“Azərbaycan BMT ilə davamlı inkişaf tədbirləri çərçivəsində uzunmüddətli proqramların icrasında indiyədək bir çox uğurlar əldə edib. Hazırda bölgədə yeni reallıqlar yaradan dövlətimiz azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, əhalinin qayıdışı və bu prosesdə beynəlxalq təcrübənin tətbiqini beynəlxalq qurumlarla müzakirə edir. Bu müstəvidə BMT, Dünya Bankı və Avropa İttifaqının birgə post-böhran mexanizmi olan bərpa ehtiyaclarının qiymətləndirilməsi metodologiyasının ölkəmizdə tətbiqi sahəsində əməkdaşlıq da mühüm əhəmiyyət daşıyır. Bu prosesdə BMT əsas tərəfdaşlardan biridir. Bu əməkdaşlığın mühüm nümunəsi kimi BMT ilə Azərbaycan arasında Ağdam şəhərində strateji məsləhətləşmələrə həsr olunmuş dəyirmi masa regionda sülh və əməkdaşlıq üçün töhfə verə bilər”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib. Deputatın sözlərinə görə, Azərbaycan azad edilmiş ərazilərinin bərpa və yenidən qurulması proseslərində əsasən öz daxili imkanlarından istifadə etməkdədir, lakin eyni zamanda beynəlxalq əməkdaşlığa da açıqdır. Bu prosesdə ölkəmizdə fəaliyyət göstərən BMT ilə keçirilən illik yüksək səviyyəli strateji məsləhətləşmələrin əhəmiyyəti də xüsusi qiymətləndirilə bilər:
“Sözügedən əməkdaşlıq minatəmizləmə işlərinin genişlənməsində də mühüm rol oyanaya bilər. Ümumilikdə, Azərbaycanda BMT tərəfindən qəbul edilən Davamlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində davamlı işlər aparılmaqdadır. Ölkəmizin işğaldan azad edilmiş ərazilərində həyata keçirilən əsaslı bərpa və yenidənqurma layihələri həmin səylərin tərkib hissəsi olaraq mühüm əhəmiyyət kəsb edir. Ölkəmiz inkişaf məqsədlərinə ilk növbədə daxili potensial və imkanlardan, eyni zamanda, çoxtərəfli beynəlxalq əməkdaşlıq mexanizmlərindən istifadə etməklə nail olmaqdadır. Bu əməkdaşlıq ölkəmiz üçün əhəmiyyətli olan müxtəlif sahələri, o cümlədən ətraf mühitin qorunması, səhiyyə, kənd təsərrüfatının inkişafı və digər məsələləri əhatə edir. Eyni zamanda, Azərbaycan üçün əsas prioritetlərdən olan Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə iqtisadi davamlılıq, humanitar minatəmizləmə, ərazilərin sosial-iqtisadi reinteqrasiyası məsələlərinin dünyada mövcud olan təcrübənin nəzərə alınması ilə təşkili önəmlidir. Yaxın gələcəkdə bu istiqamətdə müvafiq ərazilərdə əməkdaşlığın genişləndirilməsi gözlənilir”.
Xatırladaq ki, BMT ilə Azərbaycan Respublikasının əməkdaşlığında vacib olan proses və təşəbbüslərin, qabaqcıl yanaşmaların müzakirəsi məqsədilə Ağdam şəhərində strateji məsləhətləşmələrə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura, Minatəmizləmə Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələrinin rəhbərləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzində təmsil olunan Prezident Administrasiyasının əməkdaşları, habelə BMT agentliklərinin Azərbaycanda fəaliyyət göstərən ofislərinin rəhbər şəxsləri iştirak ediblər.
Aysel Aslan