“Ermənistan bu gün də təxribatlarını davam etdirərək işğaldan azad olunmuş ərazilərimizi yenidən minalarla çirkləndirir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib.
Müvəkkil xatırladıb ki, “Azərbaycanın Respublikasının işğaldan azad edilmiş Ağdam rayonu Yusifcanlı kəndi ərazisində iki nəfər dinc sakinin həlak olması ilə nəticələnən mina partlayışı baş verib. Dinc mülki insanların davamlı olaraq həyat və sağlamlığına qəsd edən Ermənistanın mina terrorunu kəskin şəkildə pisləyir, həlak olanlara Allahdan rəhmət diləyirəm”.
S.Əliyeva vurğulayıb ki, Ermənistan 30 ilə yaxın bir dövr ərzində Azərbaycanın Qarabağ bölgəsindəki şəhər və rayonlarını yalnız işğal altında saxlamaqla kifayətlənməyib, həm də günahsız insanları qətlə yetirmək məqsədilə həmin əraziləri qəsdən kütləvi şəkildə minalayıb:
“Təəssüflə qeyd edirik ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonrakı dövrdə baş vermiş çoxsaylı mina partlayışları nəticəsində indiyə qədər ümumilikdə 286 nəfər mina terrorunun qurbanına çevrilib və onlardan 48 nəfəri həlak olub. Ermənistan isə nəinki ötən illər ərzində basdırdığı minaların dəqiq xəritələri haqqında ölkəmizə məlumat vermir, bu gün də təxribatlarını davam etdirərək işğaldan azad olunmuş ərazilərimizi yenidən minalarla çirkləndirir, nəticədə mülki şəxslərin və hərbçilərin həyatı ciddi təhlükə altına düşür. Bir daha dünya ictimaiyyətinə, o cümlədən insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara səslənərək insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməyə çağırıram”.