• Ç. Noy 6th, 2024

SSRİ-nin çökmə prosesi, milli qırğınlar, Vətən müharibəsi ilə alınan qisas – ŞƏRH

ByYenigun.news

Yan 18, 2023

Vladimir İliç Leninin qan bahasına qurduğu SSRİ qanlar tökülərək də dağıldı. SSRİ-nin qurulması üçün başqa dövlətlərin müstəqillik ideyalarını tapdalayan strateq Leninin qorxduğu hadisə onun ölümündən sonra reallaşır.

1980-ci illərin sonlarına doğru SSRİ daxilindəki iqtisadi çatları, siyasi kuluarlardakı mübahisələri milli zəmində qarşıdurmalar müşayiət edir.

Millətlərin həbsxanası kimi tanınan SSRİ bu dəfə millətlərin qırğınına şahidlik edir və bu qanlı proses imperiyanın didilib-dağılmasında həlledici prosesə çevrilir.

SSRİ XX əsr boyunca ermənilərin azərbaycanlılara qarşı etdikləri vicdansızlıqları müxtəlif epitetlər altında gizlətməyə çalışsa da, imperiyanın çiliklənməsi ərəfəsində pərdənin altındakılar da üzə çıxır.

1987-ci ildən etibarən erməni millətçiliyinin aşkar fazaya keçməsi azərbaycanlıların öz dədə-baba torpaqlarından növbəti deportasiya dalğasını başladır. SSRİ-nin qüdrəti belə, bu etnik təmizləmə siyasətini ört-basdır etməyə çatmır, çünki yüzillərdir təkrarlanan prosesin yönləndiricisi elə imperiya idi.

Milli səviyyəli alovlar böyüyür və SSRİ orqanlarını bir-bir itirərək vahid orqanizm kimi funksiyalardan məhrum olur. Fürsətdən istifadə edən SSRİ-nin rəqibləri emosiyaların qızışdığı meydana atılaraq müxtəlif layihələrlə odun üzərinə benzin tökürlər. Bununla da imperiya ərazisindəki etnik konfliktlər dalğası böyüyür.

Ermənistanın Qarabağı Azərbaycandan qoparmaq üçün dişini qıcayaraq, bütün etik-mənəvi və siyasi dəyərlərə tüpürərək hücuma keçməsi gələcək qanlı hadisələrin açarı statusunu qazanır.

Proseslər bir-birilə zəncirvari şəkildə əlaqəli idi, ermənilərin içlərində gizlətdikləri türk nifrəti şahə qalxmışdı və hadisələrin hüquqi tənzimlənməsi məhvərindən çıxmışdı.

Belə olan məqamda SSRİ-dəki strateqlər nəhəng gücün çöküşünün qaçılmaz olduğunu anlayaraq Rusiyanın imperiya ənənələrini dirçəldir. Moskva konfliktlərin artmasından vəcdə gələrək xaosun idarə edilməsi üçün oyunlar qurur. Bununla da özünün gələcəkdəki münaqişələrə müdaxilə imkanlarını işləyib-hazırlayır.

SSRİ ərazisinin kəşfiyyat poliqonuna çevrilməsi imperiyanın labüd çöküşünü sürətləndirirdi. SSRİ-nin dağılması ilə ondan qopacaq sərvətlərin kimin caynağına keçəcəyi uğrunda strateji idealların pərdə arxasındakı rəqabəti hökm sürməkdə idi.

SSRİ isə tarixin səhnəsini tərk etmək təhlükəsini sovuşdura bilmirdi, ona görə də son nəfəsində belə, toqquşmaları körükləməklə acığını tökürdü.

SSRİ əlini daha böyük qırğının axıdacağı qana batırmadan dəfn olunmaq niyyətində deyildi və bu istəyini Azərbaycan üzərindən reallaşdırdı.

SSRİ-ni 20 Yanvar qırğını törətməyə hansı səbəblər vadar etdi? Burada Azərbaycanın daxili-siyasi mühitindəki çəkişmələrin rolu var idimi? Bu suallar başqa mövzudur. Təcrübə belə deyir ki, SSRİ, onsuz da, başqa bəhanələr tapıb Bakıya qoşun yeridəcəkdi.

SSRİ qoşunları 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olaraq mülki insanları qətlə yetirir. Ümumilikdə SSRİ ordusunun Azərbaycana müdaxiləsi nəticəsində 150 nəfər şəhid olur. Bununla da SSRİ-nin süqutu üçün qarşıda duran qıfıllara açarlar salınır və imperiya öz ölümünü izləyir.

Sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı illərdə keçirilmiş və tarixə “Nürnberq prosesi” kimi düşmüş beynəlxalq tribunalda pislənilən bütün əlamətlər müşahidə edilib. Bu, əsas niyyətin məhz Azərbaycan xalqına divan tutmaq olduğunu bir daha nümayiş etdirirdi.

Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqı ilə həmrəy olduğunu göstərir.

20 Yanvar hadisəsi Azərbaycanın müstəqillik ideallarını bütövləşdirdi və artıq SSRİ-yə qarşı nifrət özünün pikinə çatdı.

Ancaq Azərbaycan üçün qanlı-qadalı günlər hələ bitməmişdi, qarşıdan ölkəni və xalqı daha ağır faciələr gözləyirdi.

20 Yanvardan sonra da Azərbaycan xalqına qarşı kütləvi qırğınlar dayanmadı. Onları xatırlamaqda fayda var:

– 1990-cı il yanvar hadisələrindən cəmi iki ay sonra – martın 24-də Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndində dinc əhali ermənilər tərəfindən kütləvi qırğına məruz qaldı;

– Ozamankı ərazi vahidi olan Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirildi;

– 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qalır;

– 1992-ci ilin fevralın 26-da Xocalıda Rusiya qoşunlarının dəstəyi ilə Ermənistan soyqırımı törədir;

– Qətliamlar 1992-ci ilin aprelində Kəlbəcərin Ağdaban, avqustunda Goranboyun Ballıqaya, 1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndlərində də davam edir.

Azərbaycan torpaqları işğal altına düşür və 1994-cü ildən etibarən xalq Qarabağ dərdi ilə yaralanmış vəziyyətdə yaşayır.

Ancaq bütün bu olanların qisasının alınacağı günə ümidlər ölmür, çünki Azərbaycan öz gücünü artıraraq Ermənistana və onun havadarlarına layiqli cavab vermək əzmini göstərir.

2020-ci il sentyabrın 27-dən başlayan və noyabrın 10-na qədər davam edən Vətən müharibəsi ilə Azərbaycan işğalda olan torpaqlarını azad edir və Ermənistanın törətdiyi vəhşiliklərin qisasını alır.

Azərbaycanın Zəfəri Ermənistanın nahiyələrinə vurulan damğa idi və erməni mifi parça-parça oldu. Düzdür, Ermənistanın daxilində və onu himayə edən qüvvələr parçaları toplayaraq revanş fikrinə düşürlər.

Amma Prezident İlham Əliyevin verdiyi bəyanatlar, yürütdüyü siyasət, Azərbaycan Ordusunun gücü ermənilərdəki isterikanı dərinləşdirir və İrəvan həm siyasi, həm iqtisadi, həm hərbi, həm də intellektual böhranla üzləşir.

Xüsusilə Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan soydaşlarımızın öz torpaqlarına dönüşü barədə səsləndirdiyi fikirlər İrəvanın həyəcanını artırır.

İlham Əliyev gələcək üçün doktrina ortaya qoyur və azərbaycanlıların öz dədə-baba torpaqlarına dönüşünü tarixi missiya kimi tamamlamaq istəyir. Bu, Ermənistana güc tətbiq etməklə reallaşacaq, yoxsa hüquqi prosedurlarla – bunu zaman göstərəcək.

Bu gün artıq Dağlıq Qarabağ yoxdur, onun əvəzində Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu var. Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da olacaq, çünki bu, tarixi zərurətdir…

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir