• C. Noy 29th, 2024

Qara dənizdəki təhlükəsizliyin Xəzərlə əlaqəsi: Bakı hərbi donanmasını gücləndirəcək – TƏHLİL

ByYenigun.news

Fev 8, 2023

Ukraynadakı müharibənin gedişatı Rusiya ilə Qərbin strateji rəqabətindəki episentrin dairəsini böyüdür.

Müharibənin qlobal iqtisadiyyata, o cümlədən enerji bazarlarının vitrinlərindəki məhsulların qiymətlərinə təsiri, təhlükəsizlik qayğıları, Rusiyanın təbii ehtiyatların ixracı məsələsini şantaj vasitəsinə çevirməsi Qərbi narahat edir.

Rusiya da enerji bazarlarında dominantlıq taxtından salınacağı riskindən ehtiyatlanır. Hər iki tərəfdəki narahatlıqlar onları dənizlər və okeanlar üzərindəki faktiki səlahiyyət sahibi olmağa təhrik edir. Çünki dərin sulara nəzarətdə önə çıxmaq strateji aktivləri çoxaldar.

Ukraynadakı müharibə səbəbi ilə Qara dəniz regionunun Rusiya ilə NATO arasındakı rəqabətin mərkəzi xəttində dayandığını deyə bilərik.

Qara dəniz Cənubi Qafqazı, Aralıq dənizini Yaxın Şərqi və Balkan regionunu əhatə edən təhlükəsizlik məkanının kəsişmə nöqtəsidir. Avropa ilə Asiya arasındakı tranzit qovşağı olan Qara dəniz hövzəsinin təhlükəsizliyinin təminində üç əsas oyunçu var: NATO, Rusiya və Türkiyə. Türkiyə ABŞ ilə Rusiyanın Qara dənizdəki rəqabətinin ortasında qalır.

Qara dənizin təhlükəsizlik çərçivələri güc balansında dəyişikliklər yaradılması ehtimallarını çoxaldır. Bu məsələdə Türkiyə üzvü olduğu NATO ilə tərəfdaşı Rusiya arasında sıxılır. Ankara elə mövqeyə yiyələnir ki, nə Qərbə, nə özünə, nə də Rusiya ilə münasibətlərə xələl gəlsin.

Türkiyə NATO üçün Qara dəniz regionunda əvəzedilməz bir oyunçudur. Çünki Qara dənizi bölüşən altı dövlətdən dördünün kiçik donanmaları var – Bolqarıstan, Gürcüstan, Rumıniya, Ukrayna.

Onları dənizlərdən əsən Rusiya təhdidlərindən qorumaq üçün Türkiyə böyük rola sahibdir. Ankara bununla Rusiya ilə Qərb arasındakı incə balansın xətlərini Qara dənizdə çəkir və tarazlaşdırıcı prinsip NATO-nu da, Moskvanı da qane edir.

Qara dəniz regionundakı təhlükəsizlik dilemmaları rəqabət tərəflərinin digər ərazi sularındakı “qırğın”ını səngitmir. Hər şey paraleldir, biri digəri ilə əlaqəlidir, rəqabətin hüdudları Mərkəzi Asiyada da kəsişir.

Mərkəzi Asiyanın iki ölkəsi – Qazaxıstan və Türkmənistan – Xəzər dənizində pay sahibidir. Hər iki ölkənin zəngin təbii sərvətləri dəniz sularında “üzür”. Bu iki ölkə üzərində də buludlar sıxlaşır, Qərb onları öz, Rusiya isə öz tərəfində tutmaq üçün nə lazımdırsa, onu da edir.

Belə labirintin ucları Azərbaycanın Xəzər dənizi üzərindəki sərhədlərində təhlükəsizliyi həssaslaşdırır. İkinci bir yandan, Xəzər dənizinin başqa dövləti olan İrandan artan təhdidlərin fonu Azərbaycanın hərbi donanmasını gücləndirmək çağırışlarını ortaya sərir.

Xəzər dənizinin Azərbaycan sektorunun da zəngin ehtiyatlara malik olması, Cənub Qaz Dəhlizi layihəsinin rolunun güclənməsi, ümumilikdə dənizdə cəmlənən sərvətlər ABŞ ilə Rusiyanın doktrinalarını sərtləşdirməyə gətirib çıxarır.

Xəzər dənizinin təhlükəsizliyi ABŞ üçün də qırmızı xəttə keçə bilər, çünki Ukraynadakı müharibə istər-istəməz bu regionun da sərhədlərini kövrəkləşdirir.

Azərbaycanın hərbi donanmasını gücləndirməsi strateji müttəfiqi Türkiyə, tərəfdaşları İsrail və ABŞ ilə koordinasiyalı şəkildə danışıqları intensivləşdirməyi tələb edir.

Azərbaycan bu tələblərdən irəli gələn öhdəlikləri icra edəcək…

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir