Fevralda Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından düz bir il ötəcək. Rusiya ilə Ukrayna arasında təkcə genişmiqyaslı hərbi əməliyyatlar deyil, həm də ciddi informasiya müharibəsi gedir.
Ukraynanın UNIAN informasiya agentliyinin Bakıda səfərdə olan baş direktoru Mixail Qanitski “Report” agentliyinə müsahibəsində ölkəsi üçün bu çətin dövrdə yerli medianın gördüyü işlərdən, dezinformasiya və saxtakarlığa qarşı mübarizədən, digər ölkələrin, o cümlədən Azərbaycanın mediası ilə əməkdaşlıq barədə danışıb.
– Ukraynada müharibə gedən bir vaxtda medianın, o cümlədən də UNIAN-ın fəaliyyətini necə qiymətləndirirsiniz? Daha yaxşı nə edilə bilər və edilməlidir? Orduya yazılaraq cəbhəyə gedən redaksiya əməkdaşlarınız varmı?
– İndi çox iş var. Biz jurnalistlər, adətən, xəbərlərin azlığından, yazmağa heç nəyin olmamasından şikayətlənirik. Fevralın 24-dən bizdə belə günlər yoxdur. Təəssüf ki, heç bir pis xəbərin olmadığı günlər də yoxa çıxıb.
İş qrafiki çox çətinləşib, bütün əməkdaşlar, hətta cəbhədə və ya qaynar nöqtələrdə hərbi hadisələri işıqlandırmayanlar da həftədə yeddigünlük iş rejiminə keçmişdilər. Sonradan daha rahat rejim qura bildik, altıgünlük həftəyə keçdik. Növbələr elə təşkil edildi ki, gücləndirilmiş redaktor və jurnalist qrupları lazımi günlərdə və saatlarda işləsinlər.
Məsafədən işləməyə qərar verməyimiz də işi çətinləşdirdi. Ofisimiz Kiyevin mərkəzi hissəsində yerləşir və binanın özəllikləri elədir ki, bu əraziyə raket zərbəsi və ya Rusiyanın digər hücumları zamanı yaralanma riski çox yüksəkdir – divarlarımız şüşədəndir. Biz işçiləri, hətta Kiyevdə qalmağa qərar verənləri də evdən işləməyə göndərdik.
Rusiyanın Ukraynada genişmiqyaslı işğala başlamasının ilk həftələrində əməkdaşların bir hissəsi köçdü. Kimsə Ukraynanın qərbinə, kimsə başqa ölkəyə. Qızlar – əməkdaşlarımız – Polşaya, Almaniyaya, Gürcüstana, Türkiyəyə və hətta İrana getdilər. Rusiya qoşunlarının Kiyevi ala bilməyəcəyi aydın olanda həmkarlar geri qayıtmağa başladılar.
Bir neçə kişi əməkdaş orduya getdi, bəziləri hətta birbaşa döyüşə getdi, həkim işləməyə gedənlər də var, amma bəzən foto və ya məqalə göndərirlər. Beləliklə, işçilərin bir qismini itirdik, onların yükü qalanları arasında paylanıldı.
Digər tərəfdən, bilirsiniz ki, Rusiya enerji infrastrukturuna geniş zərbələr endirir və indi bizim elektrik enerjisi ilə bağlı problemlərimiz var. Elektrik enerjisi kəsildikdə internet və mobil rabitə də itir. Yəni redaksiya iş prosesindən kənara qalır.
İşi elə planlaşdırmağa başladıq ki, növbəyə müxtəlif şəhərlərdən və ya eyni şəhərin müxtəlif rayonlarından olan işçilər düşsünlər. O zaman şans var ki, kiminsə əlaqəsi olmayanda başqası işi davam etdirə bilsin.
