“Fransada təkcə müsəlmanlara deyil, islamofobiya ilə bağlı vəziyyəti tənqid edənlərə də nifrətlə yanaşırlar”.
Bunu “Report”a açıqlamasında politoloq və ərəbşünas, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) nümayəndəsi Fransua Burqa deyib.
“Mən Fransada olarkən sosial şəbəkələrdə təkcə müsəlmanlara deyil, həm də islamofobiyanı tənqid edənlərə qarşı böyük bir nifrət dalğasının şahidi oluram”, – o bildirib.
Politoloq qeyd edib ki, Fransa inqilabı zamanı insanlar kilsə hakimiyyətinə qarşı mübarizə aparırdılar:
“Buna görə də Fransada dini mənsubiyyətinizi açıq şəkildə göstərə bilməzsiniz, hansı dinə mənsub olduğunuzu göstərən heç nə geyinə bilməzsiniz”.
Fransua Burqa əlavə edib ki, bir vaxtlar Fransanın müstəmləkəsində olan xalqlar bu gün onların başına gələnlər barədə həqiqəti dünyaya çatdırmaq istəyirlər, lakin fransızlar buna qarşı çıxırlar.