Noyabrın 4-də Xankəndidəki separatçı rejimin “dövlət naziri” təyin edilən Ruben Vardanyana son vaxtlar Rusiya teleməkanında geniş yer verilir. Qondarma rejimin təmsilçisi olan erməni əsilli rusiyalı biznesmen və “siyasətçi” isə tapdığı hər fürsətdə Azərbaycan əleyhinə fikirlər səsləndirir, ittihamlarla çıxış edir. Ruben Vardanyana tribuna verənlərdən biri də məşhur “Dojd” telekanalıdır. Media məkanının bu addımı isə azad seçimdən daha çox, Rusiyanın Qarabağla bağlı irəli sürdüyü növbəti layihəyə bənzəyir. Çünki sözügedən telekanal Azərbaycan torpaqları işğaldan azad edildikdən qısa müddət sonra “Burada və İndi” layihəsi çərçivəsində Füzulidən reportaj hazırlamış, həmin reportajda 1890-cı ildə inşa edilmiş və işğal dövründə dağıdılmış Hacı Ələkbər məscidinə, eləcə də digər dağıntılara yer verərək erməni vəhşiliyini dünyaya nümayiş etdirməyə çalışmışdı.
Görünən odur ki, iki il əvvəl Rusiya tərəflər arasında vasitəçi olmaq üçün özünü obyektiv göstərməyə çalışıb, bu gün isə reallıqlarla üz-üzə dayanıb. Artıq onun vasitəçiliyinə ehtiyacın qalmadığını, sülhməramlıların 2025-ci ildə Qarabağdan çıxdıqdan sonra tərəflərin təkbaşına öz müqəddəratlarını həll edəcəklərini gördüyü üçün şimal qonşumuz Cənubi Qafqazda gərginliyi artırmağa meyil edir.
Məsələ ilə bağlı Oxu.Az-a danışan politoloq Araz Aslanlı qeyd edib ki, Rusiyanın uzun müddətdir apardığı siyasət yüksək səviyyədə elan etdiyi tarixi və mədəni əlaqələr, eləcə də qonşuluq prinsipinə uyğun gəlmir:
“Təəssüf ki, Rusiyada regionda sülhü arzulamayan, revanşizmi təlqin etməyə çalışan, Rusiyanın neoimperial maraqlarını ön plana çəkməyə cəhd edən meyillər vaxtaşırı müşahidə olunur. Rusiya regiona bağlı qüsurlu siyasət yürüdür və keçmiş sovet respublikalarına neoimperial maraqlar çərçivəsində baxır. Rusiyanın davranışlarını bəzən erməni lobbisinin fəallığı ilə əlaqələndirirlər, amma bu, doğru deyil. Vəziyyət daha çox Rusiya dövlətinin daxilindəki güc mərkəzlərinin qüsurlu yanaşmasından qaynaqlanır. Doğrudur, dövlət başçıları səviyyəsində, eləcə də digər yüksək səviyyəli görüşlərdə Azərbaycanda rus mədəniyyətinə qayğını ön plana çıxarırlar, bunu yüksək qiymətləndirirlər. Ermənistanda isə rus dili və mədəniyyəti ilə bağlı vəziyyətin necə acınacaqlı olduğunu bilirik, amma yenə də həmin görüşlərdə verilən müsbət açıqlama bir kənarda qalır və mütəmadi olaraq dövlət səviyyəsində təxribat meyilləri ortaya çıxır. Bütün bunlar Rusiyada dövlət səviyyəsindəki strateji qüsurlu yanaşmadan qaynaqlanır”.
Politoloq Samir Hümbətov isə hesab edir ki, bu, Rusiyanın nə ilk, nə də sonuncu işidir:
“Bu cür addımlar Rusiyanın ənənəvi siyasətinin tərkib hissələrindən biridir. Rusiya zaman-zaman Cənubi Qafqazla bağlı belə ziddiyyətli addımlar atmaqla, əslində, özünün Cənubi Qafqaz siyasətini həyata keçirməyə çalışır. Bu baxımdan hesab edirəm ki, onun belə hərəkətlər nümayiş etdirməsi təbii haldır. Lakin bu bizim üçün xoş bir hal hesab edilə bilməz. Çünki biz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarıyıq. Belə proseslərin baş verməsi onu göstərir ki, Rusiyanın məqsədi heç də Cənubi Qafqaza sülh gətirmək deyil, burada əsas məqsəd tərəflər arasında münaqişəni daha da qızışdırmaq, gərginliyi mütəmadi olaraq saxlamaq və bu gərginliklə öz maraqlarını təmin etməyə çalışmaqdır”.
Siyasi şərhçi bildirib ki, Avropa İttifaqı tərəfindən vasitəçilik missiyasının həyata keçirilməsi Rusiyanın xoşuna gəlmir:
“Rusiya Cənubi Qafqazda digər dövlətlərin və yaxud da güc mərkəzlərinin hakim mövqe tutmasını istəmir. Ona görə də bütün imkanlarından istifadə edərək prosesi pozmağa çalışır. “Dojd” kanalının Ruben Vardanyana belə tribuna verməsi ondan xəbər verir ki, Qarabağda rusların fəaliyyəti heç də nizamnaməyə uyğun olaraq sülhməramlı missiyasından ibarət deyil. Əsas məqsəd erməni əsilli Azərbaycan vətəndaşlarının azərbaycanlılardan izolyasiya edilməsi və orada qondarma rejimin saxlanmasına nail olunmasıdır. Düşünürəm ki, belə bir proses, əlbəttə ki, Azərbaycan tərəfindən sadəcə müşahidə ediləsi deyil. Cavab mütləq veriləcək. Hətta hesab edirəm ki, bu proseslər Azərbaycanın rəsmi şəkildə rus “sülhməramlılar”ının bölgədən çıxarılmasını tələb etməsinə gətirib çıxara bilər. Görünür ki, Rusiyanın ağlında hələ də 1990-cı illərin Azərbaycanı qalıb və elə bilir ki, Azərbaycan onun üçün 1990-cı illərdə yeni müstəqillik əldə etmiş bir dövlətdir. Ona görə də Azərbaycanın xarici maraqlarına kölgə salmağa çalışır”.
Samir Hümbətov prosesin 22 fevral 2022-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın müddəalarına da zidd olduğunu vurğulayıb:
“Rusiyanın məqsədi bölgəni yenidən qarışdırmaq və “sülhməramlılar”ın fəaliyyətini beş il deyil, daha uzun müddətə artırmaqdır. Bununla bağlı məlumatı artıq Paşinyan Soçi görüşündə vermişdi. Bütün proseslərin başında Rusiyanın Cənubi Qafqazda möhkəmlənmək siyasəti durur. O baxımdan bu cür proseslərin sıxlıqla davam etdirilməsi ehtimalı daha çoxdur və buna real yanaşıram”.
Sayad Həsənli