Azərbaycanda son illər ərzində xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Bu illər ərzində Azərbaycan daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla, eyni zamanda, regional liderə çevrilmişdir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan diplomatiyasının ən zəruri vəzifələrindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı əsasında öz həllini tapması olmuşdur. Möhtərəm Prezidentimizin siyasi iradə nümayiş etdirməsi və məntiqli xarici siyasəti nəticəsində ölkəmizin mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən daha çox qəbul edilir. BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxışında Azərbaycanın çoxşaxəli xarici siyasət yürütdüyünü qeyd edən Prezident İlham Əliyev öz çıxışında deyib ki, ölkəmizin xarici siyasətlə bağlı kursu dəyişməz olaraq qalır. Hətta müharibə dövründə ədalətsiz mövqe sərgiləyən ölkələrlə də indi münasibətlər normallaşır, artıq əsassız ittihamlar da aradan qaldırılıb. Müharibə dövrü və müharibədən sonrakı dövr bir daha göstərdi ki, bu, çox düzgün kurs idi. Bu baxımdan Azərbaycan dövlətinin xarici siyasətinin əsasını balanslaşdırılmış siyasət, müstəqilliyimizin beynəlxalq dayaqlarını daha da möhkəmləndirməyə istiqamətlənmiş qlobal layihələrin həyata keçirilməsi, dunyanın güclu dövlətləri və aparıcı beynəlxalq təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsi təşkil edir. Tam əminliklə deyə bilərik ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı anlaşma, hörmət və heç bir dövlətin daxili işlərinə qarışmadan və bütün dünyada qəbul edilmiş demokratik prinsiplərə əsaslanan müstəqil siyasət həyata keçirir. Bəli, müharibə dövründə bəzi ölkələr bizə qarşı müəyyən iradlar irəli sürdülər. Artıq bu iradlar da yoxdur. Ermənistan isə özünü təcrid etdi, yəni, biz onları regional layihələrdən, neft-qaz layihələrindən təcrid etdik, onların iqtisadiyyatını çökdürdük. Bunu hər bir müstəqil iqtisadi ekspert deyə bilər. Biz bütün qonşularla çox səmərəli, dostluq və mehriban qonşuluq əsasında münasibətlər qurmaq istəyirik və buna hazırıq. Azərbaycan kifayət qədər mürəkkəb və strateji əhəmiyyətli regionda yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən, bir tərəfdən, öz milli maraqlarını qorumaq, bölgənin aparıcı dövləti statusunu möhkəmlətmək, digər tərəfdən, bölgədə maraqları olan bütün dövlətlərlə, eləcə də qonşu dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq və genişləndirmək kriteriyalarından çıxış edir.
Bu gün dünyada baş verən müxtəlif proseslər – yeni müharibə ocaqlarının yaranması, ölkələr arasında enerji daşıyıcılarının nəqli sahəsində problemlərin və mübahisələrin yaşanması göstərir ki, ayrı-ayrı dövlətlər enerji təhlükəsizliyi barədə daha ciddi düşünməli, xüsusən, alternativ nəql sistemlərinin yaradılması istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsi istiqamətində ciddi addımlar atmalıdır. Bu baxımdan zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycan həmişə alternativ nəql imkanlarının axtarışında olan Avropanın və digər dünya dövlətlərinin diqqətini cəlb etməkdədir. Digər dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq Azərbaycanın başqa ölkələrlə qarşılıqlı əlaqələrində başlıca prinsipdir. Dövlət başçımızın müstəqil dövlətimizin milli maraqlarının təmin olunmasına və onun qlobal, habelə regional mövqeyinin möhkəmləndirilməsinə yönələn xarici siyasət prioritetləri Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin təhlükəsizliyi ilə bağlı narahatlıq doğuran təxirəsalınmaz məsələlərin həllidir. Azərbaycanın Dağlıq Qarabağ regionunda ölkənin hərtərəfli iqtisadi inkişafı çərçivəsində kommunikasiyaların bərpası və sosial-iqtisadi inkişafı üçün şərtlərin müəyyən olunmasından başqa yol yoxdur. Prezidentimizin bu yöndə apardığı syasətə yekdilliklə səs veririk.
Ziya Qürbətov, Cəlilabad rayon Suluçeşmə kənd sakini, müəllim