• Ç. Noy 27th, 2024

İrandakı “ox”lar: Hədəfdə olanlar, hakim elitadakı “gizli əl”lər, ali mənsəb uğrunda çəkişmə – TƏHLİL

ByYenigun.news

Sen 23, 2022

İdeoloji dilemmalar, iğtişaşlar, etirazlar ölkəsi olan İranda cərəyan edən təhlükəli hadisələr İslam Respublikası qurulduqdan sonra davam edən çaxnaşmalar dastanının ardıdır.

İslam İnqilabının bəhrəsi olan müasir İranın beynəlxalq gündəlikdəki yeri də mübahisələr doğurur və məsələyə yanaşmada Qərbin özündə belə, ikitirəlik mövcuddur.

Üstəgəl, İran İsrail kimi kiçik, lakin qüdrətli dövlətin basqıları və kəşfiyyat həmlələri qarşısında əzilir.

İranın yaxınlığındakı Cənubi Qafqaz coğrafiyası üzərində cəmləşən nəzərlərin iti baxışlara keçməsi də dünyada sərhədlərin, xəritələrin dəyişdirilməsi cəhdləri fonunda Tehranın əleyhinə işləyir.

Buna görə də İrandakı kütləvi iğtişaşlar və ali rəhbərlik əleyhinə düzülən sapandlardan atılan daşları xarici “gizli əllər”lə paralel formada diqqətdə saxlamaq lazımdır.

Etirazlar silsiləsində növbəti səhifələri yazanlar hakimiyyətdaxili çəkişmələrin tərəfləridir və təəccüblü gəlsə də, onlar “xarici qələmlər”in gücündən məharətlə istifadə edirlər.

Ona görə də hakimiyyətin ən ali zirvəsi sayılan ali liderlik uğrundakı mühafizəkarlarla liberallar arasındakı çarpışmada birincilər “xarici qüvvə” amilinin İrana uzanan əllərindən danışırlar, ikincilər isə Qərbin liberal ideyalarını əllərində bayraq tuturlar.

İşin əsli çoxşaxəli predmetlərlə əlaqəlidir və bir-birinə bağlı olan səbəblər zəncirinin nəticələridir.

Həmin nəticələr yeni nəticələrə hazırlıq məşqləridir, yəni İranda tüğyan edən mitinqlərin məğzi ölkədəki hazırkı idarəetmə sistemi ilə post-Xamenei dövrü arasındakı keçid mərhələsidir.

Hazırda ali lider Seyid Əli Xameneinin yerinə yiyələnmək uğrunda iki fiqur oyun oynayır – biri ali liderin oğlu Müctəba Xamenei, digəri isə Prezident İbrahim Rəisidir.

İran siyasi elitasının psixoloji mühiti ilə real dünya arasındakı balansın kəskin pozulması isə həmin mübarizənin şiddətini artırır və bunun bəzi işartıları küçələrdə, meydanlarda təzahür edir.

“Küçələr”, “meydanlar” deyərkən qavrayışımızda xalq anlayışı avtomatik canlanır, məsələ istər-istəməz təbii şəkildə də olsa sinxronluq təşkil edir.

İranda xalqın kasıb təbəqəsi inqilabın və ya mitinqlərin hərəkətverici qüvvəsi deyil, İslam Respublikasının hissləri alovlanan qismi orta təbəqədir.

İslam İnqilabının övladı olan şəriət əsaslı Konstitusiya müxtəlif siniflərin koalisiyasının nəticəsi olsa da, vurğulamaq lazımdır ki, bunun ərsəyə gəlməsində əsas rolu orta sinif oynayıb.

Orta sinifdən təkamül edən başqa bir qrup isə liberal dəyərlər şüuru ilə böyüyüb və indi onlar ölkədə ayrı ideoloji idealları yayırlar. Onların istəkləri təkcə iqtisadi-sosial tələblərə yox, həm də mədəni, sosial, siyasi motivlərə də söykənir.

Teokratik rejimin qaymaqları, yəni yuxarı təbəqə mühafizəkar ictimai-siyasi nizamı saxlamaqda maraqlıdır, çünki bu, onların sərvət toplaması, varlanması və hakimiyyəti konservativ əsaslarla bərkitməsi üçün əlverişli şərtlərin məcmusudur.

Orta təbəqə hakimiyyətə müxalif dairələrin əlinin güclənməsinə rəvac verir, lakin onun ali lider seçilməsi prosedurlarında rolu yoxdur, yəqin, buna görədir ki, hakimiyyət iyerarxasiyasının postulatlarında dəyişikliyə nail olmaq hədəflənir.

Lakin orta təbəqə İslam İnqilabından sonrakı periodda hakimiyyətin dayaqlarını laxladan seysmik dəyişikliklərin müəllifinə çevrilə bilməyib, ideologiya cəhətdən liberal cəhətləri özündə birləşdirsə də, o, sosial-siyasi imtiyazlarını gücləndirmək niyyətlərini güdür.

İranda orta təbəqənin hakimiyyətdəki “nümayəndələri” də var, yəni gərgin situasiya onlara hakimiyyət nərdivanında daha üstün pillələrə çıxmaq üçün vasitələr toplusuna çevrilir.

İstər mühafizəkar, istərsə də liberal xətt tərəfdarlarının arasında isə SEPAH kimi güc “incə balans”la dayanır və o, proseslərə yön verir, tənzimləyir, İranın “qırmızı xət”lərinin aşılmasına imkan verməmək şərtilə gah o tərəfə, gah da bu tərəfə əyilir.

Seyid Əli Xamenei əcəl yaşı çatmaq həddinə qədər yaşlanıb, ara-sıra onun ölüm xəbərinin yayılması da iqtidardakı ali mənsəb hərislərinin nəbz yoxlamaq məqsədli əl işi ola bilər.

İrandakı ucalan etiraz səslərinin xarici qüvvələrlə harmoniyasını ölkənin xarici siyasət kursundakı elementlər formalaşdırır, proses isə təbii şəkildə baş tutur.

İranın beynəlxalq nizama baxışı qlobal gücün iki oxuna əsaslanır. Tehran elə düşünür ki, dünyadakı liberal nizam dağılır və ABŞ-ın hegemonluğu azalır. Buna görə də Rusiya və Çin mərkəzli nizam İran dövlətinin gözündə yüksələn ox kimi görünür. Bununla da İran “nə Şərq, nə də Qərb” konsepsiyasından əl çəkərək Moskva və Pekinlə əməkdaşlıq formatının dərinləşməsinə can atır.

İslam Respublikasının belə duruşu, təbii ki, onun Qərbdəki rəqiblərinin, əsasən də, ABŞ və Britaniyanın gözündən yayınmır, bura İsrail amilini də əlavə etsək, vəziyyət ən qəliz labirintə doğru itələnir. Nəticə etibarı ilə İran hədəf taxtasında oturdulur və ona qarşı atıla biləcək bıçaqlar itilənir.

NƏTİCƏLƏR:

1. İranın böyük planlardakı yeri ölkədəki hakimiyyət kürsülərini ələ keçirmək üçün fürsətlər təqdim edir;

2. İrandakı hakim siyasi elitanı SEPAH qoruyur, lakin situasiya dəyişərsə, SEPAH öz qaranlıq tərəflərinin üzə çıxmaması şərtilə mövqeyini dəyişə bilər.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir