“Bastiya Şəhər Məhkəməsinin dövlət vəzifələrini yerinə yetirərkən Korsika dilinin istifadəsini qadağan edən qərarı, güman ki, Korsika xalqını öz dillərində daha tez-tez danışmağa və ya hətta bu dili daha dərindən öyrənməyə təşviq edəcək”.
Bunu “Report”a açıqlamasında italiyalı politoloq, geopolitica.info saytının baş analitiki Salvatore Santancelo deyib.
“Bu qadağaya əsasən, Korsikada yaşayan siyasətçilər debatlar zamanı yalnız fransız dilindən istifadə etməlidirlər. Bəs bunu həyata keçirmək mümkündürmü? Məncə, yox. Bu qadağanı riskli hesab edirəm, çünki Korsika millətçiləri mərkəzi hökumətə qarşı mübarizə aparmaq üçün bundan istifadə edə bilərlər və edəcəklər”, – o vurğulayıb.
Onun sözlərinə görə, korsikalılar bundan sonra da Korsika dilində danışacaqlar və bu qadağa onların milli kimliyinə təsir etməyəcək, çünki bu, yalnız siyasətçilər arasında daxili və institutlararası ünsiyyətə aiddir:
“Fransa neokommunist, o cümlədən necə mübarizə aparacağını bilmədiyi “həmişəyaşıl” Korsika millətçiliyindən tutmuş nisbətən yeni bayağı separatizmə qədər müxtəlif tendensiyalarla üzləşir”.
Politoloq Fransanın mərkəzləşdirmə siyasəti yürütdüyünü bildirib.