10 Noyabr Bəyanatının imzalanmasından iki il keçir, bu müddət ərzində sənədin yerinə yetirilməyən müddəalarına görə məsuliyyəti Rusiya və Ermənistan daşıyırlar.
Moskva ilə İrəvanın ortaq məsuliyyəti Bəyanatın 4-cü maddəsinə nisbətdə daha çox gözə çarpır, Ermənistan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdən qanunsuz silahlı birləşmələrini çıxarmaq məsələsində oyun oynayır.
Hərçənd ki, bu oyunun baş memarı elə Moskvanın özüdür, İrəvanın ikibaşlılığı isə sadəcə, yenə də hansısa güzəştlərə nail olmaq və dəstək qazanmaq ümidlərinə qapılmaqdan yaranır.
Arxa planda Rusiya Azərbaycanla danışıqlarda 4-cü bənd üzrə Moskvanın erməni silahlılarının çıxarılmasına dair öhdəliyi olmadığı haqqında fikirlər səsləndirə bilər.
Ancaq Moskvanın ikitirəli mövqeyi Azərbaycanı Qarabağda antiterror əməliyyatları keçirməyə vadar etdi və Bakı Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında hərbi güc tətbiqi presedentini yaratdı.
Rusiya-Ukrayna müharibəsinin kəskinləşməsi fonunda Moskvanın üzləşdiyi nüfuz itkiləri Qərbin regiona girişindəki maneələri aradan qaldıran vasitədir, lakin Moskva regiondakı ambisiyalarının həcmini kiçiltməməkdə israrlıdır.
Ona görə də son zamanlar Rusiya 10 Noyabr Bəyanatının 4-cü bəndi üzrə manipulyasiyalara imza atır və erməni kartını özünün tarixi köklərdən gələn ambisiyalarının davamına çevirir.
Azərbaycan isə Rusiya sülhməramlılarının “istismar müddəti” bitəndən sonra onların ölkə ərazisindən çıxarılmasında prinsipial mövqe sərgiləyir və qətiyyət göstərir ki, Rusiya qoşunları erməni əhalinin mənəvi, hərbi-siyasi təminatçısına çevrilməsin.
Rusiya ermənilərə simpatiya duymur, onun məqsədi erməni amili ilə rus icması və ya onun ekvivalentində bir təsisat yaradılmasına nail olmaqdır.
10 Noyabr Bəyanatının digər icra edilməyən hissəsi 9-cu maddə ilə bağlıdır, belə ki, hələ də Zəngəzur dəhlizinə dair Ermənistan tərəfində qeyri-müəyyən mövqelər bərq vurmaqdadır.
Etiraf etmək lazımdır ki, Rusiya bu məsələdə Azərbaycanı dəstəkləyir, çünki Moskva dəhlizi yeni regional iqtisadi alətlərin qazandıracağı dividendlər kimi nəzərdən keçirir. Ancaq hər şey rəvan getmir, açılması gözlənilən Zəngəzur dəhlizi qlobal tədarük zəncirlərinin bir halqası kimi status qazanacağından onun uğrunda böyük güclər arasında kəskin çəkişmə gedir.
Regionun hədsiz rəqabət meydanına çevrildiyini dərk edən Azərbaycan hərbi tədbirlərlə özünə perspektiv üçün layiqli strateji yer qazanmağı hədəfləyir.
Azərbaycan İrəvanın Zəngəzur dəhlizi barədəki nala-mıxa vurmasının dünyada kəskinləşən qütbləşmə fonunda hansı təhlükələr yarada biləcəyini hesablayır. Ona görə də Azərbaycan Türkiyə ilə vahid konsepsiya halında Zəngəzur dəhlizinin işə başlaması üçün hərbi tətbiqləri öz gündəliyinə yükləyir və bəzi hallarda onu icra edir. Rusiya isə Azərbaycanın Ermənistanla sərhəddəki əməliyyatlarına əngəl yaratmır və Ermənistanın cəzalandırılmasında maraqlı tərəf kimi çıxış edir.
Bəyanatın 7-ci bəndində nəzərdə tutulan humanitar aspektləri iki kateqoriyaya bölmək olar: icra edilməyən və ya qismən icra edilən.
7-ci maddəyə əsasən, daxili köçkünlər işğaldan azad edilmiş ərazilərə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdırlar.
Azərbaycan hökuməti Zəngilanın Ağalı kəndində yaşayış üçün şərtləri təmin edib və oraya əhali köçürülüb.
Digər ərazilər üzrə isə köçə başlanılmayıb.
Ümumilikdə keçən il ərzində 10 Noyabr Bəyanatı postmünaqişə dövründəki tənzimləmələr üçün özünün baza kimi qüvvəsini saxlamaqdadır.
Azərbaycan isə hərbi-siyasi ölçüdəki məsələlərin icrasını və Zəngəzur dəhlizinə nisbətdə iqtisadi layihənin həyata keçməsini əngəlləyən amilləri hərb gücü ilə aradan qaldırmaq hüquqlarını özündə saxlayır.
Aqşin Kərimov