• Ç. Noy 6th, 2024

Tehranla İrəvanın “qardaşlaşması”: İkrah doğuran təkrarçılıq – ŞƏRH + FOTO

ByYenigun.news

Yan 19, 2023

İranda vəziyyət ağırdır, insanlar aylardır meydanlarda haqq və hüquqları uğrunda mübarizə aparırlar. Tehran rejimi bunu gizlətməyə çalışsa da, bütün dünya həqiqətləri bilir. İran hakimiyyəti diqqəti yayındırmaq üçün müxtəlif variantlara əl atır, amma dünyadan təcrid olunmağa doğru yuvarlanan ölkənin edə biləcəyi çox iş də yoxdur.

Ona görə də Tehran üzünü İrandan da ağır vəziyyətdə olan Ermənistana çevirib, bu ölkəyə yaxınlığını nümayiş etdirir.

Yanvarın 17-19-da İrəvan şəhərinin meri Qraç Sarkisyanın başçılıq etdiyi nümayəndə heyəti Tehran meri Əlirza Zakaninin dəvəti ilə İrana gedib. Səfər zamanı Tehranla İrəvanın qardaşlaşmasına dair sənəd imzalanıb.

Yayılan xəbərlərə əsasən, İsfahanla İrəvan artıq 1990-cı illərdən sonra qardaşlaşmış şəhər elan olunub. Bu, İranla Ermənistan arasında bağlanan ikinci “siğə qardaşlığı” sənədidir. Belə çıxır ki, İran hakimiyyəti təmsilçiləri, o cümlədən paytaxt rəhbərliyi Ermənistana sevgi və ehtiramını göstərmək üçün qardaşlaşmanı İrəvanla yeniləyib, “refreş” ediblər.

Qardaşlaşmaya dair sənəd Tehranın şimal-qərbində yerləşən “Milad Tower” telekommunikasiya qülləsinin konfrans mərkəzində imzalanıb. Bu, İranda ən uca qüllədir. Onun hündürlüyü 435 metrdir.

Sənədin burada imzalanması da İranla Ermənistan arasında münasibətlərin çox yüksək səviyyədə olduğunun göstəricisi sayıla bilər. Ermənistanın Rusiyadan uzaqlaşması fonunda bunu İrəvanın Tehranı Moskvaya alternativ seçmək cəhdi kimi də qiymətləndirmək olar. Yaxud Ermənistan Rusiyadan qaçacağı halda İrandan gələ biləcək təzyiqləri neytrallaşdırmaq üçün indidən qardaşlaşır. Onu da ehtimal etmək olar ki, Moskva İran hakimiyyətinin əli ilə Ermənistanı nəzarətdə saxlayır.

Ancaq İran hakimiyyətinin də vəziyyəti ürəkaçan deyil. Ölkədə mövcud diktatura rejiminə qarşı aksiyalar keçirilir. Ermənistanın qoşulmaq istədiyi qərb bloku Tehran rejiminə qarşı sanksiyaları sərtləşdirir. ABŞ-dən sonra Böyük Britaniya və Avropa İttifaqının da yaxın günlərdə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) sanksiya tətbiq edəcəyi və onun terrorçu təşkilatlar siyahısına salınacağı istisna olunmur.

Ermənistan və İran beynəlxalq arenada eyni şəraitdə – qeyri-müəyyən və riskli vəziyyətdədir. Tehran hakimiyyəti İrəvanı ölkə paytaxtına qardaş etməklə özündən daha çox Ermənistana zərbə vurur. Qərbin ona etimadına kölgə salır.

Bu qardaşlıq həm də İrandakı Azərbaycan türklərinə hörmətsizliyin daha bir örnəyidir. Xatırladaq ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei də türk sayılır.

O, Qarabağın işğaldan azad olunması ilə başa çatan 44 günlük Vətən müharibəsi dövründə deyib: “Məlumdur ki, bu ərazilər Azərbaycanındır və Ermənistan tərəfinin zəbt etdiyi ərazilər azad edilməlidir. Azərbaycan Respublikası bu məsələdə haqlıdır”.

Belə bəyanatla çıxış edən liderin başçılıq etdiyi hakimiyyət işğalçılıq iddiasından əl çəkməyən ölkənin paytaxtını Tehranla qardaşlaşdırır. Ya bu ali rəhbərin və onun başçılıq etdiyi komandanın Azərbaycana münasibətdə ikiüzlülüyü, ya da hakimiyyətdaxili münasibətlərdə bir-birinə hörmətsizliyin əlamətdir.

1963-cü ildə Cənubi Koreyanın paytaxtı Seul, 1972-ci ildə isə ABŞ-nin Los-Anceles şəhərləri ilə Tehran arasında da qardaşlaşmağa dair sənəd imzalanmışdı.

ABŞ-nin bu şəhərində İran və erməniəsilli insanlar çox olsa da, indi heç kim bunu yada salmır. Hətta Los-Ancelesdə son aylar Tehrandakı etiraz aksiyaları ilə həmrəylik tədbirləri də keçirilir.

Tehran hakimiyyəti Ermənistana sevgisini göstərmək üçün İrəvandan nümayəndə heyəti dəvət edib və qardaşlığın dərəcəsini nümayiş etdiriblər. Amma bu münasibəti regional və qlobal səviyyədə elə ciddi hadisə saymaq sadəlövhlükdür. Sadəcə olaraq, bu əlaqələr elə önəmli olmasa da ürək bulandırır, ikrah doğurur. Lap elə İsfahandan sonra Tehranla İrəvanın qardaşlaşması kimi.

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir