• Ç. Noy 27th, 2024

Qafqazda nüfuz savaşı, yoxsa iki ölkə arasında ABŞ-ın vasitəçilik niyyəti? – TƏHLİL + FOTO

ByYenigun.news

Sen 24, 2022

Politoloqlar hesab edirlər ki, əgər ABŞ siyasi elitasında regiona münasibət dəyişibsə, daha konkret və postmünaqişə dövrünə uyğun təkliflər olacaqsa, Azərbaycan bu ölkənin vasitəçilik cəhdindən istifadə edə bilər. Yox, əgər Minsk qrupunun canlandırılmasını, münaqişə gündəliyini təzələmək, yenə də status məsələsini gündəmə gətirmək istəyirsə, heç nə alınmayacaq. 

Kaspi qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında danışıqların aparılması üçün, əsasən, iki vasitəçilik təşəbbüsü müşahidə edilib. Əsas vasitəçilər Rusiya və Avropa İttifaqı olub. Diqqət yetirsək, Rusiyanın vasitəçiliyi daha çox 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın yerinə yetirilməsinin təmin edilməsinə yönəlib. Eləcə də Avropa İttifaqının təmsilçisi Şarl Mişelin vasitəçiliyi ilə aparılan görüşlərdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması ilə bağlı məsələlər müzakirə edilib. Amma ötən iki ilə yaxın müddətdə Ermənistanın pozucu davranışları buna imkan verməyib. Müxtəlif dövrlərdə Ermənistan təxribatlar törədərək verdiyi sözdən qaçıb, danışıqların pozulmasına rəvac verib. Son olaraq, sentyabrın 12-də Ermənistanın diversiya qrupunun Azərbaycanın nəzarətində olan ərazilərə keçməsi və təxribatlar törətməsi bir daha rəsmi İrəvanın verdiyi sözlə əməlinin üst-üstə düşmədiyini sübut etdi. Bütün bunlara baxmayaraq, Azərbaycan yenə də danışıqların davam etdirilməsindən yanadır. Bu kontekstdə diqqəti cəlb edən digər məqam sərhəddəki son toqquşmalardan sonra ABŞ-ın da vasitəçi kimi fəallaşmasıdır. Bu fəallaşmanın nəticəsi olaraq geridə qalan həftə Nyu-Yorkda ABŞ-ın dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüşün keçirilməsini qeyd edə bilərik. Yəni indiyədək Rusiya və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar bu dəfə ABŞ dövlət katibinin şəxsən iştirakı ilə davam etdirilib. Bəs, görəsən, ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlardan nə isə gözləmək olarmı?          

“Bu məsələdə ən fəal Rusiya-Türkiyə tandemidir”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirdi ki, bir çox fövqəlqüvvələr Azərbaycan və Ermənistan arasındakı danışıqlarda vasitəçilik üçün cəhdlər edirlər: “Əslində, bu məsələdə ən fəal Rusiya-Türkiyə tandemidir. Çünki onların fəaliyyəti nəticəsində Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb. Tərəflər arasında danışıqlar formatına gəlincə, ayrı-ayrı ölkənin təşəbbüsü ilə bir neçə görüş keçirilib. Amma konkret hansısa imzalanmış sənədlər yoxdur. Bəyanatlar verilir, ümumi tezislər səslənir və sair. Yəni bunları tam şəkildə vasitəçilik kimi qəbul eləmək hələ tezdir”.


“Amerika bölgədəki nüfuzunu artırmaq istəyindədir”

T.Zülfüqarov qeyd etdi ki, ABŞ-ın vasitəçilik niyyəti bölgədə öz nüfuzunu qorumaq istəyindən irəli gəlir: “Bəlkə də, Amerika nüfuzunu artırmaq istəyindədir. Xüsusilə bu, o fonda diqqət çəkir ki, indi Rusiyanın diqqəti tam şəkildə Ukraynaya yönəlib. Bununla da Qafqazda Rusiyanın zəifləməsi gözləniləndir. Bəlkə də, proseslərin sonunda Rusiya tamamilə bu bölgəni tərk edəcək. Bu şəraitdə ABŞ istəyir ki, regionda hansısa formada mövqe tutsun. ABŞ vasitəçilik imkanlarından istifadə edərək bu istəyinə nail olmağa çalışır. Amma hələ ki danışıqlar prosesində onları fərqləndirən ciddi nəsə görmürəm. Amma potensial böyükdür. Çünki ABŞ fövqəldövlətdir, dünyada dominant gücdür. Bu baxımdan düşünürəm ki, Vaşinqtonun vasitəçiliyi ilə danışıqlar prosesində hansısa irəliləyişlər olacaq”.

“ABŞ-ın vasitəçiliyinin faydalı olacağı ilə bağlı şübhələr var”

Politoloq İlqar Vəlizadə bildirdi ki, ABŞ-ın vasitəçiliyi özünü doğrulda bilər: “Amma bu şərtlə ki, doğrudan da, məsələyə obyektiv, neytral yanaşsın. ABŞ dövlət katibi Blinkenin təşəbbüsü, əlbəttə ki, təqdirəlayiqdir. Lakin digər tərəfdən başqa bir mənzərənin şahidi oluruq. ABŞ-ın hakim partiyasının çox nüfuzlu üzvü, Konqresin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistana səfəri çərçivəsində anti-Azərbaycan ritorikası ilə çıxış edir, ölkəmizi günahlandırır. Bu şəxs siyasi məsələlərdə təsirlərə malikdir və xüsusilə Demokratlar Partiyasında ab-hava yarada biləcək fiqurdur. Yəni bir tərəfdən ABŞ tərəflər arasında vasitəçilik edib nəyəsə nail olmaq istədiyini nümayiş etdirir, digər tərəfdən ölkə təmsilçisi Ermənistana səfər edib birtərəfli açıqlamalar verir. Nümayiş etdirilən bu ikitirəliyi nəzərə alsaq, ABŞ-ın vasitəçiliyinin faydalı olacağı ilə bağlı şübhələr var”.


Əgər ABŞ Minsk qrupunun canlandırılmasını istəyirsə… 

Politoloq vurğuladı ki, ABŞ-dan fərqli olaraq digər vasitəçilər daha vahid platformadan çıxış edirlər: “Avropa İttifaqının, Rusiyanın vasitəçilik missiyalarında ziddiyyətlər daha azdır. Avropa İttifaqının aparıcı simaları Şarl Mişel, Cozef Borel və digərləri vahid mövqedən çıxış edirlər. Ona görə də danışıqlar daha məhsuldar keçir. Rusiyaya baxsaq, görərik ki, prezident Putin və xarici işlər naziri Lavrov da eyni mövqedə olurlar. ABŞ və Fransa rəsmilərinin mövqeləri isə fərqlidir. Fransa da erməni lobbisinin təsiri altında birtərəfli mövqe ortaya qoyur”.

İ.Vəlizadənin sözlərinə görə, əgər ABŞ siyasi elitasında Azərbaycan və Ermənistan arasındakı ixtilaflara münasibət dəyişibsə, daha konkret və postmünaqişə dövrünə uyğun  təkliflər olacaqsa, Azərbaycan bu vasitəçilik cəhdindən istifadə edə bilər: “Yox, əgər ABŞ Minsk qrupunun canlandırılmasını, yenə də status məsələsini gündəmə gətirmək istəyirsə, onda hansı vasitəçilikdən söhbət gedə bilər?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir