Dünən, noyabrın 10-da, hətta İrəvanın özündə kapitulyasiya aktı adlandırılan Rusiya-Azərbaycan-Ermənistan Üçtərəfli Bəyanatının imzalanmasının ikinci ildönümündə Ermənistanın baş naziri Nikol Paşinyan ölkə hökumətinin iclasında bir sıra açıqlamalar verib və faktiki olaraq iki ildir müzakirə olunan razılaşmalardan imtina edib.
Nikol Paşinyan Azərbaycanın Qarabağ bölgəsində demilitarizasiya zonasının yaradılmasının zəruriliyini, Qarabağda erməni ordusunun olmadığını açıqlayıb. Rusiya sülhməramlıları məsələsinə gəlincə o bildirib ki, onlar qeyri-müəyyən müddətə yerləşdirilirlər (baxmayaraq ki, bu müddət sənədlərdə aydın göstərilib). Ermənistanın baş naziri faktiki olaraq Azərbaycanın Qarabağ sakinlərini öz vətəndaşı hesab etməsindən və buna görə də onların hüquq və təhlükəsizliyinə təminat verməsindən narazılığını ifadə edib. Paşinyan bəyan edib ki, guya Bakı Ermənistanın Azərbaycanı Naxçıvanla birləşdirən kommunikasiyaların açılması təklifindən imtina edib və s.
Oxu.Az Nikol Paşinyanın açıqlamalarına münasibət bildirməsi üçün rusiyalı politoloq, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenkodan münasibət öyrənib. Ekspert müsahibəsində Ermənistan liderinin “məğlubiyyət kompleksi” olduğunu qeyd edib:
– Bu kompleks Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 8-də Şuşada söylədiyi parlaq, strateji nitq fonunda xüsusilə kəskinləşib. Təbii ki, İlham Əliyev fateh, qalib kimi görünürdü. Nikol Paşinyanın çıxışı isə ən təmiz formada refleksiyadır və dediyim kimi, Ermənistanın baş nazirinin həm siyasətçi, həm də dövlət xadimi kimi məğlubiyyət kompleksinin təzahürüdür.
Onun açıqlamalarının mahiyyətinə gəlincə – onlar tamamilə qeyri-adekvatdır, mövcud reallıqlara əsaslanmır. Qarabağ Azərbaycandır, ona görə də Paşinyanın bununla bağlı istənilən təşəbbüsü, sadəcə, mənasızdır və bu, Azərbaycanın daxili işlərinə qarışmaqdır. Ona görə də rəsmi Bakıdan müvafiq diplomatik reaksiya olmalıdır. Ermənistanın baş naziri Qarabağın hansı demilitarizasiyasından danışır?! Yalnız bir demilitarizasiya ola bilər – Azərbaycan Respublikasının suveren ərazisində yerləşən bütün erməni qeyri-qanuni silahlı birləşmələrinin və Ermənistan ordusunun şəxsi heyətinin çıxarılması.
Qeyd edim ki, bu, demilitarizasiyanın yeganə variantıdır: “Çamadan – Laçın dəhlizi – İrəvan!” – bu, silahlı terrorçular və erməni hərbçiləri üçün tamamilə başadüşülən və tarixən əvvəlcədən müəyyən edilmiş marşrutdur.
Digər ittihamlara (Nikol Paşinyanın – red.) gəlincə, biz üçtərəfli bəyanatların sürünən təftişini görürük. Amma Ermənistan faktiki olaraq heç bir bəndi yerinə yetirmədi, istisna Azərbaycanın bir sıra rayonlarının işğaldan azad edilməsi oldu, hətta o zaman bu, Ermənistan silahlı qüvvələrinin qruplaşmasının mühasirəyə alına və məhv edilə biləcəyinə görə edildi. Bu, Paşinyanın məcburi qərarı idi və bununla da nəinki özünü, həm də separatçılarla birlikdə Azərbaycan ərazisində vuruşan nizami erməni birləşmələrini xilas etdi.
Davam edək. Bölgəyə Troya atı kimi erməni oliqarx Ruben Vardanyan gətirilib. Kreml qüllələrində kimin nə danışmağından asılı olmayaraq, o, beynəlxalq erməni lobbisinin himayədarıdır. Qüllə öz yerində, lakin bu, bu gün özünü kifayət qədər siyasi və maliyyə qüvvəsi hesab edən beynəlxalq ermənilik layihəsidir. Hətta Rusiyadakı erməni lobbisinin nümayəndələrinin verdiyi bəyanatlara baxın. Onlar müvafiq status və subyektivlikdən məhrum olmaqla, buna baxmayaraq, qərarlar qəbul etməyə, geosiyasi ideyalar formalaşdırmağa, o cümlədən Qarabağın Azərbaycandan ayrılmasına çalışırlar. Ruben Vardanyanın meydana çıxması oyunun kəskinləşməsinə “stavka”dır. Bunun arxasında beynəlxalq erməni strukturları və ola bilsin ki, Fransanın hakimiyyət orqanları dayanırlar. Vardanyan maliyyə əməliyyatları ilə ən azı Qərb xüsusi xidmət orqanları tərəfindən təhqiqat altındadır və Cənubi Qafqaz regionunu tərk etmək istəyərsə, ona qarşı kompromatlar hər an onun həbsinə rəvac verə bilər. Deməli, bu, kifayət qədər idarəolunandır, ABŞ-nin, Avropanın və beynəlxalq erməni lobbisinin əlində yumşaq plastilindir.
Nikol Paşinyan müvafiq öhdəliyi üzərinə götürsə də, Zəngəzur dəhlizini açmaqdan imtina edib. Bu, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesini ləngidir. Biz Ermənistan hərbçiləri tərəfindən davamlı olaraq silahlı döyüş əməliyyatları, Azərbaycan ərazilərinin atəşə tutulması və minalanmasını görürük. Yəni qarşıdurmanın daim alovlanması üçün təxribat, terror və hərbi fəaliyyət var.
Ermənistan tərəfi Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi beş prinsipə əsaslanan sülh müqaviləsinin imzalanmasını gecikdirir. Biz görürük ki, keçirilən görüşlərə, danışıqlara baxmayaraq, ermənilər hər an öz mövqelərindən əl çəkə, yenidən qeyri-konstruktiv bataqlığa yuvarlana bilərlər. Vəziyyət asan deyil. Təbii ki, yeni hücumlar, təxribatlar və kəskinləşmələri gözləmək lazımdır. Paşinyanın və onun arxasında duran Qərb qüvvələrinin əsas vəzifəsi regiona kənar oyunçuları cəlb etməkdir. Bunlar Avropa İttifaqı, ATƏT, Fransa və ABŞ-dir.
– Sizdə belə bir hiss varmı ki, Nikol Paşinyan bizi, heç olmasa, Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması məsələsində problemlərin həlli üçün gücdən istifadə etməyə sövq edir?
– Bəli, məqsəd və vəzifə (Paşinyanın – red.) yeni münaqişənin qızışdırılması və sanksiyalar altında olan Rusiya üçün indiki geosiyasi vəziyyətdə son dərəcə vacib sayılan “Şimal-Cənub” nəqliyyat dəhlizini məhv etməklə regionu qeyri-sabit vəziyyətə salmaqdır. Bizim üçün bu, idxal-ixrac kanalıdır. Əgər region böyük müharibəyə cəlb olunarsa, o zaman burada Paşinyanın dəvəti ilə Ermənistana yollanacaq xarici qoşunlar peyda ola bilər. Ermənistan hər an KTMT-dən çıxa, Rusiya ilə müttəfiqlik münasibətlərini poza bilər. Ya da indi etdiyi işi – üç stulda oturmağı davam etdirə bilər.
Burada əsas odur ki, Rusiya ilə Azərbaycan arasında yüksək səviyyədə qarşılıqlı fəaliyyət və etimad qorunsun. Biz Moskva ilə Bakının münasibətlərinə xələl gətirməyə çalışan çoxlu oyunçular görürük. Amma mənə elə gəlir ki, Azərbaycan tərəfi beynəlxalq erməni lobbisi amilinin rolunu başa düşməlidir. Bir daha təkrar edirəm – bu, güclü maliyyə-siyasi struktur siyasi oyunun müstəqil amilidir.
Başa düşürük ki, erməni lobbisinin maraqları ilə Rusiyanın ən azı Cənubi Qafqazdakı maraqları iki fərqli şeydir. Rusiyanın daxilindəki erməni lobbisi istərdi ki, Kreml regiondakı vəziyyətə erməni maraqları prizmasından baxsın. Amma bu, bizim üçün qəti şəkildə qəbuledilməzdir, biz vəziyyəti hərtərəfli dəyərləndirməli, həm Türkiyə, həm də Azərbaycanın əsas rol oynadığı türk dünyası ilə böyük geosiyasi müttəfiqliyə çalışmalıyıq.
Nair Əliyev