Kiyevin fasiləsiz rejimdə ən intensiv atəşə tutulduğu müharibənin ilk ayı ən çətin dövr idi. Həmin vaxt əməkdaşlarımızdan bəziləri yeraltı sığınacaqlarda işləyib və hava hücumu xəbərdarlığına görə elə orada da gecələyiblər. Metro yaxşı sığınacaqdır, üstəlik, bütün stansiyalarımızda keyfiyyətli və ödənişsiz internet var. Yaşlı, xəstə qohumları olan bəziləri gündə bir neçə dəfə evə və geriyə qaçmamaq üçün doldurulma döşəkləri ilə oraya köçürdülər. Xüsusən də hərbi hissə və ya hərbi müəssisə olan ərazilərdə yaşayanlar, çünki oralar tez-tez güllə yağışına tutulurdu.
2022-ci ilin aprel-may aylarında vəziyyət yaxşılaşdı, atəşlərin intensivliyi azaldı, Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarını Kiyev vilayətindən çıxmağa məcbur etdi. Bundan sonra həyat asanlaşdı.
– Xüsusilə müharibə dövründə dezinformasiya ilə necə mübarizə aparmaq olar? Sizcə, informasiya müharibəsində kim qalib gəlir? Qarşı tərəfin təbliğatına qarşı necə mübarizə aparmaqla bağlı metodlar işləyib-hazırlamısınız?
– Rusiya ilə Ukrayna arasındakı informasiya müharibəsində kim qalib gəlir? Bunu siz daha yaxşı bilərsiniz, çünki kənardan daha yaxşı görünür. Dezinformasiyaya qarşı mübarizə 2014-cü ildən bəri Ukrayna mediasının və ictimai sektorunun ən mühüm vəzifələrindən birinə çevrilib. Fevralın 24-də baş verən hadisələr bizim üçün sürpriz olmadı, çünki Rusiya bütün müharibələrini kütləvi informasiya kampaniyaları ilə əvvəlcədən hiss etdirir və sonra bununla da müşayiət etdirir.
Eyni şey hələ sovet dövründə, 1988-ci ildə Qarabağ hadisələri zamanı Azərbaycanda da olmuşdu. Daha sonra Rusiya təbliğat maşınının Moldova nasistlərinin regionun rusdilli sakinlərini öldürməsi haqqında saxta hekayələr hazırladığı Dnestryanıda belə oldu. Ardından bunu 2008-ci ildə Gürcüstanda gördük, demək olar, bütün dünya az qala Gürcüstanın, həqiqətən də, Osetiyadakı vətəndaşlarına hücum etdiyini düşünürdü. 2014-cü ildə isə ruslar eyni şeyi bu dəfə Krımda etdilər – öz auditoriyası üçün kütləvi təbliğat kampaniyası apararaq, yarımadanın rus əhalisini hansısa hərəkətə keçməyə sövq etdilər.
Rusiya bütün dünyaya bildirdi ki, guya başqa yolu yoxdur, özünü müdafiə etmək üçün aqressiv addımlar atmağa məcburdur. O vaxtdan bəri Ukraynada bir neçə icma, məsələn, “Stop fake” yaranıb. Bu təşkilat Rusiya təbliğatının yaydığı saxtakarlıqları təkzib etməklə məşğuldur. 2014-cü ildən bəri bizə bir şey aydın olub: rəsmi qurumların və ya KİV-lərin nə yazmasından asılı olmayaraq, ruslara etibar etmək olmaz.
Rusiya rəsmiləri ağızlarını açırlarsa, deməli, yalan danışırlar. Bizim üçün bu, aksiom kimidir və bu cür məlumatı görəndə biz onu xüsusi olaraq tədqiq etmirik, sadəcə, hekayəni başa düşmək üçün oxuyuruq.
Etibarlı məlumat əldə etmək üçün bizim öz rəsmi orqanlarımız, hərbçilərimiz, əlaqə saxladığımız şəxslər var. Onlar bu və ya digər yerdə nələrin baş verdiyini xəbər verə bilərlər. Müharibə müxbirlərimizin mümkün qədər hadisə yerinə yaxınlaşmaq və məlumat ötürmək imkanı var.
