• Şb. Noy 2nd, 2024

20 Yanvar şahidi: “Məni çiynimdən zəhərli güllə ilə vurdular” – MÜSAHİBƏ + FOTO

ByYenigun.news

Yan 20, 2023

“İnsanın doğum haqqında şəhadətnaməsi olmasa, ona pasport verməzlər. 20 Yanvarda Azərbaycan xalqına böyük qəddarlıq, zülmkarlıq göstərildi. Ona görə də 20 Yanvarı ilk növbədə qanlı faciə hesab edirəm. O vaxt şəhidləri dəfn edən zaman xahiş etdim ki, məni də Şəhidlər xiyabanına aparsınlar. Sovet əsgərləri qoymurdular, amma bir təhər gedib çıxa bildim. Bizimlə birlikdə Mikayıl Müşfiqin bir qohumu xadimə işləyirdi, 20 Yanvar hadisələrində oğlunu itirmişdi. Xiyabanda qadının fəryadını görsəniz, dəhşətə gələrdiniz, hələ də qulaqlarımda qalır. Ana fəryadını təsvir edə bilmərəm. O qadının üzündə dərisi qan rəngindəydi. Mən belə bir hadisəni xatırlayıb bu faciəyə qürur deyə bilərəmmi? 

Amma 20 Yanvara müstəqilliyimiz aspektindən baxanda qürur yerimiz sayılır. Mən hətta bunu 1941-1945-ci illərin qələbəsindən də vacib hesab edirəm. Çünki həmin dövrdə 15 respublika almanlara qarşı döyüşdü. Burada isə Azərbaycan xalqı təkbaşına müstəqilliyini qurdu. Müstəqilliyi almaqdan da çətin olan onu saxlamaq idi. Şükür, bacardıq. O vaxt başçımız yox idi, ölkə başsız qalmışdı. Heydər Əliyevin Bakıya qayıtmağı bizə çox fayda verdi. Çünki o qayıdanadək qohum-əqrəba bizdən qorxub bizə vətən xaini kimi baxırdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra münasibət dəyişdi. Bizi müstəqilliyik uğrunda mübarizə aparanlar kimi təqdim elədi”.

Bu sözləri şanlı müstəqilliyimizin açarı olan Qara Yanvarın şahidi Heybət Heybətov deyib. O gecə yaralanan 744 azərbaycanlıdan biri olan müsahibimiz sovet əsgərlərinin Bakı camaatına necə planlı şəkildə divan tutmağından, 131 evin işığını necə söndürməyindən, 20 Yanvara uzanan yolun başlanğıcının hələ 1987-ci ildə Qərbi Azərbaycandan başlamasından söz açıb. 

Oxu.Az müsahibəni təqdim edir: 

– Heybət bəy, oxucularımız üçün özünüz haqqında ümumi bir məlumat verməyinizi istərdik. 

– 1968-ci il iyunun 1-də Bakı şəhərində anadan olmuşam. 1983-cü ildə orta məktəbi bitirib texniki peşə məktəbinə qəbul olmuşam. 1986-cı ildə oranı da bitirərək sovet ordusu sıralarına qatılmışam. Hərbi xidməti Tacikistanda başa vurmuşam. 1988-ci ilin noyabrında vətənə geri qayıtmışam. 

– O dövrdə ictimai-siyasi vəziyyət necə idi? Elə həmin vaxtlarda artıq qərbi azərbaycanlıları öz yurd-yuvalarından çıxarmağa başlamışdılar. Cərəyan edən bu proses Bakıda güclü əks-səda doğururdumu? Çünki təkcə 1988-1989-cu illərdə 250 min azərbaycanlı qaçqın düşdü.

– Mən əsgərlikdən qayıdan vaxt çox qarışıq dövr idi. 1988-cu il noyabrın 17-dən Topxana meşəsinin qırılmasına etiraz olaraq artıq mitinqlər, Meydan hərəkatı başlamışdı. O dövrə qədər biz hamımız sovet vətəndaşıydıq, millətlər arasında ayrı-seçkilik yox idi. Amma dediyiniz kimi, 1988-ci ildən həmvətənlərimizi evlərindən zorla, şiddət göstərərək çıxarmağa başladılar. Meydan hərəkatı vaxtı insanlar kütləvi şəkildə Bakıya gəlirdilər. 1989-cu ildə bir qrup azərbaycanlını sovet əsgərləri gətirib pis vəziyyətdə vağzalın qabağına tökmüşdülər. Amma biz onda hələ gələnlərin azərbaycanlı olduqlarını bilmirdik. Düşünürdük ki, bəlkə, hansısa ölkədə fəlakət baş verib, oranın insanlarını gətiriblər. Sonra bizdən onlara vermək üçün köhnə paltar filan istənildi. Həmin vaxt həmvətənlərimizin öz yurdlarından qovulduğunu öyrəndik. Proses getdikcə kəskinləşdi.

– Qara Yanvarın 1988-ci ildən başlayan prosesin nəticəsi olduğunu deyə bilərikmi? Ümumiyyətlə, 20 Yanvar faciəsini necə xatırlayırsınız?

– Düzü, 1990-cı il yanvarın 12-dən gərginlik bir az da şiddətləndi. Gördük ki, “Şamaxinka” və “Salyan kazarması” deyilən ərazilərdə, “20 Yanvar”da yollarda barrikadalar qururlar, amma yenə də nə baş verdiyini anlamırdıq. Belə bir faciənin törədiləcəyi ağlımıza gəlməzdi. Axı mən sovet ordusunda xidmət etmişdim, nə bilərdim ki, qardaşlığı, dostluğu təbliğ edən sovetin əsgəri bizə güllə atar. 

– Səhv etmirəmsə, o vaxt hətta evlərdəki ov tüfənglərini də yığıblar. 

– Yanvarın 10-dan elan vermişdilər, kimdə ov tüfəngi vardısa, əlindən alırdılar, iki-üç günün içərisində tamam topladılar. Onda belə şübhələnməmişdim. Biz bilməzdik ki, üstümüzə belə gələrlər. 

– Qırğını törədən sovet rəhbərliyinin iddiası bu olub ki, guya Bakıda ermənilərə zorakılıq törədilib və onlar sabitliyi bərpa etmək üçün buraya gəliblər. Həmin vaxt azərbaycanlılarla ermənilərin münasibəti necə idi?

– Bəli, yanvarın 12-dən Moskvadan Bakıya generallar gəlmişdilər. Guya buradakı vəziyyəti yoxlayır, sakitliyə riayət olunub-olunmadığına baxırdılar. Həmin o generallar Moskvaya yalandan informasiya ötürmüşdülər ki, azərbaycanlılar Bakıda erməni və rusları qovurlar, onlara qarşı zorakılıq törədirlər. Halbuki elə bir şey olmayıb. Bizimlə ermənilər arasında həmin vaxt Bakıda heç bir problem yaşanmayıb. Ancaq onlar Xankəndidən, Topxanadan bizimkiləri pis vəziyyətdə qovublar. “Günah” isə bizimkilərin dinc şəkildə müstəqilliklərini tələb etməsi idi. Amma prosesə belə don geyindirirdilər ki, bizimkilər onları öldürür, zülm verir. Reallıq isə başqaydı, indi Bakıda ermənilər necə dinc yaşayırsa, o dövrdə də onlara belə şərait yaradılmışdı. Sadəcə olaraq bizimkilərin dinc müstəqillik istəyi onları bərk narahat etdiyinə görə bəhanələrlə bizə qarşı faciə törətdilər.

– Niyə hərəkata qoşulmağa qərar verdiniz? 

– Vəziyyətin qəlizləşdiyini sezdim və bizimkilərə dəstək olmaq istədim, ona görə də yanvarın 18-dən etirazçılara qoşuldum. 

– Həmin vaxt ailənizdə vəziyyət necə idi?

– Mən atamı 1981-ci ildə itirmişdim, anam da yaşlı qadın idi. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yeni işə başlamışdım, subay idim. Qardaş-bacılarım isə artıq ailə həyatı qurmuşdular. Ona görə də hərəkata qoşulduğumu nə anama, nə də onlara dedim. İstəmədim kimsə mənim üçün narahat olsun. Düzgün yolda olduğumu bilirdim, çünki biz müstəqilliyimiz üçün küçələrdə idik. Biz ruslarla davaya çıxmamışdıq, hər şeyi dinc yolla həll etməyə çalışmışıq. Ailə üzvlərim üç gün məni tapa bilmədilər. Anam hətta axşamkı atışmanı görüb elə bilib nəsə paraddır, gedib yatıb. Bacım, anam hər yerdə məni axtarıblar. Bacımgil mənim üçün nəzir filan veriblər ki, sağ evə qayıdım.

– 20 Yanvar gününü təsvir edə bilərsinizmi? Ən çox atışma hansı ərazilərdə gedirdi? Hücum hansı istiqamətdən olmuşdu?

