Ağdam rayonunun Yusifcanlı kəndində heyvan otaran 2 dinc sakin minaya düşərək, həlak olub. Partlayış zamanı ölənlər 1999-cu il təvəllüdlü İsrail İbrahim oğlu Həsənov və 1987-ci il təvəllüdlü Amid Hüseyn oğlu Həsənovdur. Baş verən faciə işğaldan azad edilmiş ərazilərdə Ermənistanın basdırdığı mina sahələrinin miqyası və kütləviliyi, mina terrorunun təzahürüdür. Təəssüf ki, bu, mülki əhalinin erməni cinayətlərinin qurbanı olduğu ilk belə hadisə deyil, görünür, sonuncu da olmayacaq.
Azərbaycana qarşı təxribatlarından əl çəkməyən Ermənistanın cinayətləri dəfələrlə beynəlxalq ictimaiyyət qarşısında qaldırılsa da, heç bir reaksiyanın, işğalçı dövlətə təzyiq mexanizminin şahidi olmuruq.
Bununla bağlı Oxu.Az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə azad edilmiş ərazilərdəki erməni vandalizmi, mina problemi istiqamətində Azərbaycan tərəfindən davamlı, böyük işlər görüldüyünü vurğulayıb. Deputat bildirib ki, dövlət orqanları, ictimaiyyət nümayəndələri, vaxtaşırı dünya ictimaiyyətinə işğaldan azad edilmiş torpaqların minalandığı haqqında məlumat verirlər, faktlar göstərirlər:
“Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edən xarici nümayəndələr, rəsmilər, turistlər birbaşa bu problemi öz gözləri ilə görürlər. Ağdamın 2 dinc sakininin minaya düşməsi növbəti dəfə erməni işğalının fəsadlarının ağır görüntüsüdür. Dünya ictimaiyyəti buna qədər baş verən hadisələrdən, insidentlərdən, ermənilərin təxribatlarından məlumatlıdırlar. Amma hesab edirəm ki, sadə vətəndaşların minaya düşməsi, Ermənistan işğalından əziyyət çəkən mülki əhalinin görüntülərini, video və fotolarını, bütün faktları Fransa prezidenti Emmanuel Makrona, NATO-nun keçmiş baş katibi, Azərbaycana qarşı ədalətsiz mövqe tutan, ermənilərin pulu ilə ölkəmizə böhtan atan Anders Foq Rasmussenə, britaniyalı Baronessa Koksa, xaricdə oturub, erməni yalanlarını müdafiə edənlərə göndərmək lazımdır. Qoy, Ermənistanın işğalçı siyasətini, yalançı ideologiyasını müdafiə edənlər kimi müdafiə etdiklərinin bir daha fərqinə varsınlar”.
Aysel Aslan