Biz Qərb mənbələrinə, eləcə də məsələn, “Report” İnformasiya Agentliyinə, onun xəbərlərinə etibar edirik. Agentliyinizin Ukraynadakı müxbiri Mübariz Aslanovun rolunu xüsusilə qeyd etmək lazımdır, o çox işləyir və qaynar nöqtələrə bəzi yerli jurnalistlərdən daha çox səfər edir.
Rusiyanın təbliğat maşını burada sıradan çıxıb: biz 21-ci əsrdə yaşayırıq və hər yerdə internet var. “Telegram”, “Facebook”, “YouTube”, “Twitter” kimi sosial şəbəkələr var. Fotolar və videolar vasitəsilə real durumu işıqlandırmaq həmişə mümkündür. İstənilən məlumat tez və asanlıqla yoxlanıla bilər.
Biz fotolara, videolara inanırıq, özümüzün yaxşı tanıdığımız, cəbhədə vətəndaşların təxliyəsinə kömək edən könüllülərə inanırıq. Rusiya bu cür “psixoloji” əməliyyatlar aparır, “Facebook”da Ukrayna ad və soyadları altında kütləvi şəkildə saxta profilləri qeydiyyatdan keçirir, onların adından hansısa təxribatçı mesajlar yazmağa çalışır. Çox vaxt Ukrayna dilini bilməmələri və “Google”-tərcüməçidən istifadə etmələri onları “yandırır”, söz və ifadələrin gülməli konstruksiyaları, ardıcıllığı olur.
Ukraynadakı münaqişəni işıqlandıran Ukrayna cəmiyyəti, mediası, Qərb və Azərbaycan mediası artıq Rusiyanın təbliğatına qarşı immunitetə malikdir. Məlumatların etibarlılığı ilə bağlı dəqiqləşdirmələr üçün hələ də vaxtaşırı mənə müraciət edənlər yalnız Fransadan olan jurnalistlərdir. Fransızlar Rusiyanın informasiya mənbələrinə nisbətən etibar edirlər, dünyanın qalan hissəsi Rusiyaya inanmır.
– Xəbər agentliklərini idarə etməkdə hansı çətinliklər var və onları necə aradan qaldırmaq olar? Ukrayna xalqının birləşməsində KİV-in, o cümlədən də UNIAN-ın rolunu necə qiymətləndirirsiniz?
– UNIAN-ı idarə etmək çətin deyil, çünki çox peşəkar, uzun illər birlikdə işləyən yaxşı komandamız var. Biz öz məsuliyyətimizi dərk edirik və jurnalistlərimiz bir-birlərinə lazımi dəstəyi göstərirlər və hər kəs öz sahəsində nə etməli olduğunu bilir.
Müharibədən əvvəl və elə hazırda da komandamızla işləməyin həzzini yaşayıram. Bizdə elə şey yoxdur ki, kimsə vədinə xilaf çıxsın, lazım olanı etməsin.
2012-ci ildən UNIAN-a rəhbərlik edirəm və işin asanlaşdırılmasında əsas amili düzgün komandanın formalaşdırılması hesab edirəm. Birincisi, bu, redaktorlar komandasıdır, ikincisi, ümumi dəyərləri olan və öz ölkələrinin vətənpərvərləri olan müxbirlərdir.
Ölkənin aparıcı “1+1” mediaholdinqinə daxil olan belə şirkətdə çalışdığım üçün özümü şanslı hesab edirəm. Bundan əlavə, Rusiyanın genişmiqyaslı işğala başlamasından sonra, əsasən, 24/7 rejimdə xəbərlər yayımlayan “1+1” kanalımız da var.
UNIAN TV də var ki, onun müharibə bitdikdən sonra tam kanala çevriləcəyini gözləyirik. İndi onun komandası müvafiq auditoriyaya yönəlmiş Ukrayna telekanallarının rusdilli telemarafonu üzərində işləyir – bu daimi xəbər yayımı “Freedom” brendi altında yayımlanır. Əsas vəzifə insanları doğru məlumatla təmin etməkdir. İnsanlar məlumatlı olduqda nə baş verdiyini anlayırlar və bu, onları sakitləşdirir.
Bundan əlavə, məlumat insanlara müəyyən bir şəhərdə qalmaq və ya təxliyə olunmaq barədə qərar qəbul etməyə imkan verir.
Hesab edirəm ki, media əhali və hökumət ilə hərbçilər arasında körpüdür. Burada təqdim etdiyimiz məlumatların dürüstlüyü və etibarlılığı çox vacibdir. Cəmiyyətlə hakimiyyət arasında inam olanda həm vətənpərvərlik, həm də vətənini müdafiə etmək motivasiyası olur. Hesab edirəm ki, belə ölkəni məğlub etmək olmaz və biz buna inanırıq.
Qeyd etmək istəyirəm ki, bəzi kanallar gecə-gündüz informasiya marafonunu yayımlamadı, insanları başqa cür dəstəkləməyə başladılar: gecə-gündüz Xeyir ilə Şərin mübarizəsindən bəhs edən filmlər nümayiş etdirdilər. Bu, uşaqları sakitləşdirməyə kömək etdi və insanlara ümid verdi. Hətta yazda Rusiya qoşunları tanklarla irəliləyərkən biz yenə də qalib gələcəyimizə ümid edirdik. İnsanlar buna inananda belə kollektiv hiss yaranırdı ki, Rusiya artıq uduzub və heç bir məqsədinə nail ola bilməyəcək.
– Xarici media ilə əməkdaşlığı inkişaf etdirirsinizmi? Ümumiyyətlə, bunu necə qiymətləndirirsiniz?
– UNIAN beynəlxalq media ilə əməkdaşlıq edir, müxtəlif vaxtlarda “Thomson Reuters”, “Bloomberg” kimi agentliklərlə müvafiq memorandumlar imzalamış, xəbər mübadiləsi aparmışıq. Həmçinin, xəbərlərimizi dünyanın müxtəlif KİV-lərinə, diplomatik xidmətlərinə satmışıq. Bizim fotoxidmətimiz, yəqin ki, Ukraynada ən populyardır, foto və videomaterialları Avropa və ABŞ-nin bütün böyük qəzetləri, o cümlədən “Netflix” alır. Kiyevdə üç ştatlı fotoqrafımız var, Ukraynanın hər bir regionunda bir neçə frilanserimiz var. Ümumilikdə 30-dan çox fotomüxbir bizimlə əməkdaşlıq edir. 24 fevraldan sonra belə kontentə tələbat artdı.
Qeyd etmək istəyirəm ki, həqiqəti bütün dünyaya çatdırmaq üçün bir müddət foto və videolarımızı pulsuz yükləmək imkanı yaratdıq. “Telegram” kanalımızda hələ də materiallara sərbəst giriş var.
– Azərbaycanda medianın fəaliyyətini necə qiymətləndirirsiniz? Ukraynalı həmkarlarından hansı təcrübə mənimsənilməlidir? Bəs bizim təcrübəmiz sizin üçün necə faydalı ola bilər?
– Azərbaycanda medianın fəaliyyəti haqqında o qədər də məlumatlı deyiləm. “Report”u oxuyuruq, iki il əvvəl Qarabağda gedən azadlıq müharibəsi zamanı sizin materiallarınızı oxuyurduq. Başa düşdük ki, Ermənistan tərəfi Rusiya tərəfi ilə eyni üsullardan istifadə edir, saxta məlumatlar yayır, məlumat və faktları təhrif edir, emosiyalarla oynayır.
İki il əvvəl sizin agentliklə ölkələrimizlə bağlı xəbərlərdən qarşılıqlı istifadəni nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzaladıq. Bu, çox vacibdir, çünki Rusiya üçün faktların təhrif edilməsi artıq normadır, Rusiya təbliğatı öz nəzər nöqtəsini qəbul etdirmək üçün böyük vəsait sərf edir. Rus dili geniş yayılıb, çoxları bunu bilir və bu, Rusiyaya insanlara təsir etmək üçün imkan verir. Gördük ki, Qarabağ müharibəsi zamanı Rusiya tamamilə Ermənistanın tərəfini tutdu. Təəssüf ki, bəzi Ukrayna KİV-ləri əvvəlcə anlaşılmazlıq ucbatından bəzən xəbərləri Rusiya mənbələrindən götürürdülər.
Əməkdaşlığımız o deməkdir ki, Azərbaycanda baş verən hadisələrlə bağlı etibar etdiyimiz bir məlumat mənbəyimiz var. Bəzən də dünyanın nüfuzlu media orqanlarından, məsələn, “New York Times”, “Associated Press”, “Reuters”dən məlumat ala bilərik, təbii ki, nəyisə ilk xəbər verəndə. Amma Qarabağ müharibəsini işıqlandırma tərzinizə əsasən, deyə bilərəm ki, kifayət qədər yaxşı iş görmüsünüz, “Report” Ukraynadakı müharibəni işıqlandırmaqda da yaxşı işləyir.
– Qeyd etdiniz ki, agentliyimizlə əməkdaşlıq müqaviləsi imzalamısınız. Bu əməkdaşlığı necə qiymətləndirirsiniz? Gələcəkdə nəyi yaxşılaşdırmaq olar?
– Biz bu memorandumun imzalanmasından çox məmnunuq. “Report” bizdən mənbə kimi istifadə edir və Rusiyanın təbliğatına uymur. Biz Azərbaycanla bağlı xəbərlər yazanda da təbii ki, mənbə kimi “Report”dan istifadə olunur.
Çox istəyirəm ki, ölkələrimizə sülh gəlsin. Çox istəyirəm ki, Ukrayna bu müharibədə qalib gəlsin və biz 1991-ci ildə beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyümüzü bərpa edə bilək. İstəyirəm ki, sizinlə Krımda təcrübə mübadiləsi seminarında görüşək, Mariupola gedə bilək.
Torpaqlarımıza əmin-amanlıq gələndə, təzədən “xəbər yoxdur” deyib darıxanda haradasa, məsələn, Qarabağda yığışıb nədən yazacağımızı fikirləşəcəyik. Bəlkə, müharibə ilə bağlı olmayacaq birgə layihələr həyata keçirəcəyik? Bəlkə də, tələbə və ya jurnalistlər ilə informasiya mübadiləsi edəcəyik. Bu, mənim ən böyük arzumdur.
Ümid edirəm ki, Ukraynanın qələbəsindən sonra Bakıda nümayəndəliyimizi açıb, buraya müxbirimizi təyin edə biləcəyik. Ümid edirəm ki, Ukraynanın müharibədən sonrakı bərpası dövründə Azərbaycan da bu işdə, məsələn, tərəfdaş kimi iştirak edəcək.
“Report”un Ukraynadakı mövcudluğunu genişləndirmək mümkün olacaq. İstəyirəm ki, azərbaycanlılar Ukrayna, ukraynalılar isə Azərbaycan haqqında daha çox məlumat əldə etsinlər.
Mən ilk dəfədir buradayam, Bakının gözəlliyinə heyranam, bura ukraynalılar üçün çox cəlbedici turizm məkanıdır. Bakıda gözəl dəniz sahili, memarlıq abidələri və çoxlu yaşıllıqlar, kafelər, restoranlar, dadlı yeməklər və şərablar var. Bütün bunları ukraynalılar çox sevirlər.
Agentliyimizdə kifayət qədər populyar olan turizm bölməsi var. Amma çoxlarının Azərbaycan haqqında kifayət qədər məlumatı yoxdur və müharibə başa çatdıqdan sonra, səyahət etmək imkanım olanda vəzifəm ölkəniz haqqında geniş məlumat vermək olacaq.