– Biz rus ordusuna qarşı əliyalın mübarizə aparırdıq. Silahımız filan yox idi. Hücum “Şamaxinka”dan olub. Ən çox atışma da “Şamaxinka”, “Salyan kazarması” deyilən ərazilərdə idi. Biz “Şamaxinka”da dayanmışdıq. Sovet tankları da “Alov zavodu” deyilən məkanda dayanmışdılar. Onların hərbçiləri üç istiqamətdə hərəkət etməyə başladılar. Silahı da üç istiqamətə yönəltmişdilər. Küçənin bütün işıqlarını söndürdülər və harada közərti gördülərsə, atəş açdılar. Bizi 9-cu mikrorayona gedən tərəfdən mühasirəyə aldılar. Qırmızı və yaşıl güllələr vardı, yaşıl güllələr zəhərli idi. Yanvarın 19-dan 20-nə keçən gecə “Şamaxinka”da məni arxadan sol çiyin nahiyəmdən zəhərli güllə ilə vurdular, amma mən güllənin zəhərli olduğunu bilməmişdim. Orada yanğınsöndürən maşın vardı. Uşaqlardan sürə bilənin o maşını əsgərlərin üzərinə sürməsini istədim, çünki başqa variantımız yox idi, elə həyəcanlı anlardı ki, yanan közü əlimlə götürüb onların üstünə atmışdım. Biz əliyalın döyüşürdük. Silahsız olduğumuzu bilə-bilə bizə atəş açırdılar. 

– Yaralanandan sonra sizi oradan necə çıxardılar?

– Bir yol tapıb mühasirədən çıxa bildik. Bizi xəstəxanaya aparanda mən artıq böyük qırğın olacağını anladım. Çünki palataların hamısını boşaltmışdılar. Əvvəllər 20 Yanvarla bağlı qəzet vardı, orada bir xəbər getmişdi. Xəbərdə meyitlərin üstündə dayanan hündürboy, başı papaqlı bir kişi vardı. Həmin o fotoda mən də vardım, meyitlərin arasındaydım. Kim yaralanırdı, ölürdü, hamısını indiki Səhiyyə Nazirliyinin yerinə toplayırdılar. Yer olmadığı üçün hətta bəzi xəstələri meyitlərin ayaqlarının üzərinə qoyurdular. Orada bir oğlan gördüm, çənəsindən vurmuşdular, ölmək üzrə idi, anasını çağırıb qışqırırdı, onu heç vaxt ağlımdan çıxara bilməmişəm. Həmin oğlanı maşından düşürəndə həkimi də vurmuşdular.  

Yaralandığım gün məni ağır vəziyyətdə olsam da, əməliyyat edə bilmədilər. Çünki qəlpələr təhlükəli yerdə idi. Onu aparatla görməli idilər, amma aparat yox idi. Bacım “Respublikanski”də (Mirqasımov adına Respublika Klinik Xəstəxanası) tibb bacısı idi, yaralanmağımdan xəbər tutan kimi həkimlə danışdı, aparat sifariş etdilər. Ondan sonra mən əməliyyat olundum. Qəlpələri uzun illər saxladım, sonra itirdim. Amma dirsəyimdəki qəlpəni çıxarmadılar, çünki çıxarsalar, qolum işləkliyini itirə bilərdi. 

– Mübarizə yoldaşlarınızdan kimləsə əlaqəniz qalıbmı? 

– Xeyr, tanıdıqlarım rəhmətə gediblər.

– 20 Yanvarla bağlı iki fikir var. Bir qrup onu həm də qürur yerimiz adlandırır, o hadisəni yaşayan digər qrup isə sadəcə böyük faciə hesab edir. Siz bu barədə nə düşünürsünüz?

– İnsanın doğum haqqında şəhadətnaməsi olmasa, ona pasport verməzlər. 20 Yanvarda Azərbaycan xalqına böyük qəddarlıq, zülmkarlıq göstərildi. Ona görə də 20 Yanvarı ilk növbədə qanlı faciə hesab edirəm. O vaxt şəhidləri dəfn edəndə xahiş etdim ki, məni də Şəhidlər xiyabanına aparsınlar. Sovet əsgərləri qoymurdular, amma bir təhər gedib çıxa bildim. Bizimlə birlikdə Mikayıl Müşfiqin bir qohumu xadimə işləyirdi, 20 Yanvar hadisələrində oğlunu itirmişdi. Xiyabanda qadının fəryadını görsəniz, dəhşətə gələrdiniz, hələ də qulaqlarımda qalır. Ana fəryadını təsvir edə bilmərəm. O qadının üzündə dərisi qan rəngində idi. Mən belə bir hadisəni xatırlayıb bu faciəyə qürur deyə bilərəmmi? Həmin qadının gəlini indi “20 Yanvar” cəmiyyətinin üzvüdür, sağdır. Amma 20 Yanvara müstəqilliyimiz aspektindən baxanda qürur yerimiz sayılır. Mən hətta bunu 1941-1945-ci illərin qələbəsindən də vacib hesab edirəm. Çünki həmin dövrdə 15 respublika almanlara qarşı döyüşdü. Burada isə Azərbaycan xalqı təkbaşına müstəqilliyini qurdu. Müstəqilliyi almaqdan da çətin olan onu saxlamaq idi. Şükür, bacardıq. O vaxt başçımız yox idi, ölkə başsız qalmışdı. Heydər Əliyevin Bakıya qayıtmağı bizə çox fayda verdi. Çünki o qayıdanadək qohum-əqrəba bizdən qorxub bizə vətən xaini kimi baxırdılar. Heydər Əliyev hakimiyyətə gələndən sonra münasibət dəyişdi. Bizi müstəqilliyik uğrunda mübarizə aparanlar kimi təqdim elədi.

Səhv etmirəmsə, 1993-cü ildə indiki Heydər Əliyev Sarayında bir matəm səhnəsi quruldu. Heydər Əliyev səhnəyə danışmaq üçün çıxanda insanlar onu alqışlamağa başladılar, amma ümummilli lider dərhal onlardan əli ilə alqışları dayandırmalarını istədi. Bunun matəm olduğunu bildirdi. Axı, matəmdə əl çalmazlar. Orada 20 Yanvar şəhidlərinin ailələrini qəbul elədi. Bir ailəni qoymadı kənarda qalsın, hamısını qucaqladı. “20 Yanvar Fondu”nun sədri Nəsib müəllim vardı, oğlu İlqar 20 Yanvarda şəhid olmuşdu. Nəsib bəy Heydər Əliyevlə görüşəndə: “Mən oğlumu itirmişəm”, – dedi. Heydər Əliyev isə bildirdi ki, “Şəhidlər təkcə sizin yox, mənim və xalqın oğullarıdır”. Ümummilli lider mübarizlərə həmişə qiymət verdi. Müstəqillikdən sonra bizim “20 Yanvar” İctimai Birliyinə üç medal veriblər.  

– Bəs şəxsən sizə dövlət tərəfindən dəstək göstərilibmi? Ümumiyyətlə, bununla bağlı müraciət etmisinizmi?

– 90-cı illər qarışıq dövr idi. Azərbaycan körpə uşaq kimi idi, yeni ayaq açırdı. Həmin vaxt dövlətdən nəsə gözləmək sadəlövhlük olardı. Amma Heydər Əliyev Prezident seçiləndən sonra hər şey qaydasına düşməyə başladı. Dövlət tərəfindən mənə onun dövründən müavinət təyin olundu. Mən 23 il orada-burada qalmışam. 1997-ci ildə ailə həyatı qurdum. Amma ev-eşiyim yox idi. Həyat yoldaşım anamgillə daxmada qalırdı, mənə də kinostudiyada qalmağa yer vermişdilər, tək orada qalırdım, qızım isə ana nənəsigildə yaşayırdı. Ancaq 2011-ci ildə Prezident İlham Əliyev mənə ikiotaqlı ev verdi. Bundan əlavə bizə güzəştlər edilir, övladım universitetdə ödənişsiz oxuyub. Buna görə minnətdaram!

– Son olaraq bir az da hazırkı fəaliyyətinizdən danışmağınızı istərdik. 

– Hazırda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkiliş pavilyonları üzrə mütəxəssisəm. Anam kinostudiyanın yaşayış binasında komendant işləyib, yəni buraya uşaq yaşlarımdan gəlib-getmişəm. Bir çox filmlərə də çəkilmişəm. Fikrət Əliyevin “Yuxu” filmində Əliabbasla bir oğlan oynayır, həmin rəqqas oğlan mənəm. Elxan Cəfərovun “Dolu” filmində həbsxana səhnəsi var. Filmin döyüş səhnələri İsmayıllıda çəkilib, Aqil Abbas ssenarist idi. O filmdə həbsxanada kepkalı oğlan rolunu mən oynamışam. Oqtay Mirqasımovun “Ovsunçu” filmində çəkilmişəm. Ümumiyyətlə, bir çox filmlərdə rol almışam. Rafiq Babayevlə, Siyavuş Kərimli kimi bəstəkarlarla, Zeynəb Xanlarova kimi müğənnilərlə işləmişəm. AzTV-də “Arxa plan” verilişi var, orada mənim haqqımda süjet çəkilib. Mən Azərbaycan kinosunun 80 illiyində də, 100 illiyində də varam. Bu gün çoxu ilk kinonun nə vaxt yarandığını bilmir, buna məyus oluram. Məndə Azərbaycan kinosunun 80 illiyinin kitabı var, onu balam kimi sevirəm, hər gün vərəqləyirəm. Düşünürəm ki, Azərbaycan kinosu çox yüksəklərdədir və gənclərimiz də onu izləməlidirlər. 

Daha çox foto burada: PhotoStock.az

Sayad Həsənli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir