• C. Noy 1st, 2024

Yalançı, saxtakar Tehran rejimi, ABŞ-yə yaltaqlanan İran XİN başçısı – ŞƏRH + FOTO

ByYenigun.news

Mar 13, 2023

İran hakimiyyəti ictimaiyyəti aldatmaq məqsədilə uzun illərdir müxtəlif məsələlərlə bağlı yalan vədlər verir. Ölkədə ABŞ və onun müttəfiqləri ilə münasibətlərin normallaşmasını istəyənlərin sayı artmaqdadır. Tehran rejimi bu sosial sifarişi bildiyindən Vaşinqtonla təmaslarının olduğuna dair yalan açıqlamalar verməklə təşəbbüsü ələ keçirməyə cəhd göstərir.

İran hakimiyyəti ABŞ də daxil olmaqla “altılıq” ölkələri ilə nüvə proqramına dair Əhatəli Razılaşma Müqaviləsinin bərpası istiqamətində son mərhələdə olduqlarını açıqlayır. Dövlət Departamenti isə İranın bu yalanını təkzib edir. Bu günlərdə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bildirib ki, ABŞ ilə məhbusların mübadiləsi üzrə razılıq əldə ediblər və məsələ yaxın günlərdə reallaşacaq. İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani nazirin danışdığı yalana yön verməyə çalışıb və bildirib ki, ABŞ ilə danışıqlar vasitəçilərlə davam edir. Fikrimizcə, sözçü kimi nazir də belə açıqlaya bilərdi. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da məsələyə dair açıqlama verərək rəsmi Tehranın iddialarını təkzib edib: “İran hakimiyyəti nağıl uydurmaqdan əl çəkmir. Onların bu son nağılları məhbusların ailələrinin məyusluğuna səbəb olacaq”.

Hüseyn Əmir-Abdullahianın yalan açıqlaması ABŞ-yə yaltaqlıq kimi də dəyərləndirilə, yaxud Ağ Evlə münasibət qurmaq üçün ismarış da sayıla bilər…

Qeyd edək ki, ABŞ-də sanksiyaları pozmaqda təqsirli bilinən İranın azı üç vətəndaşı casusluq ittihamı ilə həbsdədir. İranla ABŞ arasında məhbus mübadiləsi sonuncu dəfə 2020-ci ilin iyun ayında keçirilib. 2020-ci ilin oktyabrında isə İranda casusluqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş 85 yaşlı, İran və ABŞ vətəndaşı Məhəmməd Baqer Namazi “humanitar səbəbdən” sərbəst buraxılmışdı. Ancaq onun oğlu Siyamək Namazi casusluq ittihamı ilə hələ də İranda həbsdədir.

Ümumiyyətlə, Tehran rejimi xarici ölkə vətəndaşlarına qarşı daha sərt davranır. 2023-cü ilin yanvarında İran-Britaniya ikili vətəndaşlığı olmuş Əlirza Əkbəri barəsində çıxarılan edam hökmü icra edildi. Qeyd edək ki, Əlirza Əkbəri Ali Milli Təhlükəsizlik Şurasının katibi, keçmiş müdafiə naziri Əli Şamxaninin yaxın adamı, nazir olanda isə müşaviri və müavini olmuşdu. Əlirza Əkbəri on il əvvəl Böyük Britaniya vətəndaşlığını qəbul etmişdi. O, 2018-ci ildə “Britaniyaya casusluq” ittihamı ilə həbs edilmişdi. Bu günlərdə isə İran hakimiyyəti İsveç vətəndaşı, Əhvazın Azadlığı uğrunda Ərəb Hərəkatının keçmiş lideri Həbib Əssyudi barəsində ölüm hökmü çıxarıb. Məlumata görə, o, 2020-ci ilin noyabrında Türkiyəyə səfəri zamanı İran təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq İrana aparılıb. İsveçin xarici işlər naziri Tobias Bilstrem Həbib Fərəcullah Şaabın (Əssyudi) işi üzrə Tehran rejiminin uyğun qurumları ilə təmas saxladıqlarını bildirib: “Edam qeyri-insani və dönməz cəzadır. Ölkəmiz istənilən vəziyyətdə onun tətbiqini pisləyir”. İran hakimiyyəti onu Xuzistan əyalətində “terror aktlarını təşkil etməkdə” günahlandırır. İran və Almaniya vətəndaşı Cəmşid Şarməhd barəsində də edam hökmü çıxarılıb. Bildirilib ki, rejimin təhlükəsizlik qurumlarının əməkdaşları 67 yaşlı Şarməhdi 2019-cu ilin avqustunda Almaniyadan Hindistana səfər edərkən Dubaya üç günlük ziyarəti zamanı oğurlayıb. 2020-ci ilin dekabrında isə “Amada News”un qurucusu Ruhullah Zam Fransadan oğurlanaraq edam edilib.

Yeri gəlmişkən, bu günlərdə Tehran rejimi Əhvazda ərəblərin hüquqlarını müdafiə edən altı nəfər barəsində edam hökmü çıxarıb. Məlumata görə, onlardan biri Əli Müqəddəmdən etiraf almaq üçün həyat yoldaşı və övladının gözü qarşısında ona işgəncə verilib. Əhvazın Azadlığı uğrunda Ərəb Hərəkatının edama məhkum edilən altı üzvü “separatçı qruplaşmaya rəhbərlik etməkdə”, həmçinin Xuzistan əyalətində “çoxsaylı terror əməliyyatları” təşkil etməkdə ittiham olunublar.

Bu İran rejimidir – ABŞ ilə əlaqələrinin olduğunu cəmiyyətə yalan deməklə özünü güclü göstərməyə çalışan qeyri-legitim hakimiyyət. Bu, böyüklər önündə daim qulluq göstərməyə çalışan rejimdir. Onun təməli belə qurulub. Pəhləvilərə qarşı olduqlarını bildirsələr də, böyük dövlətlərə yarınmaları ilə onları yamsılayırlar. Elə Ağ Evin nümayəndələri ilə təmasda olduqlarını deməklə də cəmiyyətin ABŞ-yə və Qərb ölkələrinə olan rəğbətindən sui-istifadə etmək istəyirlər. Bununla da cəmiyyətin həmin təbəqəsinə sanki “sizin güvəndiyiniz və arxalandığınız ABŞ və Qərb ölkələri bizimlə müzakirə aparır” kimi ismarışını verirlər. İran hakimiyyəti 44 ildir cəmiyyətə yalan danışır…

Yuxarıda sadaladığımız faktlarla Tehran rejimi terrorçu və insan oğrusu olduğunu da isbatlayır. Azərbaycan vətəndaşı Fərid Səfərli də İranda itkin düşüb. Kim zəmanət verə bilər ki, onu oğurlamayıblar? Onun həyatının təhlükə qarşısında olduğu istisna deyil. Xarici ölkə vətəndaşlarına qarşı amansızlıq edən bir rejimin girovluğunda olan Fərid Səfərlinin taleyinə beynəlxalq ictimaiyyətin də münasibət bildirməsi vacibdir. Çünki terrorçuluğa və beynəlxalq cinayətə qarşı mübarizə qlobal bir hadisədir. Tehran rejimi bunların hər ikisi ilə məşğuldur…

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir