• Ca. Noy 28th, 2024

Ermənistanın çaşbaş qalan cəmiyyəti – xülyalardan qurtulmayan erməni elitası – ŞƏRH + FOTO

ByYenigun.news

Sen 21, 2022

Ermənistan cəmiyyəti yenə qeyri-müəyyən vəziyyətdədir. Bir qrup onu Qərbə, digər qrup isə Rusiyaya doğru çəkməyə çalışır. Bu çəkhaçəkdə Azərbaycana qarşı işğalçılıq iddiaları irəli sürülür.

Son günlər İrəvanda Rusiyaya və onun sponsorluq etdiyi təşkilatlara qarşı çıxışlar olub. Aksiya iştirakçıları Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasını tələb edərək Moskvanın ünvanına tənqidi fikirlər səsləndiriblər. Bu aksiyalar 2018-ci ildən əvvəl indiki baş nazir Nikol Paşinyanın KTMT və Avrasiya İqtisadi İttifaqına qarşı çıxışlarını yada salır. Həmin dövrdə müxalifət təmsilçisi sayılan Paşinyan ölkəsinin bu iki təşkilatdan çıxmasını tələb edir, onların Ermənistan üçün əhəmiyyətinin olmadığını söyləyirdi. O, hətta parlamentin gündəliyinə də bu məsələlərin daxil edilməsinə nail olmuşdu. Ancaq onda Paşinyanın təklifləri yetərincə səs ala bilməmişdi. Hökumət başına gələndən sonra onun Rusiyaya və əleyhinə çıxdığı təşkilatlara münasibəti 180 dərəcə dəyişdi. Bu günlərdə isə Paşinyan hakimiyyətinin siyasi oriyentasiyası ilə bağlı yeni bəyanatla çıxış edib. Hökumət başçısı Azərbaycanın onun başçılıq etdiyi hakimiyyətin guya rusiyayönlü olduğunu Qərbdə təbliğ etdiyini iddia edir. Ancaq görünən odur ki, Paşinyan ABŞ və Avropa İttifaqı rəsmiləri ilə görüşdə özünü, hökumətini qərbyönlü, Vladimir Putin və Kremlin başqa rəsmiləri ilə görüşdə isə rusiyayönlü sayır.

Ötən gün İrəvanda “Ermənistanın gələcəyi Rusiyaya bağlıdır!” şüarı altında Rusiya ilə həmrəylik aksiyası keçirilib. Yürüş iştirakçıları istəklərini Moskvanın İrəvandakı səfirliyinə təqdim ediblər. Hökuməti dəstəkləyən sosial şəbəkə və KİV-də də Rusiyaya münasibət birmənalı deyil. Bir qrup Paşinyanı Rusiya ilə əlaqələri zəiflətməkdə və ABŞ-a meyillənməkdə ittiham edir, digər qrup isə əksinə, Rusiya KİV-i və KTMT-ni sərt ifadələrlə tənqid edir.

Bu günlərdə keçmiş prezident Robert Koçaryan da üzə çıxıb. O, heç yerə getmədiyini və “mübarizəni davam etdirdiyini” açıqlayıb. İndiyədək müxalifətin arxasından boylanan, əli azərbaycanlıların və ermənilərin qanına bulaşmış bir siyasətçinin siyasi səhnədə görünməsi başqa mətləbdən də xəbər verir. Onun birmənalı olaraq, rusiyayönlü olduğu sirr deyil. Koçaryan Paşinyandan fərqli olaraq, özünü həm qərbli, həm də rusiyayönlü kimi göstərə bilmir. Bu qarışıqlıq və qeyri-müəyyənlik hökumətin itkiləri ilə bağlı dəqiqləşdirmə apara bilməməsinə səbəb olub. Bu günədək Ermənistan Müdafiə Nazirliyi sentyabrın 12-13-də sərhəddəki toqquşmada ölən hərbçilərinin siyahısını açıqlamayıb. İtkilərin sayı və siyahısının gizli saxlanılması cəmiyyətin hazırlanması üçün vaxt udmağa hesablanıb. Yeri gəlmişkən, 44 günlük müharibədə də ölənlərin tam siyahısını hələ ki Ermənistanda bilən yoxdur. Döyüşlərdə ölən hərbçilərin yaxınları hökumət evi və Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirir, hakimiyyətdən övladları ilə bağlı məlumat tələb edirlər. Onlar Ermənistanın dövlət bayrağını yerə atıb tapdalamaqla etirazlarını bildirirlər.

Sentyabrın 21-i Ermənistanın müstəqilliyi günüdür. Paşinyanın bununla bağlı “Erablur” panteonuna ziyarəti çox qısa sürüb. Ora ölən hərbçilərin valideynləri və qohumları da toplaşıblar. Onlar Paşinyanın əraziyə gəlməsinə mane olmağa çalışıblar. Rəsmi İrəvanın ölən əsgər ailələrinə və yaxınlarına belə zorakı münasibəti cəmiyyətdə etirazları qızışdırır.

Müqayisə etmək düzgün olmasa da, qeyd etmək lazımdır ki, Azərbaycan hakimiyyəti Ermənistandan fərqli olaraq, cəmiyyətlə açıq, şəffaf, dürüst kommunikasiya siyasəti aparır. Şəhidlərin hamısının adları rəsmi qaydada açıqlanıb, şəhid ailələri, müharibə veteranları birbaşa Prezident İlham Əliyevin, Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunurlar. Onların sosial müdafiəsi üçün tədbirlər davam etdirilir. Əgər müqayisəni davam etdirsək, Azərbaycanın mövqeyi və müttəfiq olduğu dövlətlər, yürütdüyü xarici siyasət də məlumdur. Bu baxımdan, rəsmi İrəvan Bakıdan xeyli geri qalır.

Nəhayət, Ermənistanın qeyri-müəyyənliyi, Qərblə Rusiya arasında çapalaması, yaxud nala-mıxa vurması regionda təhlükəsizliyi, sülhü, əməkdaşlığı təhdid edir. Bu ölkədən istənilən vaxt təxribat və təhrikedici davranış gözləmək mümkündür. Sentyabrın 12-13-də sərhədyanı ərazidə Ermənistanın törətdiyi genişmiqyaslı təxribatı buna nümunə göstərmək olar. Bu ölkədə hakimiyyət və müxalifətdə konkretlik yoxdur. Ermənistanın bütövlükdə siyasi elitası sayılan təbəqənin proqramı mövcud deyil. Əvvəllər onlar “Qarabağ” şüarı ilə dövləti də, cəmiyyəti də idarə edə bilirdi. Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad etməklə o ölkənin siyasi hakimiyyəti və müxalifətini şüar baxımından da tərksilah edib. Çünki bu ölkədə cəmiyyət 30 il əsassız və saxta ideyalarla idarə olunub. Yürüdülən və iddia olunan belə siyasi kurs isə Ermənistan cəmiyyətini çıxılmaz vəziyyətə salıb. Siyasi elita və havadarların ölkə əhalisini yenidən əvvəlki uydurmalarla idarə etməsi cəhdlərinin uğur qazanması isə mümkün deyil. Çünki regionda və dünyada çox mətləblər dəyişib.

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir