İran və Azərbaycan arasında ilk növbədə informasiya sahəsində gərginlik həftələrdir davam edir.
İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə, noyabrın 7-də İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi bəyanat yayıb ki, bu yaxınlarda İranın Şiraz şəhərində Şahçıraq mavzoley-məscidində törədilən terror aktının təşkilatçıları arasında Azərbaycan vətəndaşı da var.
Öz növbəsində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) qeyd edib ki, sosial şəbəkələrdə uydurma “İran Naxçıvan Xalq Hərəkatı” adından Naxçıvanla bağlı təxribat xarakterli məlumatlar dərc olunur. Guya yerli əhalinin İran İslam Respublikasına qoşulmaq istəyini bildirməsindən bəhs olunur.
Bundan əvvəl noyabrın əvvəlində Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanda İran xüsusi xidmət orqanlarının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmənin ifşa edildiyi barədə məlumat vermişdi. Qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirak etdiyi müəyyən edilən Azərbaycan Respublikasının vətəndaşları saxlanılmışdı. Noyabrın 7-də isə İranın “Black Rewards” haker qrupu İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının Azərbaycandakı iranlı əməliyyatçılara ödənişlər etdiyi ilə bağlı daxili sənədlərini ictimailəşdirib.
Bu arada Rusiya Beynəlxalq Məsələlər Şurasının (RBMŞ) eksperti, şərqşünas Kirill Semyonov bir neçə gün əvvəl mətn dərc edib ki, orada Tehranın son hərəkətlərinə də toxunub. Mətndə qeyd edilib ki, İranın son hərəkətləri Bakını Fars körfəzi ölkələri (ərəb – red.) – Azərbaycan – İsrail üçbucağında qarşılıqlı fəaliyyətə sövq edib. Bu barədə hələ bir neçə il əvvəl geosiyasət üzrə ekspert, professor Maykl Tançam bəhs etmişdi. Bu gün Kirill Semyonov Oxu.Az-a müsahibəsində İran ətrafındakı vəziyyəti şərh edir.
– Ən azı informasiya sferasında İrana müqavimət göstərə biləcək Fars Körfəzinin ərəb ölkələri – Azərbaycan – İsrail timsalında üçbucaq yaratmaq doğrudan mümkündürmü? Və əgər belədirsə, bunu İranın özündə də anlayırlarmı? Çünki məhz İran vəziyyəti gərginləşdirməkdə davam edir.
– İranın özünə gəlincə, o, proaktiv yox, reaktiv hərəkət edir. Tehran özünün xarici və daxili siyasət narrativlərinin girovuna çevrilib və başqa cür hərəkət edə bilməz. Nəsə baş verdiyi zaman İran orada İsrail izini axtarmağa başlayır, bütün qonşularını günahlandırır. Bu, indiki İran rejiminin mövcudluğu üçün zəruri şərtdir. Xarici düşmənlərin axtarışı İran ideologiyasının bir hissəsidir. Daha sonra bu xarici düşmənlər mütləq İsraillə əlaqələndirilir. Ona görə də biz Tehranın Azərbaycana qarşı ittihamlarını görürük.
İndi sizin soruşduğunuz və haqqında yazdığım üçbucaq haqqında danışım. Bu barədə hələ bir neçə il əvvəl söhbət gedirdi, lakin o zaman belə bir əməkdaşlığın mümkünlüyü ilə bağlı şübhələr var idi. Türkiyə ilə BƏƏ, həmçinin ərəb dövlətləri ilə İsrail arasında problemlər var idi. Amma indi görürük ki, bir çox problemlər keçmişdə qalıb.
Azərbaycan üçün ərəb dövlətləri ilə əməkdaşlığı gücləndirmək heç də çətin deyil. Üstəlik də, söhbət hansısa hərbi blokdan yox, xüsusi xidmət orqanları səviyyəsində mümkün məsləhətləşmələrdən, İranın informasiya hücumlarının dəf edilməsi çərçivəsində birgə informasiya və təbliğat tədbirlərindən gedir.
Bu cür qarşılıqlı əlaqələrin yaranması mütləq şəkildə önəmlidir. Xüsusən də Azərbaycan, Körfəz ölkələri və İsrailin ortaq bir rəqiblərinin olması barədə anlayışları var. Yeri gəlmişkən, Türkiyənin İranla öz münasibətləri var, amma türk faktorunun üçbucaq daxilində bu tərəfdaşlığa daxil edilməsi mütləq deyil.
– Bəs ay yarımdan çoxdur İranda davam edən kütləvi aksiyalar barədə nə deyə bilərsiniz? Bəlkə, bu aksiyalara görə Tehranın ritorikası sərtləşir? Bu, nəticədə əhalinin diqqətini etirazlardan yayındırmaq cəhdidirmi?
– Burada çox güman ki, daxili etirazları kənar təsirlə əsaslandırmaq cəhdləri özünü göstərir. Etirazların daxili problemlərə görə deyil, kənardan ilhamlanaraq yarandığını sübut etməyə səy göstərilir. Buna görə də İran hakimiyyəti etirazçılarla xarici qüvvələr arasında əlaqələr axtarmaqla məşğuldur. Təbii ki, bütün bunlar İsrailə, Səudiyyə Ərəbistanına və Azərbaycana bağlanacaq.
– Yeri gəlmişkən, iranlı ekspertlər İsraili daim öz ölkələrinin qərb istiqamətində deyil, şimalında, Azərbaycan istiqamətində axtarmaqla məşğuldurlar…
– Eynilə İranda Suriya istiqamətində hərbi əməliyyatlar da İsrailə qarşı müharibə hesab olunur. İranlılar hər yerdə İsrail faktoru axtarırlar. “Amerikaya ölüm”, “İsrailə ölüm” şüarları altında Səudiyyə Ərəbistanı ilə vuruşan husilərin (Yəməndə fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən hərbiləşdirilmiş şiə qrupu – red.) ritorikasına baxın. Bu şüarların İran xomeynistlərindən götürüldüyünü təxmin etmək çətin deyil. İran istənilən dost olmayan mövqeni İsrail və ABŞ prizmasından izah edir.
– Bəs daxili etirazlara məruz qalan İran müharibə aparmağa, döyüş əməliyyatlarına başlamağa, kiməsə hücum etməyə qadirdirmi?
– İran heç vaxt təkbaşına müharibəyə başlamayacaq. Bunun üçün o, “müqavimət oxu” yaradıb ki, buraya başqa dövlətlərdə yerləşən müxtəlif qruplaşmalar daxildir. Bu qruplaşmalar İraqda, Suriyada və s. mövcuddur. İran hərbi əməliyyatların başlanmasına görə məsuliyyəti üzərinə götürməyəcək. İran həmişə başqalarının əli ilə, “proksi-qüvvələr”lə hərəkət edir. İran İsrailə qarşı Livan “Hizbullahı”nın əli ilə, Suriyada İraq və Suriya xomeynistləri və digər şiə qruplarının və s. köməyi ilə müharibə aparır.
– Bəs Azərbaycandan danışsaq, o zaman İranın həmin “proksi-qüvvəsi” kim ola bilər?
– İranın Azərbaycana qarşı hər hansı müharibəyə başlayacağını düşünmürəm. Amma Azərbaycanın özündə “proksi-qüvvələr” yaradacaq. İran məhz belə hərəkət edir. Tehran hətta Nigeriya və Venesuelada da öz təsir şəbəkələrini yaradıb.
Azərbaycanda ayətullahların ideologiyasının təsiri altına düşə biləcək xeyli sayda şiə var. Bu halda ölkəniz üçün əsas təhlükə – yatmış iranpərəst hücrələrdir.
Nair Əliyev