“Fransa hökuməti başa düşməlidir ki, dili sıxışdırıb qırağa qoymaq olmaz”.
Bu fikirləri “Report”un yerli bürosuna Korsikanın Mərkəzi bazarının kommersantı Somer Perp bildirib:
“23 ildir ki, Korsikanın cənub bölgəsində istehsal olunan yerli məhsulların satışı ilə məşğul oluram. Korsika dili uğrunda artıq neçə illərdir ki, mübarizə aparılır. Yavaş-yavaş bu mübarizə öz bəhrəsini verməkdədir. Bir gün gələcək ki, öz məqsədimizə çatacağıq”.
O hesab edir ki, Korsikanın muxtariyyət əldə etməsi vacib məsələdir:
“Çünki bu, öz növbəsində bir sıra problemləri həll etmiş olacaq. Lakin təəssüf ki, muxtariyyət əldə etdikdən sonra belə dilimizin tam istifadə edilə bilinməsi üçün hələ çox illər lazım olacaq. Yenidən məktəblərdə Korsika dilini tədris etmək, yeni nəslə dilimizi öyrətmək çox vaxt aparacaq. Gərək dövlət başa düşsün ki, dili sıxışdırıb qırağa qoymaq olmaz. Regionlarda müxtəlif yerli dillər var ki, bu dillər xalqların milli sərvətidir”.
Ayaçço şəhərinin mərkəzində yerləşən suvenirlər mağazasının sahibi İvan Pato isə bildirib ki, ada siyasətçiləri çox düzgün siyasət aparırlar, Korsikaya muxtariyyət verilməlidir:
“Mən gənc yaşlarımdan milli kimliyimizin qorunub yaşadılması üçün mübarizəyə qoşulmuşam. Bu gün korsikalı siyasətçilər çox düzgün siyasət aparırlar. Onlar Korsikaya muxtariyyət verilməsi tələbini irəli sürüblər. Mən onların bu tələbini alqışlayıram və bu istiqamətdə aparılan istər kollektiv tədbirləri, istərsə də şəxsi təşəbbüsləri dəstəkləyirəm. Dilimizin yaşaması, yerli mühitin qorunması, tarazlı iqtisadi inkişafımıza xidmət edən tədbirlərin hamısını dəstəkləyirəm”.
İ.Pato hesab edir ki, istər vergi, istər iqtisadi, istərsə də kənd təsərrüfatı və digər sahələrdə yerli səviyyədə qərarlar qəbul edilməlidir:
“Bu məqsədlə də yerli hakimiyyət gücləndirilməlidir. Ümumiyyətlə, Korsika icması üçün yerli qanunverici orqanın səlahiyyəti artırılmalıdır”.
Qeyd edək ki, Fransanın Korsika adasında Korsika dilinin istifadəsi qadağan olunub. BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varenn bu məsələ ilə bağlı bəyanatla çıxış edib:
“Korsikada yalnız fransız dilinin istifadəsinə icazə ayrı-seçkilikdir və beynəlxalq hüququn pozulmasıdır. Belə ki, ingilis dili dövlət universitetlərində istifadə olunduğu halda, Korsika dili qadağan edilib”, – BMT-nin rəsmisi vurğulayıb.