə əldə edəcəyik.
– Erməniləri həm sosial mediada, həm də üz-üzə ikən hansı suallarla ifşa etmək olar?
– Üz-üzə olanda onların tələffüz etməkdə çətinlik çəkdikləri sözlərlə bağlı suallar vermək olar. Lakin ermənilərin öz yaratdıqları saxta tarixləri barədə onlara sual verəndə çaşırlar. Bu üsuldan çox istifadə etmişəm. Sosial mediada onlarla çox problemim var, məndən tez-tez şikayət edirlər. Azərbaycanlı adı ilə də yazırlar, lakin yerindəcə ifşa edirəm.
Aysel Aslanqızı