Sosial şəbəkələrdə Rusiya sülhməramlı kontingentinə məxsus iki UAZ markalı avtomobilin erməni separatçılarının üç UAZ markalı avtomaşınını müşayiət etməsinə dair yeni kadrlar yayılıb.
Görüntülərdən aydın olur ki, nəqliyyat vasitələri yenə də Xankəndi-Xəlfəli-Turşsu yolu ilə hərəkət ediblər.
Qeyd edək ki, Müdafiə Nazirliyi bundan əvvəl də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etməsi barədə görüntülərlə birgə məlumat yayıb. Bildirilib ki, qarşı tərəf Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən qanunsuz erməni silahlı birləşmələri üçün silah-sursat, mina, hərbi ləvazimat və digər hərbi vasitələr tədarük etməklə, habelə bu yolla şəxsi heyətin döyüş mövqeyinə aparılması və rotasiyasını həyata keçirməklə ölkəmizin suverenliyini və üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozur. Baş verən hadisələr Azərbaycan tərəfindən Laçın yolu üzərində nəzarət-buraxılış məntəqəsinin yaradılmasını bir daha zəruri və qaçılmaz edib.