• Ç. Noy 27th, 2024

Əsrlik problem: “Hər iki tərəf güzəştə getməlidir” – FOTO

ByYenigun.news

Avq 8, 2022

Ötən gün Fələstinlə İsrail arasında gərginlik yenidən alovlanıb. Fələstin tərəfinin açıqlamalarına görə, İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində azı 15 nəfər ölüb. İsrail tərəfi isə hava zərbələrinin HƏMAS təşkilatının raket hücumlarına cavab olaraq gerçəkləşdirildiyini qeyd edib. Bir sözlə, Yaxın Şərqin yüz ildir səngimək bilməyən problemi davam etməkdədir. Bəs onun həlli yolu nədədir?

Mövzu barədə Oxu.Az-a açıqlama verən Yaxın Şərq üzrə eksperti Kənan Rövşənoğlu bildirib ki, Fələstin-İsrail münaqişəsi son yüz ilin ən dərin münaqişəsi hesab olunur:

“Bu münaqişə iki dövlətli həll yolu ilə səngiyə bilər. Dünyanın aparıcı dövlətləri və BMT-nin tələbi də budur ki, İsrail dövləti 1967-ci ildə altı günlük müharibədən əvvəlki sərhədlərə geri dönsün və Fələstin dövləti yaradılsın. Bununla bağlı BMT-nin 1947-ci il qərarı var. Həmin qərara əsasən, bu torpaqların 50 faizindən bir qədər az hissəsində ərəb dövləti, 50 faizdən bir qədər çox hissəsində İsrail dövləti yaradılmalı idi. Tarixdəki bir sıra hadisələr səbəbindən İsrail dövləti yaradılsa da, ərəb dövləti yaradıla bilmədi. Burada, təbii ki, ərəblərin tədbirsizliyi, siyasi cəhətdən laqeydlik, vəziyyəti düzgün qiymətləndirməmələri, həmçinin ərəb dövlətlərinin sözügedən problemə öz maraqları nöqteyi-nəzərindən yanaşması ərəb dövlətinin yaradıla bilməməsinin əsas səbəblərindən hesab edilə bilər”.

Ekspert qeyd edib ki, hazırkı şərtlərdə burada müdafiə zolağının yaradılması mümkün deyil:

“İki ölkə arasında sərhədlər çox qarışıqdır. Bunun üçün İsrail 1967-ci il sərhədlərinə geri dönməlidir. Hansı ki, BMT-nin bununla bağlı qərarı var. İsrailin ən böyük siyasi dəstəkçilərindən olsa da, bu tezisi ABŞ da dəstəkləyir. Lakin İsrail bu məsələdə güzəştə getmək istəmir”.

K.Rövşənoğlu vurğulayıb ki, problemin köklü həlli üçün hər iki tərəf güzəştə getməyə hazır olmalıdır:

“Məsələn, Fələstində əksəriyyət İsraili işğalçı hesab edir və ərazi iddiaları irəli sürür. İsrail tərəfi isə bəyan edir ki, bura bizim tarixi torpaqlarımızdır və burada ərəb dövləti olmasın, necə ki, yoxdur.

Fikrimcə, hər iki tərəf kompromisə getməlidir və dünyanın da tələbi budur. Bu, BMT-nin yaranmasından bu günə kimi davam edən problemdir və hələ də öz həllini tapa bilmir”.

Aysel Aslanqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir