“Avropa Parlamentinin Azərbaycana qarşı qətnamə qəbul etmək niyyəti ikili standartların nəticəsidir. Qəti əminliklə deyə bilərik ki, bu, ölkəmizə qarşı qərəzdən xəbər verir”.
Bu fikirləri Oxu.Az-a Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etməyə hazırlaşdığı qərəzli qətnamə haqqında danışarkən Milli Məclisin deputatı Mahir Abbaszadə deyib. Onun sözlərinə görə, Avropa guya Azərbaycanda insan hüquqlarının pozulmasından narahatdır:
“Amma 30 il müddətində torpaqlarımız işğal altında qaldı və bir milyona yaxın məcburi köçkünün hüquqları Avropa Parlamentinin gündəmində olmadı. Avropa Azərbaycanda yaşayan ermənilərin həyatına görə guya narahatdır, halbuki tarixə nəzər salıb, Ermənistandan qovulan 300 minə yaxın azərbaycanlının başına gətirilənlərə baxanda görürük ki, bu təsisatlar bir dəfə də səsini çıxarmayıb”.
Sənəddə əsassız şəkildə Laçının blokadada olduğunun göstərildiyini vurğulayan Mahir Abbaszadə xatırladıb ki, 30 ilə yaxındır, Naxçıvan ciddi blokadadadır və bu, Avropanın heç bir halda diqqətində olmayıb:
“Azərbaycan ərazisində terror aktları törədiləndə hüquq-mühafizə orqanları tərəfindən saxlanılan insanların hüquqlarından danışırlar. Avropaya başa salmaq lazımdır ki, Birinci Qarabağ müharibəsində itkin düşən dörd minə yaxın insanın taleyi məlum deyil. Bəs Avropa niyə Ermənistanı sorğu-sual etmir? Bütün bu addımlar Avropa Parlamentinin öz nüfuzuna zərbədir. Onlar anlamalıdırlar ki, Azərbaycan Prezidentinin siyasəti nəticəsində Avropa enerji təhlükəsizliyini təmin edib, rahat nəfəs ala bilir. Rusiya-Ukrayna müharibəsi də göstərdi ki, Azərbaycan ən etibarlı tərəfdaşdır”.
Deputat onu da diqqətə çatdırıb ki, Avropa Parlamentinin qərəzli sənədi Ermənistanla Azərbaycan arasında müzakirə olunan sülhü ləngitməyə xidmət edir:
“Lakin zaman həmin zaman deyil. Azərbaycan xalqı, Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını işğaldan azad edib. Biz artıq sərhədlərini bərpa etmiş, işğal altında olan torpaqları geri qaytarmış, sərhədlərdə güclü müdafiə zolağı təşkil etmiş, dayanıqlı iqtisadiyyata sahib ölkəyik. Azərbaycanla bu dildə danışmaq qarşı tərəfə başucalığı, dividendlər gətirə bilməz. Ola bilsin, Avropa Parlamenti üzvləri düşünürlər ki, bu qərarlarla Azərbaycan və Ermənistan arasında normallaşma prosesində, bağlanacaq sülh müqaviləsində Ermənistana üstünlük qazandıra biləcəklər. Amma bu qərarlar tam əksinə olaraq, Azərbaycana qarşı qarayaxma kampaniyasından başqa bir mahiyyət daşımayacaq”.
Xatırladaq ki, Avropa Parlamenti yaxın günlərdə növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşır. Bu, onların ölkəmizə münasibətdə necə düşmən mövqedə dayandığını bir daha sübut edir.
Qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya blokadada olması kimi iddialar, eləcə də ATƏT-in keçmiş Minsk qrupu, status kimi sərsəm və ümumiyyətlə gündəlikdə olmayan məsələlər qeyd edilib.
Aysel Aslan