Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin (Serdar Kılıç və Ruben Rubinyan) növbəti görüşünə hazırlıq gedir.
Budəfəki danışıqlar Azərbaycan-Ermənistan sərhədində və Qarabağda baş verən son hadisələr (“Qisas” əməliyyatı) fonunda diqqət mərkəzinə gəlir.
Türkiyə Ermənistanla münasibətlərin normallaşması şərtlərini “Qisas” və sərhəddəki hərbi hərəkətlilikdən sonra yarana biləcək mənzərədə Ankaranın artan rolu fonunda İrəvana çatdıracaq.
Ermənistan isə şərt irəli sürmək bacarıq və imkanından məhrumdur, ona görə də zəhmət çəkib Bakı-Ankara ikilisinin müştərək maraqlarının içərisində yer almalıdır və bu xətdən qopub fərqli cəbhəyə getməməlidir.
Azərbaycanla Türkiyənin Ermənistan qarşısındakı tələbləri konkretləşir və qoyduğu vaxt limiti daralır.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun “Haber Global”a müsahibəsində səsləndirdiyi bəyanat limitə dair qavrayışların İrəvan tərəfindən məcburən qəbul edilmə şərtinə eyhamdır.
Çavuşoğlunun “Ermənistan regionda əməkdaşlıq istəyib-istəmədiyini konkret deməlidir” deyə bildirməsi danışıqların mətləbini açır.
Gümanla, Azərbaycan və Türkiyədə Ermənistanın sülh sahəsindən sürüşərək bir balaca başqa istiqamətə yön almasına dair informasiyalar mövcuddur.
Ermənistanın yayındığı əsas məsələ Azərbaycanla sərhədlərin delimitasiyasındakı mövqeyi ilə əlaqəli ola bilər, bu isə özünün yedəyində Zəngəzur dəhlizinə dair İrəvanın qeyri-müəyyən mövqeyini doğurur.
Azərbaycanla Türkiyə isə Ermənistanın yaxasından tutub yenidən öz yerinə qaytarılmasını təmin edəcək və diplomatik təmaslarda İrəvandan vaxta, qrafikə dair cədvəl almağa nail olacaqlar.
İrəvanı zəif bənd edən bir nöqtə də var, bu, Ermənistanda Azərbaycan və Türkiyənin ölkə içərisində fəaliyyət göstərə biləcəyi haqqında qorxulu təəssüratın tüğyan etməsidir.
Təbii ki, 10 Noyabr Bəyanatından sonra Ermənistanın hər addımı diqqətdə və nəzarətdədir, İrəvanın sülh meylindən yayınmamasına təsir etmək üçün böyük resurslar Azərbaycan və Türkiyənin aktivində mövcuddur.
Məğlubiyyət sindromu psixologiyasının hökm sürməsi səbəbilə İrəvandakı həyəcan təbii qarşılanmalıdır, bu həyəcanın erməni cəmiyyətini şoka salan həddi isə Azərbaycanın ordu gücü və onun Türkiyə ilə strateji müttəfiqliyidir.
Buna görə də illərdir türkə düşmən mövqe ilə qürrələnən düşüncənin altının üstünə çevrilərək onun qorxu ilə əvəzlənməsi başadüşüləndir.
Xüsusi nümayəndələrin danışıqlar stolu ətrafındakı müzakirələrində İrəvan erməni cəmiyyətini sakitləşdirmək üçün Ankaranın onu sıxma-boğmaya salmaması üçün xahişlər edəcək.
Ankara isə bu xahişləri Azərbaycana çatdıracaq, lakin Ermənistan həmin xahişləri yenidən vaxt qazanmaq üçün istifadə etsə, bunun cavabı ağır olacaq.
Aqşin Kərimov