• Şb. Noy 30th, 2024

“AP-nin kağız parçaları bizi yolumuzdan, haqq işimizdən çəkindirmək iqtidarında deyil” – ŞƏRH + FOTO

ByYenigun.news

Mar 14, 2023


Avropa Parlamenti yaxın günlərdə növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşır. Bu, onların ölkəmizə münasibətdə necə düşmən mövqedə dayandığını bir daha sübut edir.

Qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya “blokada”da olması kimi iddialar, eləcə də “gorbagor olmuş” “Minsk Qrupu”, “status”, “Dağlıq Qarabağda və ətrafında” kimi keçmiş, sərsəm və gündəlikdə ümumiyyətlə olmayan məsələlər qeyd edilib.

Avropa hökumətinin Azərbaycanın əleyhinə ardıcıl şəkildə apardığı bu kampaniyanın səbəbi haqqında Oxu.Az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimlinin sözlərinə görə, Avropa Parlamenti artıq uzun illərdir ki, özünün elan etdiyi prinsiplərdən uzaqlaşıb:

“Bu təsisat bir sıra hallarda, hətta Avropa İttifaqının mənafeyini belə zərbə altına qoyan parlamentarilərin, lobbi qruplarının şəxsi və korparativ maraqlarının ifadəçisinə çevrilib. Əgər bir parlamentin vitse-prezidenti külli miqdarda rüşvət və korrupsiya faktına görə həbs edilibsə, düşünürəm ki, yalnız bu faktın özü AP haqqında qənaətə gəlmək üçün yetərlidir. Azərbaycanla bağlı qəbul edilən qətnamələrin mətninə diqqət yetirsək, belə təəssürat yaranır ki, Avropa Parlamenti Ermənistanın və bu ölkəni öz geosiyasi maraqları kontekstindən himayə edənlərin ötürdüyü tezisləri kağız üzərinə köçürüb təsdiqləməklə məşğuldur. Hətta notarial kontorlarda belə sürətlə hərəkət etmirlər.

Ölkəmizə qarşı AP-nin apardığı kampaniyanın səbəblərinə gəldikdə isə, burada ilk növbədə Avropa parlamentarilərinin və bəzi siyasətçilərin erməni diasporunun təsiri altında olması, lobbiçilik faəliyyətindən doğan korporativ maraqlar, Azərbaycanın müstəqil siyasət yürüdən bir ölkə kimi öz maraqlarını qətiyyətlə müdafiə etməsi, geosiyasi oyunlarda alətə çevrilməməsi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edən bir dövlət olaraq, qlobal proseslərdə, xüsusilə də beynəlxalq hüququn norma və prinsiplərinə münasibətdə sərgilədiyi prinsipial mövqe, yeni dünya düzəninin ədalətli olması, humanizm dəyərlərinin əsas meyarlardan biri kimi qəbul edilməsi üçün göstərdiyi fəaliyyət və digər bu kimi məqamlarla bağlıdır. Əslində Azərbaycan torpaqlarının 30 ilə yaxın bir zaman ərzində Ermənistanın işğalı altında olmasına, azərbaycanlılara məxsus yaşayış məntəqələrinin, dini, mədəni və tarixi abidələrin, ziyarətgahların dağıdılmasına, yüzminlərlə azərbaycanlının öz ev-eşiyindən didərgin düşməsinə göz yuman və işğalçı Azərbaycan torpaqlarından qovulduqdan sonra əsassız, yalan və böhtan xarakterli iddialarla ölkəmizə qarşı sistemli kampaniya aparan Avropa Parlamenti kimi təsisatların riyakarlığı rəsmi Bakının BMT də daxil olmaqla bütün beynəlxalq təşkilatlarda köklü islahatların aparılması ilə bağlı prinsipial mövqeyinin nə qədər doğru və ədalətli olduğunu nümayiş etdirir.

Bu baxımdan, biz ədalətli və doğru bildiyimiz yolla hərəkət edirik və AP-nin kağız parçaları bizi yolumuzdan, haqq işimizdən çəkindirmək iqtidarında deyil”.

Aysel Aslan 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir