• Şb. Noy 23rd, 2024

SU TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ ÖLKƏMİZ ÜÇÜN XÜSUSİ ƏHƏMİYYƏT DAŞIYIR

ByYenigun.news

Apr 16, 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən ölkəmizdə su təhlükəsizliyi, meliorasiya və irriqasiya sahələrində mövcud vəziyyət, gələcək vəzifələr haqqında ətraflı məlumat verib: “Bu sahə prioritet sahələrdən biridir. Mən bu sahəyə həmişə çox böyük diqqət göstərmişəm. Bu gün, indiki şəraitdə bu sahənin əhəmiyyəti daha da artır. Son illər ərzində bu sahədə böyük işlər görüldü. Köhnə infrastrukturun təmiri ilə bağlı əsaslı işlər görülmüşdür. Çünki əsas infrastruktur sovet dövründə yaradılmışdı və vaxt keçdikcə yararsız vəziyyətə düşmüşdü, ona görə buna ehtiyac var idi. Eyni zamanda, mənim təşəbbüsümlə bir neçə böyük su anbarı inşa edilmişdir. Əgər vaxtında bu su anbarları inşa edilməsəydi, bu gün meliorasiya sahəsində bizim böyük problemlərimiz ola bilərdi. Eyni zamanda, içməli su təminatı da Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti tərəfindən həmişə diqqət mərkəzində olmuşdu. Cəmiyyət ölkəmizdə bir neçə içməli su layihəsini də icra etmişdir”.

      Ölkə rəhbəri mövcud vəziyyət barəsində danışarkən bildirib ki, Taxtakörpü su anbarı, eyni zamanda, suvarma işləri ilə bərabər, Bakının da içməli su ilə təmin edilməsində önəmli infrastruktur obyektidir. Çünki Taxtakörpü-Ceyranbatan su kanalının çəkilməsi Ceyranbatan su anbarında suyun səviyyəsinin lazımi səviyyədə saxlanmasına şərait yaratmışdır. Birmənalı şəkildə demək olar ki, vaxtilə Taxtakörpü su anbarı və su kanalı tikilməsəydi, Bakıda çox kəskin su problemi olacaqdı. Taxtakörpü su anbarından sonra Şəmkirçay su anbarı inşa edilmişdir. Beləliklə, ölkəmizin həm şimal, həm də qərb bölgələrində vaxtilə suvarılmayan on minlərlə hektar torpağa su verilmişdir.

       Meliorativ tədbirlər hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır, xüsusilə su ehtiyatları o qədər də böyük həcmdə olmayan ölkələrdə bunun daha da böyük əhəmiyyəti var. Azərbaycan Prezidenti vurğulayıb ki, Bir daha demək istəyirəm ki, su anbarlarının, su kanallarının tikintisi infrastruktur layihələr arasında həmişə prioritet yerdə olub və bundan sonra da belə olacaq. Bütün bu işlərlə bərabər biz, əlbəttə ki, suyun səmərəli istifadəsindən də həmişə narahat idik. Bu sahədə əldə edilmiş uğurlar var, eyni zamanda, çətinliklər var, çatışmazlıqlar var. Bunlar aradan qaldırılmalıdır. Biz son illər ərzində vaxtilə suvarılmayan 100 min hektarlarla torpaqlara su gətirmişik. Vaxtilə, ümumiyyətlə, su görməyən torpaqlara, yaxud da ki, qismən suvarılan torpaqlara suyun verilməsi bu bölgələri canlandırdı və 100 minlərlə hektar torpağa su verildi. Bunun da xeyri az olmayıb. Bu gün bəzi iri fermer təsərrüfatlarımızda, taxılçılıqla məşğul olan təsərrüfatlarda məhsuldarlıq bir hektardan 50, 60, hətta 70 sentnerə çatır. Bu, Avropanın aparıcı ölkələrinin səviyyəsinə uyğundur və ona bərabərdir. Kənd təsərrüfatında məhsuldarlığın artırılması bizim üçün bundan sonra da prioritet məsələlərdən biri olacaq.

        Prezident ərzaq təhlükəsizliyimizi təmin etmək məsələsinə toxunarkən qeyd edib ki, bu sahədə əməli addımlar atılır. Ölkəmizin təbii-coğrafi durumu imkan verir ki, bir çox məhsullar Azərbaycanda yetişdirilsin. Biz nəzərə almalıyıq ki, Azərbaycan dövləti sürətlə inkişaf edir, tələbat artır, əhali artır, bu gün 10 milyondan çoxdur. Deməli, istehlak artır. Daxili istehlakı təmin etmək və ixrac imkanlarımızı artırmaq üçün əlbəttə ki, qeyri-neft sektoru sahəsində kənd təsərrüfatının xüsusi yeri vardır.

      Prezident öz nitqində sözügedən sahədə narahatlıq doğuran məsələlərdən bəhs edib. Göstərib ki,  qarşıda duran vəzifələrdən biri çatışmazlıqların aradan qaldırılmasıdır, idarəetmədə müasir yanaşmanın tətbiq edilməsidir, müasir texnologiyaların ölkəmizə gətirilməsidir. Çünki biz bundan sonra meliorativ tədbirləri, necə deyərlər, dədə-baba üsulu ilə apara bilmərik. Dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirilməlidir, sudan səmərəli istifadə edilməlidir. Mövcud problemlərdən biri də itkilərin böyük həcmdə olmasıdır. Uçotun olmaması, əlbəttə ki, bizim işimizi çətinləşdirir. Ona görə itkilərin azaldılması ən vacib problemlərdən biridir. Eyni zamanda kanalların təmiri və yenidən qurulması da önəmli vəzifələrdən biridir. Ona görə də biz canımızı torpaq kanallardan qurtarmalıyıq, müasir tipli kanallar çəkməliyik, dünyanın ən müasir texnologiyaları ölkədə tətbiq olunmalıdır. 

        Ölkə rəhbəri kənd təsərrüfatının dayanıqlı inkişafı məsəsindən danışarkən bir sıra həlli vacib layihələr barədə mülahizələrini bildirib: “Biz bundan sonra da kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlarımızı dəstəkləyəcəyik. Artan subsidiyalar bunu bir daha göstərir. Ancaq burada yeni yanaşma olmalıdır, müasir tələblərə uyğun yanaşma. Çatışmazlıqlar çoxdur, ilk növbədə  suyun ədalətsiz bölüşdürülməsi halları aradan qaldırılmalıdır.  

       Prezident azad edilmiş torpaqlarda meliorativ tədbirlərin görülməsi ilə bağlı fikirlərini bildirib. . Azad edilmiş torpaqlarda böyük su mənbələri mövcuddur, lakin biz 30 ilə yaxın müddətdə bu imkanlardan məhrum idik. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini, o cümlədən bu sahədə də aparırdı və bizə qarşı ekoloji terror təşkil edilmişdir. Meşələrin qırılması, qoruqların məhv edilməsi – 54 min hektar meşə sahəsi ermənilər tərəfindən kəsilib, dağıdılıb, talanıb, oğurlanıb və bu, böyük cinayətdir. Onlar bizi sudan məhrum etmişdilər. Sərsəng su anbarı və Suqovuşan su anbarı onların nəzarətində idi. Bu iki su anbarını 1970-ci illərdə ulu öndər Heydər Əliyev tikdirmişdir. O vaxt bu mənbədən 100 min hektara yaxın torpağa su verilirdi, eyni zamanda, Suqovuşandan da. Ağdam rayonunda Xaçınçay su anbarı, Füzuli şəhərinin, daha doğrusu, dağıdılmış şəhərin yaxınlığında su anbarı yerləşir. Azad edilmiş torpaqlarda digər su anbarları, böyük çay resursları da var. Onların bütün parametrləri təhlil edilməlidir. Tərtərçay bir çox yerlərdə demək olar ki, qurumuşdu. İndi biz Tərtərçaya qayıtmışıq, onun mənbəyinə qayıtmışıq. Bazarçay – ona Bərgüşad çayı da deyirlər, Həkəri çayı, Oxçuçay – bir çox çaylar, 10-dan çox çay orada formalaşır. Əlbəttə ki, biz bu su anbarlarından və çayların sularından səmərəli şəkildə istifadə edəcəyik. Azad edilmiş torpaqlarda ən böyük su mənbəyimiz qonşu İranla sərhəddə yerləşən Xudafərin və Qız Qalası su anbarlarıdır. Zəngilan, Cəbrayıl, Qubadlı və digər bölgələrə biz bu su anbarlarından su götürüb, ondan səmərəli şəkildə istifadə edə bilərik. Bu, bizim böyük potensialımızdır.

       Prezident tapşırıb ki, həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində bütün su ehtiyatlarımızın potensialı dəqiq təhlil olunmalıdır. Bu su ehtiyatlarından maksimum səmərə ilə istifadə etmək üçün konkret proqramlar və təkliflər təqdim edilməlidir. Əsas prinsip müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik olmalıdır ki, Azərbaycan vətəndaşları, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlar öz həyatlarında müsbət dəyişiklikləri görsünlər. Harada ki, müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik, vicdan varsa, orada nəticə də olacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir