• C. Noy 1st, 2024

İsrailli sabiq nazir İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini təhlil edib

ByYenigun.news

Mar 14, 2023

ABŞ-nin geniş oxucu kütləsinə malik populyar “Jewish News Syndicate” nəşrində “İran-Azərbaycan münasibətləri pisləşməkdə davam edəcəkmi?” sərlövhəli məqalə dərc olunub.

İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Karanın qələmə aldığı məqalədə bu günlərdə İran hərbi təyyarəsinin Azərbaycan hava məkanını pozması hadisəsinə qiymət verilib.

Qeyd olunub ki, sözügedən sərhəd pozuntusu İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi, azərbaycanlılar üçün həssas ərazi olan Ermənistanın Qafan şəhərində konsulluq açması, Azərbaycanda casus şəbəkəsindən istifadə etməkdə təqsirli bilinməsi və ölkəmizin Tehrandakı səfirliyinə hücum təşkil edərək təhlükəsizlik xidmətinin yüksək rütbəli əməkdaşının qətlə yetirilməsindən sonra baş verib. Müəllif bütün bunların Bakının İsrail Dövlətində səfirlik açdığını elan etməsindən sonra baş verdiyinə diqqət çəkərək, hadisələrin təsadüfi olmadığını diqqətə çatdırıb.

İsrailli politoloq İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi dəniz qüvvələrinin komandanı admiral Əlirza Təngsirinin “əl-Ələm” telekanalına verdiyi açıqlamadan da iqtibas gətirib:

“Onlar sionistləri öz ölkələrinə gətirdikləri zaman biz ikiqat qisas alacağıq və İranın maraqlarına qarşı sui-qəsdlərin doğulduğu istənilən ərazini əzəcəyik. Bunlar, sadəcə, şüar deyil, əməli tədbirlərdir”.

Müəllif hesab edir ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücum və bu yaxınlarda İran tərəfindən Azərbaycanın hava məkanının pozulması Azərbaycan-İran münasibətlərinin pisləşməsi ilə əlaqədar gözlənilən aysberqin görünən hissəsidir.

Qeyd olunub ki, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycanın güclənməsi İranın Qafqazda zəifləməsinə səbəb olduğu üçün iki ölkə arasında münasibətlər pisləşib. İran elə bir vəziyyətlə üzləşib ki, daxili etiraz hərəkatını vəhşicəsinə repressiyaya məruz qoyduğu üçün beynəlxalq sanksiyalarla çarpışan molla rejiminin can damarı olan Ermənistanla sözün əsl mənasında əlaqəsi kəsilib. Belə bir vəziyyətdə Azərbaycanı özünün Naxçıvan anklavı ilə birləşdirəcək və İranın Ermənistanın böyük hissəsi ilə əlaqəsini kəsəcək Zəngəzur dəhlizinin inşasının ölkəmiz tərəfindən müzakirəyə çıxarılması Tehranda Azərbaycana qarşı düşmənçiliyi daha da alovlandırıb. Məsələ ilə əlaqədar İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiana da istinad olunub: “İran Ermənistanın və regionun təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir”.

Sabiq nazir bu qənaətdədir ki, qeyd olunanlarla yanaşı, İran əhalisinin 40%-ni öz ana dilində işləməyə, təhsil almağa can atdığı üçün davamlı repressiyalara məruz qalan, habelə iradələrinin əksinə olaraq zorla İranın bir hissəsi olmağa məcbur edilən etnik azərbaycanlıların təşkil etməsi və onların əksəriyyətinin İrandan ayrılaraq müstəqil Cənubi Azərbaycan yaratmaq istəyi nəzərə alınarsa, Bakı ilə Tehran arasında gərginliyin daha da artacağını gözləmək olar. Müəllif belə bir vəziyyətdə molla rejiminin özünün ölkədə etiraz hərəkatına səbəb olan səhvlərini etiraf etmək əvəzinə, sözügedən daxili iğtişaşları Azərbaycan və İsrail də daxil olmaqla xarici qüvvələrin üzərinə atmasını növbəti yanlışlıq adlandırıb:

“Nə qədər ki, bu belədir, İran-Azərbaycan münasibətlərində geriləmə davam edəcək, Cənubi azərbaycanlılar öz azadlıqlarını hər zamankındən daha çox enerji ilə tələb edəcək və təbii olaraq Bakı ilə Yerusəlim onlara öz milli müqəddəratını təyin etmək yolunda dəstək olacaqlar”.

Məqaləni ətraflı şəkildə link-ə daxil olaraq oxumaq mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir