• C. Noy 29th, 2024

Levan Mamaladze: “Çox xoşbəxtəm ki, Heydər Əliyev kimi tarixi şəxsiyyətin tövsiyələrindən bəhrələnmişəm”

ByYenigun.news

Mar 13, 2023

Gürcüstanın “Sakartvelos Respublika” qəzeti müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə növbəti məqaləsini dərc edib. 

Gürcüstanın əməkdar jurnalisti Quram Qoqiaşvilinin qələmə aldığı “Heydər Əliyev müasir və demokratik Azərbaycan dövlətinin memarıdır” sərlövhəli məqalədə bu ölkənin Kvemo-Kartli bölgəsinin keçmiş qubernatoru Levan Mamaladzenin fikirlərinə yer verilib. 

Levan Marmaladze bildirib ki, Heydər Əliyev kimi dahi şəxsiyyət haqqında danışmaq böyük şərəfdir: “Mən çox xoşbəxtəm ki, müxtəlif vəzifələrdə çalışdığım dövrlərdə belə tarixi şəxsiyyətin tövsiyələrindən bəhrələnmişəm. Mən Heydər Əliyevi müasir və müstəqil Azərbaycan dövlətinin yaradılmasının memarı hesab edirəm”.

O qeyd edib ki, Heydər Əliyevin vətəninə dönüşü güclü Azərbaycan dövlətinin qurulması və ölkədə demokratik prinsiplərinin bərqərar olunması ilə nəticələndi: “O, Xəzər dənizi ilə Qara dəniz arasındakı dəhlizi öz məqsədyönlü fəaliyyəti ilə yeni siyasi arenaya çevirdi. Deyərdim ki, Azərbaycanın neft və qaz ehtiyatlarının bütün dünyaya tanıdılmasında Heydər Əliyev müstəsna rol oynayıb”.

Sabiq qubernator nəzərə çatdırıb ki, 1994-cü ildə Kvemo-Kartlinin rəhbəri təyin olunduqdan sonra əsas məqsədləri soydaşlarımızın Gürcüstandan Azərbaycana miqrasiya etməsinin qarşısını almaq olub:

“Mən çalışırdım ki, hər bir azərbaycanlı ailəsinə daxil olaraq onları müdafiə edim. Onlara anlatmağa çalışırdım ki, Gürcüstan həm də hər bir azərbaycanlının vətənidir. Bizim bu daxili siyasətimizi Azərbaycan dövləti yüksək qiymətləndirdi və aramızdakı qarşılıqlı inam da gücləndi. Heydər Əliyevin rəhbərliyi ilə iki ölkə arasında özünəməxsus, unikal bir münasibət formalaşdı. Yadımdadır, mən Heydər Əliyevlə görüşəndə o, həmişə “Cavan oğlan, necəsən? İşlərin necədir?” deyərdi. Bakıda tədbirlər çərçivəsində ağacəkmə mərasimi keçirilən zaman o, məni yanına çağıraraq tingi mənə uzatdı və “mənim ağacımın yanında sən də öz ağacını ək” dedi. İnanıram ki, bizim yan-yana əkdiyimiz tinglər artıq böyük bir gövdəli, qollu-budaqlı ağaclara çevrilib. Azərbaycan xalqı Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Şəxsi münasibətdə çox mülayim və sadə olan bu görkəmli şəxsiyyət həm də Gürcüstanla dostluğa çox önəm verən, sözün əsl mənasında gürcü xalqına böyük hörmət və ehtiramla yanaşan siyasi xadim idi”.

L.Mamaladze Prezidenti İlham Əliyevi Azərbaycan dövlətinin daha da qüdrətlənməsində böyük rol oynayan rəhbər adlandırıb: “Bu gün Heydər Əliyevin siyasi kursunu Prezident İlham Əliyev layiqincə davam etdirir. İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Mən deyərdim ki, o, Heydər Əliyevin yaratdığı dövlətin daha da qüdrətləndirilməsində böyük siyasi rol oynayan bir rəhbərdir”.

Qeyd edək ki, “Sakartvelos Respublika” qəzetindəki silsilə məqalələr “Heydər Əliyev ili” çərçivəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və “Alyans“ Gənclər Mərkəzinin birgə layihəsi əsasında həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir