Dünyaya demokratiya dərsi keçən Fransa müstəmləkəçilik siyasətini açıq müstəvidə davam etdirir. Kiçik xalqları yer üzündən silmək niyyəti güdən Fransa hökuməti bu dəfə Korsika dilinin qadağan edilməsi ilə əlaqədar qərar çıxarılmasına nail olub. Fransanın bu addımı böyük etirazlara səbəb olub. Fransaya məxsus olan adanın məhkəməsinin qərarında Fransa konstitusiyasına istinad edərək bildirilir ki, ictimai vəzifələrin icrasında istifadəsinə icazə verilən yeganə dil fransız dilidir.
Dil məsələsinə əlavə olaraq, məhkəmə “Korsika xalqı” ifadəsini də faktiki olaraq konstitusiyaya zidd hesab edib.
Fransanın qeyri-demokratik addımı haqqında Oxu.Az-a danışan Milli Məclisin deputatı Azər Badamov diqqətə çatdırıb ki, 350 min korsikalının öz ana dilində yazmağı və danışmağının qadağan olunması insan haqlarının, hüquq və azadlıqların kobud şəkildə pozulmasıdır:
“Bu, həm də Fransada ayrı-seçkiliyin hökm sürməsinin davam etdiyini göstərir. Fransa öz ərazisindəki kiçik xalqları boğduğu halda utanmadan Azərbaycanın ərazisində məskunlaşmış 30 minə yaxın erməninin müdafiəsinə qalxır ki, bu da ədalətsizlik və ikili standartların nümunəsidir. Fransanın, ümumiyyətlə, ermənilərin hüquqlarından danışmağa haqqı yoxdur. Çünki Fransanın balaca xalqlarına olan münasibətindən fərqli olaraq ölkəmizdə ermənilərə erməni dilində danışmağına heç bir qadağa yoxdur. Azərbaycan dövləti ölkənin gələcəyini ərazisində yaşayan bütün xalqların dilinin, mədəniyyətinin və adət-ənənələrinin inkişafında görür. Azərbaycanda multikulturalizm və tolerantlıq dövlət siyasətidir, həyat tərzidir”.
Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə yeni dünya nizamının qurulmasının vacibliyini dəfələrlə vurğuladığını xatırladan deputat böyük dövlətlərin anti-demokratik addımlarının müsbət nəticə vəd etmədiyini düşünür:
“Bu gün dünyada ədalətsizliyin hökm sürməsi və iri güclərin balaca ölkələri öz maraqlarına tabe etdirmək siyasətini dərinləşdirilməsi nəticəsində bəşəriyyət Üçüncü Dünya müharibəsi təhlükəsi ilə qarşılaşır. Belə təhlükələrin aradan qaldırılması üçün BMT Təhlükəsizlik Şurası yenidən formalaşmalıdır. Dünya nizamında baş verən ədalətsizliklər Qoşulmama Hərəkatının sədrinin, Afrika ölkələrinin nümayəndəsinin və müsəlmanların təmsilçisinin BMT TŞ-də təmsil olunmasını vacib edir. Qoşulmama Hərəkatının sədr ölkəsi kimi Azərbaycanın Fransa dövlətinin korsikalılara qarşı ədalətsiz mövqeyini BMT səviyyəsində müzakirəyə çıxarmalıdır. Fransa əvvəlcə özlərinin əsarəti altında saxladıqları xalqların azadlıqlarını tanımalı və sonra da dünyada ədalətin bərpasından danışmalıdır. Əks halda Fransanın BMT TŞ-də fəaliyyətini davam etdirməyə heç bir haqqı olmamalıdır”.
Qeyd edək ki, Korsika Fransanın mərkəzi hökuməti ilə gərgin münasibətdədir. Yerli millətçi hərəkat bir neçə onilliklər ərzində ada üçün daha geniş muxtariyyət və hətta tam müstəqillik tələb edir.
Keçən ay Makron Korsikanın statusunu dəyişdirmək üçün “heç bir tabu olmadığını” söyləyib. Lakin o israr edib ki, Korsika Fransanın tərkibində qalmalıdır.
UNESCO-nun məlumatına görə, standart italyan dilinə yaxın olan və təxminən 150 min nəfərin danışdığı korsika dili yox olmaq təhlükəsi ilə üz-üzədir.
Onu da qeyd edək ki, BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varenn də korsika dilinin qadağan olunmasına etiraz edib. O, “Twitter”də bildirib ki, Korsikada yalnız fransız dilindən istifadə icazəsi ayrı-seçkilikdir və bu, beynəlxalq hüququn pozulmasıdır.
Aysel Aslan