Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasındakı çalxalanma xeyli vaxtdır artmaqdadır. Təşkilatın bu yaxınlarda İrəvanda keçirilən sammiti, forumun yekun bəyannaməsini və Ermənistana KTMT-dən yardım göstərilməsinə dair qərar layihəsini imzalamaqdan Ermənistan tərəfinin imtina etməsi gərginliyin yüksək səviyyədə olduğunu bir daha açıq göstərdi.
Bununla yanaşı, KTMT-nin hazırkı baş katibi Stanislav Zasın dediyi kimi, təşkilat Ermənistana kömək üçün bütün tədbirlər kompleksini, o cümlədən vəziyyəti qiymətləndirmək üçün Azərbaycanla sərhədə missiya göndərməyi təklif edib. Lakin Ermənistan KTMT-ni deyil, Avropa İttifaqını seçmək qərarına gəlib.
Bundan əlavə, bu yaxınlarda “Gallup International Аssociation” Ermənistan sakinlərinin ölkənin KTMT-dən çıxmasına münasibəti və ümumilikdə təşkilatın reaksiyası ilə bağlı Ermənistanda sorğu keçirib. Respondentlərin 39%-i bunun edilməməli olduğunu hesab etsə də (27%-i KTMT-dən çıxmağın tərəfdarı olub), yalnız 8% respondentlər şərti Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalara KTMT-nin reaksiyasını müsbət qiymətləndirib. Amma Fransanın reaksiyasını 69,3%, İranın reaksiyasını 68,8% müsbət qiymətləndirib, ABŞ isə 62,3% səslə üçüncü yerdə qərarlaşıb.
Belaruslu politoloq, Avropaya İnteqrasiya Mərkəzinin direktoru Yuri Şevtsov vəziyyəti Oxu.Az-a şərh edib:
– Ermənistanın son demarşları və sorğunun nəticələri hansı məna kəsb edir? Doğrudan da Ermənistan KTMT-dən çıxmağa hazırlaşır?
– Hesab edirəm ki, biz Ermənistan cəmiyyətində daxili parçalanma görürük. Ermənistanla KTMT arasında baş verən daha çox Ermənistanın rəngli inqilaba bənzəyən nəsə yaşamasının nəticəsidir. Erməni cəmiyyətinin qərbyönlü hissəsi Ermənistanın xarici siyasətinə mühüm siyasi təsir göstərib. Bu, ölkədə geosiyasi təlatümlərə və KTMT ilə münasibətlərdə qeyri-müəyyənliyə gətirib çıxardı. Sonra isə Ermənistan 2020-ci il müharibəsində Azərbaycana məğlub oldu.
Ermənistanın problemlərinin kökündə belə kiçik dövlət üçün təhlükəli olan şəraitdə onun geosiyasi manevrləri dayanır. Bundan sonra artıq böhranın böyüməsi gəlir. Təbii ki, erməni cəmiyyətinin himayədar axtarışında olduğunu başa düşmək olar. Yerli kütlə sadəlövh cəhdlərlə Rusiya və KTMT-nin verə biləcəyindən daha çox dəstək almaq üçün Fransaya, hətta İrana daha çox meyllidir. Amma reallıqda bunun baş verməsi ehtimalı azdır.
– Bəs Ermənistanın KTMT-dən formal olaraq çıxması mümkündürmü? Bu barədə İrəvanda tez-tez danışırlar, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələri “satqın” adlandırırlar. Erməni siyasi xadimlərindən biri bir müddət əvvəl demişdi ki, Rusiya qoşunları Ermənistanı tərk etdikdən 8 dəqiqə sonra ABŞ İrəvana hərbi yardım edəcək.
– Bəhs etdiyim təlatüm məhz budur. Ermənistanın KTMT-dən çıxması aktı mümkündürmü? Bəli, erməni cəmiyyətində müşahidə olunan belə bir parçalanma ilə nəzəri olaraq hər şey mümkündür. Bəs Azərbaycan və Türkiyə ilə münasibətlərlə bağlı belə mürəkkəb məsələlərdə Ermənistana kömək etmək üçün səkkiz dəqiqəyə himayədar gələcəkmi? Mən buna şübhə edirəm. İndi Ermənistan tərəfi düşünməlidir ki, Ermənistan Suriya yolunu təkrarlamasın.
– Bəs “Suriya yolu” dedikdə nəyi nəzərdə tutursunuz?
– Mən Ermənistana siyasi qeyri-sabitliyin yayılmasını nəzərdə tuturam. Təsəvvür edək ki, Ermənistan KTMT-dən çıxdı. Məgər Fransa və ya ABŞ Qarabağ erməniləri və Zəngəzur dəhlizi ilə bağlı “erməni məsələləri”nin həllini öz üzərinə götürəcəkmi?
– İlin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına ümidlər var idi. Amma bir müddət əvvəl Fransa Prezidenti Emmanuel Makron Azərbaycana qarşı kəskin bəyanatlarla çıxış etdi. Eyni zamanda Ermənistanın baş naziri Makronun danışıqlarda iştirakını Azərbaycan Prezidenti ilə növbəti görüşün ilkin şərti adlandırıb. Görünən odur ki, İrəvan sülh müqaviləsi bağlamaq istəmir, real nəticənin əldə olunmasını hər cür ləngidir və bunun üçün bütün mümkün vasitələrdən istifadə edir. Bəs niyə ərazi bütövlüyünü tanımayaq, sülhə nail olmayaq, inkişaf etməyək?
– Çətin məsələdir. Bir daha təkrar edirəm: nə Fransa, nə də ABŞ “erməni problemlərini” həll edə bilməyəcək. Ermənistan niyə özünü belə aparır? Bu, mənə elə gəlir ki, 90-cı illərin mirasıdır. Demək olar ki, bütün Sovet İttifaqı tənəzzül dövrünü yaşayıb. Postsovet ölkələrinin hamısı öz ərazisində güclü dövlət quruculuğu yaratmaq iqtidarında olmadılar, o cümlədən də Ermənistan. Əhalinin əhəmiyyətli hissəsi ölkəni tərk etdi. İndi biz İrəvanın Qərblə Şərq arasında çırpındığını görürük və bu, ölkəni xarici siyasət böhranına gətirib çıxarıb və hər an kəskin daxili siyasi böhrana çevrilə bilər.
Əsas məsələ dəyər məsələsidir. Ermənistanda, məsələn, İsrail kimi güclü dövlət qurmaq üçün dövlətin maraqlarını birinci yerə qoymaq lazımdır. Ermənistanda bu alınmadı.
Nair Əliyev